Ağasəlim Mircavadov: "Heç kim çıxıb deməməlidi ki, milliyə çağırılmalıyam" - MÜSAHİBƏ

Sportarena.az      7 Mart 2018, 16:49

Azərbaycanın əməkdar məşqçisi və Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Sportarena.az saytına müsahibəsi.

 

 

- Martın 9-da Milli komandamız Qətərlə yoxlama görüşündə qüvvəsini sınayacaq. DÇ-2018-in seçmə mərhələsində qarşılaşacağımız Almaniya ilə oyundan öncə bu hazırlığın komandaya nə kimi xeyri ola bilər?
- Baş məşqçi Robert Prosineçki çağırdığı futbolçuların durumunu öyrənəcək. Bunun komanda üçün necə olacağını oyun zamanı görəcəyik. Belə heç nə deyə bilmərik.

 

- Prosineçki sələfi Berti Foqtsdan fərqli olaraq daha az yoxlama oyunları keçirir. Bu, futbolçular arasındakı anlaşmaya mənfi təsir edə bilərmi?
- FİFA təqvimində yoldaşlıq oyunları üçün günlər olub ki, oynamamışıq?

 

- Məsələn, ötən ilin dekabr ayında...
- Dekabrda yoldaşlıq görüşü keçirərlər? Çempionatlar qurtarır, futbolçular yorğun olur. Yoxlama oyunları üçün uyğun vaxt deyil.

 

- Qətər millisini komandamızın gücünü öyrənmək baxımından münasib rəqib görürsüzmü?
- Bu oyun FİFA-nın təqvimdə yoxdu. Belə olan halda  rəqib tapmaq çətindi. Qətər millimiz üçün yaxşı rəqibdir. Bu matç komandaya xeyir verə bilər. Əgər həmin gün FİFA-nın təqvimində olsaydı, daha güclü rəqib tapmaq asan olardı.

 

- Son zamanlar futbol ictimaiyyətinin müzakirə etdiyi mövzulardan biri də "İnter"in futbolçusu Nizami Hacıyevin milli komandaya çağırılmamasıdı...
- Bu, Prosineçkinin seçimidi. Biz ona qarışa bilmərik. Hər məşqçi özünə lazım olan oyunçuları çağırır. Baş məşqçi udanda deyirik əladı. Uduzanda da günahı seçimində axtarırıq. Bu o deməkdi ki, məşqçi seçimlərinə özü cavabdehdi. Yaxşı da olsa, pis də olsa, özü cavab verəcək. Nizami "Xəzər Lənkəran"da mənim rəhbərliyim altımda oynayıb. Yaxşı futbolçudu. Elə bir yaşdadı ki, daima oynamalıdı. Bir-iki oyun yaxşı oynamaqla heç kim çıxıb deməməlidi ki, milliyə çağırılmalıyam Bunu ardıcıl yaxşı oynamaqla, özünü göstərməklə sübut etməlisən. Nizami milliyə çağırılmayıbsa, o demək deyildi ki, onun üzərindən xətt çəkiblər. Bir də gördük ki, Prosineçki onu da milliyə çağırdı.

 

- Təqribən 4 aydı oynamayan Arif Daşdəmirovun milliyə çağırılmasına münasibətiniz necədi?
- Bu məsələyə qarışa bilmərik. Bayaq dediyim ki, məşqçi bütün seçimlərinə özü cavabdehdi.

 

Heybət Məmmədov

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin