"Oyundan oyuna fərq var" - Rəşad Sadıqov - AÇIQLAMA

10:50 10 Mart 2017

Yoxlama oyununda Qətəri səfərdə 2:1 hesabıyla məğlub edən Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, kapitan AFFA-nın saytına açıqlamasında oyunun maraqlı keçdiyini deyib:

 

“Qarşılaşma maraqlı alındı. Hər iki komanda texnikalı oyuna üstünlük verdi. Komandamız Qətər millisinə qarşı yaxşı mübarizə apardı. Rəqibin də qol vurmaq üçün imkanları oldu. Qarşıdan Almaniya yığması ilə rəsmi oyun gəlir. Psixoloji baxımdan komandamıza müsbət təsiri olsun deyə, qələbə qazanmaq istəyirdik. Çünki məğlub olan zaman komandaya təzyiq də artır. Uşaqlar həm yaxşı oynadılar, həm də uğurlu nəticə qazandıq.

 

Oyundan oyuna fərq var. Demək olmaz ki, Qətər millisini məğlub etməyimiz Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək. Ancaq komandamızın inkişafı üçün bu qələbə az əhəmiyyət kəsb etmirdi. Ümumi götürdükdə, qələbənin faydası olacaq. Baş məşqçi yeni futbolçulara özlərini göstərmək üçün şans verdi. Həm də son rəsmi oyunumuzda böyük hesabla məğlub olmuşduq. Özünəinamı qaytarmaq üçün Qətər yığması üzərində qələbə yaxşı oldu”.


Digər xəbərlər

Xəbər xətti