Şahin Diniyev: "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasıyla bu inkişaf dayandı" - LAYİHƏ

19:17 28 Mart 2017

"Sportarena.az" saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Cənub bölgəsində uşaq futbolunun son durumu, problemlər və onların həlli yolları" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində doqquzuncu yazımızda ölkə futbolunda öz dəsti-xətti ilə seçilən, eyni zamanda, əslən Cənub zonasının gözəl rayonlarından biri olan Yardımlıdan olan Şahin Diniyevlə söhbətləşdik. Hazırda "Kəpəz"də çalışan Diniyevlə cənub bölgəsində uşaq futbolunun hazırkı vəziyyəti, problemlərdən danışdıq. Eyni zamanda, hazırkı vəziyyətdən çıxış yollarını müzakirə etdik.

 

- Şahin Diniyevi cənub zonasına nə bağlayır?
- Azərbaycanın cənubunda yerləşən Yardımlı mənim ana-ata vətənimdi. Valideynlərim Yardımlı rayonunun Tələvar kəndində dünyaya gəliblər, köküm oradandı. Məni cənuba bağlayan məhz bu amildi. Hazırda orada qohumlarım da yaşayır. Mən özüm isə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində doğulmuşam.

 

- Şahin bəy, cənub zonasından çox sayda futbolçu yetişib. Onların bir çoxu ilə bir yerdə oynamısız. Həmin futbolçular bu gün də unudulmurlar. Amma elə bir dövr oldu ki, cənub futbolunun məhsulları azalmağa başladı. Bunu nə ilə əlaqələndirirsiz?
- Cənub futbolunun tarixi uzaq dövrlərə gedir. SSRİ dövründə belə cənub zonasından klublar olub. "Xəzər Lənkəran" ikinci dəstədə uğurlu şəkildə çıxış edirdi. "Neftçi"də çıxış edənlər və ehtiyatda qalanlar, eyni zamanda, ölkənin üzdə olan futbolçuları orada oynayırdı. Klub yaxşı məşqçi heyətinə və azarkeşlərə sahib idi. Azarkeşlərdən söz düşmüşkən, onlar haqqında danışmamaq mümkün deyil. Cənub zonasında futbolla yaşayan, bu idman növünü başa düşən insanların sayı çoxdu.  Sovet dövrü başa çatdıqdan sonra cənub futbolunda durğunluq başladı. Bununla belə, Cəlilabadda, Biləsuvarda və başqa bölgələrdə klublar fəaliyyət göstərirdi. Həmin klubların sayı bir yox, bir neçə idi. İllər sonra birdən-birə "Xəzər Lənkəran" gəldi. Bu klubun gəlişi sevindirici idi. Mübariz Mənsimov şəxsi hesabına ölkə daxilində iddialı olan, avrokuboklarda çıxış edən, azarkeşlərin sevimlisinə çevrilən bir klub yaratdı. Orada eyni zamanda, gözəl infrastruktur quruldu. Beləcə cənubda futbola olan həvəs yenidən qaynaqlandı. Bununla əlaqədar olaraq,uşaq futboluna da yeni nəfəs gəldi. Artıq uşaqlarda futbola qarşı xüsusi sevgi, həvəs yarandı. Eyni zamanda, artıq cənub zonasında yaşayan uşaqların futbolla məşğul olmaq, asudə vaxtlarını səmərəli keçirmək üçün şərait yaranmışdı. Yavaş-yavaş hər şey öz yerini tapdı. İllər ötdü və orada yetişən futbolçuların milli komandalara cəlb edilməsi başlandı. Təəssüflər olsun ki, klubun sahibinin maliyyəni geri çəkməsindən sonra cənub zonasının gözəl günləri arxada qaldı. Dünyada maliyyə böhranının yaşandığı bir vaxtda bir şəxsdən maliyyələşən klubun fəaliyyətini dayandırması gözlənilən idi. İndi demək olar ki, cənub futbolu çöküb. Düzdü, fərdi şəxslər var ki, öz hesabına nəsə etməyə çalışırlar. Amma onların etdiklərinin də effekti alınmır. AFFA-nın da dəstəyi var. Bir neçə rayonda uşaq futbolunu yaşatmağa çalışırlar. Onlar AFFA-nın təşkil etdiyi regional yarışlarda da çıxış edirlər. Amma necə çıxış edirlər, bu sual altındadı. Böyük sıçrayış görünmür. Orada futbolla məşğul olmaq üçün şərait yoxdur. Ən acınacaqlı məqam isə cənub zonasından ən azı bir klubun nə Premyer Liqada, nə Birinci divizionda olmamasıdı. Bu amil futbolla bağlı bütün yolları bağlayır.

