"Əvvəllər də bu cür hallar olub" - Qurban Qurbanov - MÜSAHİBƏ

22:56 19 Mart 2017

Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Zirə”ylə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

 

Sportarena.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib.

 

“Çox maraqlı oyun oldu. Görüşün daha da baxımlı olması üçün sadəcə qol çatışmadı. Hər iki komandada istək var idi. “Zirə”yə gələcək matçlarda uğurlar arzulayıram. Son vaxtlar bu komanda fərqli sistemdə çıxış edir. Öz oyunçularımdan razı qaldım. Komanda yeni-yeni ritmini tutmağa başlamışdı. Ancaq təəssüf ki, fasilə yaranacaq. Lakin bunu da başa düşürəm. Milliyə Almaniya qarşısında uğurlar arzulayıram. İrəlidə bizi gərgin oyunlar gözləyir”.

 

- Fasilə müddətində sınaq oyunu keçirməyi planlaşdırırsız?

- Heyətimizin yarıdan çoxu əlimizdə olmayacaq. Ancaq ola bilsin, əvəzedici heyətdən bir neçə oyunçu cəlb edib yoxlama oyununda qüvvəmizi sınayaq.

 

- Sizcə, “Qarabağ”dan milliyə çağırılan oyunçular Almaniya ilə oyuna nə dərəcədə hazırdı. Əfran İsmayılovun durumu sizi razı salır?

- Əfran pis oynamadı. Son 10 dəqiqəni çıxmaq şərtilə onun oyunundan razı qaldım. Digər milliyə çağırılan oyunçuların da vəziyyətindən razıyam.

 

- Matçın son dəqiqələrində “Qarabağ” böyük qüvvəylə irəli atılırdı...

- “Zirə” müdafiədə çox yaxşı oynayırdı. Rəqib 10 nəfərlə qaldıqdan sonra daha səliqəli müdafiə olundu. Məhz buna görə, hücumda futbolçuların sayını artırdıq.

 

- Bu oyuna çıxanda “Qəbələ”nin xal itirdiyini bilirdiniz. Bu və "Zirə"ylə bağlı yaxınlıq söz-söhbəti komandanın oyununa nə dərəcədə təsir etdi?

- “Zirə” “Qarabağ” yaxınlığına görə sübut olunası heç nə yoxdu. Biz meydanda rəqibik. Bizdən də yaxın komandalar olub. Sadəcə, biz heç vaxt bu məsələlərə münasibət bildirməmişik, qabartmamışıq. Bu sözlərə fikir vermirik, başımız ucadı. “Qəbələ”nin xal itkisiylə bağlı olduğunu da düşünmürəm. Əvvəllər də bu cür hallar olub. Biz peşəkarıq. Çıxıb oyunumuzu oynayırıq. Bəlkə də, çox kiçik, məsələn 5 faiz təsiri olub. Ancaq ümumi götürsək, biz rəqibə görə oyunumuzu qurmuruq.


Digər xəbərlər

Xəbər xətti