Bezotosnı “Qəbələ”nin tarixinə düşdü

11:28 20 Mart 2017

Azərbaycan Premyer Liqasının 23-cü turu “Qəbələ”də iki əlamətdar hadisə ilə diqqət çəkib. 
 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, AZAL-la səfər qarşılaşması (1:1) “qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnı üçün yubiley oyunu olub.



Ukraynalı qolkiper “Qəbələ”nin heyətində 100-cü matçını keçirib. 2015-ci ilin yanvarından “Qəbələ”də çıxış edən Bezotosnı çempionatda 66, avrokuboklarda 26, ölkə kubokunda 8 matç keçirib. Bu müddətdə 76 qol buraxan legioner klub tarixində 100 və daha çox oyun keçirən 6-cı futbolçu olub. Onadək Dodo, Ürfan Abbasov, Viktor Mendi, Samir Zərgərov və Rafael Santos bunu bacarmışdı. Dmitri 100-cü matça çıxmaqla “Qəbələ”də ən çox matç keçirən qapıçı ünvanına da yiyələnib. AZAL-la görüşədək Bezotosnı Pavel Doroşevlə eyni sayda – 99 oyun keçirmişdi.


AZAL-la oyunda “Qəbələ”nin yeganə qoluna imza atan Tellur Mütəllimov da klubun tarixinə düşüb. Müdafiəçi komandanın Premyer Liqada 400-cü qoluna imza atıb. Bu matçadək “qırmızı-qaralar” ölkə çempionatının yüksək dəstəsində 399 dəfə fərqlənmişdi. 400-cü qol 331-ci matça təsadüf edib. Bu qollardan 212-si evdə, 188-i səfərdə vurulub.


Xəbər xətti