 

- Cənub futbolu ötən əsrin 90-cı illərində Nazim Süleymanov, Arif Əsədov kimi futbolçuları yetişdirdi. İllər ötüb onların yerini doldura biləcək oyunçular demək olar ki yoxdu...
- Siyahıya Fazil Əsədovu, Qəhrəman Əliyevi, Seyran Əliyevi də əlavə etmək olar. Həmin dövrdə yaxşı şərait vardı. Futbolçuların axını, inkişaf, klub vardı. Sonradan şəraitsizlik hökm sürdü. Bununla da futbolçu axını dayandı. "Xəzər Lənkəran" Premyer Liqada çıxış edən iddialı, eyni zamanda, güclü legionerlərin və yaxşı yerli futbolçuların çıxış etdiyi klub idi. Bununla belə, orada gənc futbolçular yetişirdi. Oradan U-15, U-17, U-19 milliyə cəlb edilən oyunçular vardı. "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasıyla bu inkişaf dayandı, həmin futbolçular itməyə başladı. Bu klub fəaliyyətdə olduğu dönəmdə çox sayda keyfiyyətli futbolçular yetişdi. Elvin Mirzəyev, Kazım Kazımlı, Elnur Cəfərov, Kamran Abdullazadə, Orxan Sadıqlı, Elşən Rzazadə, İbrahim Qədirli, İlyas Səfərzadə və başqa futbolçular bu klubun yetirməsidi. İndi onlar müxtəlif klublarda çıxış edirlər. Bəziləri milli komandaya cəlb olunur. Elşən Rzazadə əsas millinin heyətində meydana çıxsa da, sonrada karyerasında eniş yaşandı. Təəssüf ki, Birinci diviziona qədər endi. Halbuki böyük ümidlərlə "Neftçi"yə transfer edilmişdi. Onların əsas komandada oynaması çox gözəl məqam idi. Əgər klub fəaliyyətini dayandırmasaydı, həmin oyunçular daha da püxtələşəcəkdilər. Onların sayı bəlkə də daha çox olacaqdı. İndi həmin futbolçuların hərəsi bir yerdə öz xoşbəxtliklərini axtarırlar. Halbuki bir yerdə olsaydılar,onlar üçün daha yaxşı olardı. Eyni zamanda, bu futbolçulardan ibarət yaxşı bir komanda qurmaq olardı. Görün cənub zonasından hazırda nə qədər futbolçu var. Onlar "Xəzər Lənkəran"ın yetirməsi olsalar da, hamısı təkcə Lənkərandan deyildi. Masallıdan, Cəlilabaddan, Astaradan, Yardımlı olanı da vardı. Bu gün orada klubun olmaması cənub zonasında futbolun "ölməsi" deməkdi.

 

- Sizə elə gəlmir ki, "Xəzər Lənkəran" öz yetirmələrindən istifadə etmək baxımından gecikmişdi. Məşqçilər heyəti bu futbolçuları öncədən meydana buraxıb, daha tez yetişmələrinə nail ola bilərdilər?
- Bu futbolçular artıq yetişmişdi. Amma öncədən onlara güclü futbolçuların yanında şans vermək də olardı.Yaş limiti ilə əlaqədar bəzi futbolçular çıxış edirdi. Hər dəfə bir neçə futbolçunu meydana buraxmaqla onların daha tez inkişaf etməsinə nail olmaq mümkün idi. Belə olan halda həmin oyunçuların sayı da çox olardı. Amma klubun son illərdəki bu siyasəti bir neçə il davam etsəydi, oradan əsas milli komandaya bir neçə futbolçu çağırıla bilərdi.

