Maşallah Əhmədov yenidən məhkəmə qarşısında

18:45 28 Mart 2017

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə davam edib.

 

Sportarena.az xəbər verir ki, iclasda zərərçəkmiş şəxs Yusif Əzizov yeni vəkillə müqavilə bağladığını deyib. Həmin vəkil isə cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Buna görə iclas aprelin 4-dək təxirə salınıb.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 2015-ci il dekabrın 14-də Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon məhkəməsi Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.


Xəbər xətti