"Hesab hələ heç nə demək deyil" - Qurban Qurbanov - MÜSAHİBƏ

22:37 30 Mart 2017

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Neftçi”yə 2:0 hesabı ilə qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

 

- Maraqlı oyun alındı. Bu stadionda çox yaxşı atmosfer olur. “Neftçi” və “Qarabağ”ın azarkeşləri qarşısında çox xoş idi. Qalib gəldik. Amma “Neftçi” sona kimi mübarizə apardı. Hesabda dəyişiklik etməyə çalışdı. Bizim üçün çox təhlükəli rəqibdi. Çempionatda onlarla oyun bizə ağır olmuşdu. Bu gün qeydə alınan hesab hələ heç nə demək deyil. Cavab matçına da yaxşı hazırlaşmalıyıq. Hər iki komanda baxımlı, mübariz oyun göstərdi.

 

- Qara Qarayevi sağ cinah müdafiəçisi mövqeyində oynatdınız. Bununla bağlı nə deyə bilərsiz?
- Qara təcrübəli oyunçudu. Müdafiəçi çatışmazlığımız var idi. O, əvvəl müdafiəçi kimi çıxış edib. “Qarabağ”a gələndən sonra mövqeyini dəyişdik. Çempionatdan əvvəl hazırlıq müddətində Qaranı bir neçə mövqedə sınamışdıq.

 

- “Neftçi”nin sona qədər mübarizə apardığını dediniz. Bəs “Qarabağ”la bacarmamasının səbəbi nə idi? Komandalar arasında səviyyə fərqi bu qədər çoxdu?
- “Neftçi”nin futbolçuları oyunun sonlarında 3 təhlükəli zərbə vurdular. Ola bilər ki, bu epizodlarda bəxtləri gətirmədi. Bizə sona kimi problem yaşatdılar. Məğlub olmağı sevmirlər. Ayrı-ayrılıqda “Neftçi”nin heç bir futbolçusu bu görüşdə məğlub olmadı, ruhdan düşmədilər. Bizimlə oyuna həddindən artıq yaxşı köklənmişdilər. Kubokun qalibi olmaq istəyirlər. Cavab matçında da işimiz asan olmayacaq.


Digər xəbərlər

Xəbər xətti