 

 

- Dünya praktikasında da belə bir şey var. Bir sıra klublar futbolçu potensialı böyük olan zonalarda akademiyalarını yaradırlar. Belə bir şeyi Azərbaycan klubları edə bilərlərmi? Misal olaraq cənub zonasından olan futbolçular itməsin, eyni zamanda, orada daha çox oyunçu yetişsin?
- Gəlin bu gün illuziya ilə yox, reallıqla danışaq. Bir müddət əvvələ qədər klublarımızın yaxşı vəsaiti vardı. "Qəbələ"nin akademiyası bir neçə rayonda fəaliyyət göstərirdi. Həmçinin, "Bakı" da eyni addımı atmışdı. Bu akademiyalarda çalışan məşqçilər tapdıqları futbolçularla məşğul olub, klublarına qazandırmağa çalışırdılar. Sonradan cənub zonasında "Xəzər Lənkəran" öz akademiyasını yaratdı. Artıq oranın futbolçuları doğma klublarında çıxış etməyə başladılar. Bu gün uşaq futbolunda vəziyyət həddindən artıq çətindi. Misal olaraq çalışdığım "Kəpəz"i göstərə bilərəm. Bu klub uşaq futbolunu çox çətinliklə saxlayır. Mən o uşaqların məşqinə gedib baxa bilmirəm. Kiçik meydançada neçə uşaq məşq etmək məcburiyətindədi. Amma Gəncədə futbolu çox sevirlər. Ona görə də çətin vəziyyətdə olsalar belə futbolçu yetişdirə bilirlər. Belə bölgələrimiz də var. Cənub zonasında da eyni vəziyyətdi. Siz dediyiniz variantı eləmək olar. Bu, çox gözəl bir şeydi. Amma bu gün üçün bunu reallaşdırmaq çox çətindi. Hər şey maliyyədən asılıdı. Əvvəllər olub, bəzi futbolçular elə kəşf edilib.

 

- Bəlkə də elə futbolçular var ki, onların cənub zonasından olduğu bizə məlum deyil...
- Əlbəttə, "Qəbələ"nin futbol akademiyasına gedib baxsaq, həmin vaxtlardan nə qədər cənublu uşağın olduğunu görə bilərik. "Bakı" da kifayət qədər futbolçu yetişdirib. Bəlkə də onlardan bir neçəsi elə cənub zonasındandı. Ola bilsin ki, biz bu barədə məlumatsızıq.

 

- İndiki vəziyyətdə böyük keçmişə və bir o qədər də böyük potensiala sahib olan cənub zonasında futbol ölməsin deyə nə etmək olar? AFFA-bu işi üzərinə götürə bilər?
- AFFA əlindən gələn hər şeyi edir. Regional yarışların keçirilməsi bu yöndə atılan önəmli addımlardan biridi. Hər şey klublardan asılıdı. Cənubda növbəti dəfə klub axını olmalıdı. Klubların fəaliyyəti bərpa edilərsə, uşaq futbolu da dirçələ bilər. AFFA sadəcə kütləviliyi saxlaya bilər. Amma digər işlər - maddi-texniki baza, infrastruktur və digər şeylər klublar tərəfindən yaradıla bilər. Bu işlərin hamısı klubların üzərinə düşür. Federasiya bu qədər yükü daşıya bilməz. AFFA-nın yaxşı təşəbbüsləri var. Keçirilən çempionatlar kütləvilikdi. Professionallıq isə klubların olmasıdı. Professionallığa keçid tezliklə olmasa, kütləvilik də gec-tez dayana bilər. Bizə məhz bu keçid lazımdı ki, hər şey yaxşılığa doğru getsin. Bu mərhələni keçə bilməsək, itkilərimiz çox olacaq.

 

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti