"Hər xal qızıla bərabərdi" - Ayxan Abbasov - MÜSAHİBƏ

23:04 19 Mart 2017

Azərbaycan Premyer Liqasının 23-cü turunda evdə “Qarabağ”la heç-heçə edən (0:0) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib.

 

“Qarabağ” çempionatın lideridi. Bu komandaya qarşı oynamaq çətindi. Ancaq oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Bu gün Zirədə tamamilə başqa atmosfer var idi. Biz də istəyirik ev oyunlarımızda stadion tamamilə dolsun. Qarşıda çətin oyunlarımız var. Bundan sonra həmin qarşılaşmalara hazırlaşacağıq”.

 

- Komanda daha əzmkar görünürdü. Bu nə ilə bağlıdı?

- Əvvəl də demişəm ki, çempionat sona yaxınlaşdıqca oyunlar daha gərgin keçəcək. “Neftçi”yə qalib gəlsək də, “Kəpəz”ə məğlub olmuşduq. Hər xal qızıla bərabərdi. Bizdə qış fasiləsindən sonra hər oyunda istək var. Düzdü, həmişə komandadan istədiyimizi ala bilmirik.

 

- Sistemdə dəyişiklik etmişdiz. Bu, təkcə “Qarabağ”la oyun üçün idi, yoxsa gələcəkdə də bu cür dəyişikliklər olacaq?

- Hər məşqçinin futbola fərqli baxışı var. Bəzi məşqçilər var ki, hər rəqibə qarşı eyni taktikadan istifadə edirlər. Bu oyunda rəqibə sürpriz etmək istədik. Qarşıdakı matçlarda da sistemi dəyişə bilərik. Əsas odu ki, bu seçimdə yanılmadıq.

 

- Artıq neçənci dəfədi “Zirə”nin oyunçuları meydanda mübahisə edirlər...

- Oyun vaxtı belə şeylər olur. Ancaq bu, mübahisə deyil. Məncə, birinci dəfə idi.

 

- Növbəti turda sizi “Qəbələ”ylə oyun gözləyir...

- Bizim üçün adi oyundu. “Qəbələ” liderlərdən biridi. Çətin olacaq. Ancaq çalışacağıq ki, xal götürək.

 

- Millinin oyunlarıyla bağlı 10 günlük fasilə olacaq. Bu, komandaya necə təsir edəcək?

- Bu, bütün dünyada var. Əksinə, “Qəbələ” ilə vacib oyun öncəsi bu cür fasilənin olması yaxşıdı.


Xəbər xətti