"Final mərhələsinə vəsiqə qazana bilməyəcəyik" - Millimizin baş məşqçisi - AÇIQLAMA

10:05 31 Mart 2017

Bu gün futzal üzrə Azərbaycan yığması yoldaşlıq oyununda Bakıda Moldova yığmasını 3:2 hesabıyla məğlub edib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra hər iki yığmanın baş məşqçisi matçla bağlı fikirlərini bildiriblər: 

 

Biro Jade (Azərbaycan milli komandasının baş məşqçisi): “İki fərqli oyun keçirdik. İlk oyunla müqayisədə ikinci matça konsantrasiya ola bilmədik. Paltardəyişmə otağında, eləcə də matçdan əvvəl keçirilən isinmə hərəkətləri zamanı uşaqların oyuna köklənə bilmədiyini müşahidə etdim. Anladım ki, bizim üçün çətin bir oyun olacaq. Təbii ki, Avropa çempionatının əsas mərhələsi zamanı da bu cür oyun nümayiş etdirsək, final mərhələsinə vəsiqə qazana bilməyəcəyik.

Müəyyən epizodlar oldu ki, razı qaldım. Birinci hissədə 5-in 4-ə oynadıq və 3 real qol epizodu yaratdıq. Ancaq heyətə cəlb etdiyim oyunçuların hamısına şans verməli idim, buna görə də 4-ün 4-ə oynamağa başladıq. Vəziyyət elə alındı sərəncamımda olan oyunçuların hamısını meydana buraxa bilmədim. Standart vəziyyətlərdən istifadəyə gəldikdə, ilk oyunla müqayisədə bu dəfə daha düzgün oynamağa çalışdıq. Təəssüflənirəm ki, epizodlardan istifadə faizi aşağı oldu”. 

 

Vladimir Vusati (Moldova milli komandasının baş məşqçisi): “Uzun müddət böyük futbolda çalışmışam, PRO kateqoriyalı məşqçiyəm. Azərbaycanda dostlarım çoxdu. Rəhmətlik Əhməd Ələsgərov müəllimim olub. Ondan çox şey öyrənmişəm. O, həm də Moldova futbolunun əfsanəsi hesab edilirdi. Ağasəlim Mircavadov, Vaqif Sadıqovla tez-tez əlaqə saxlayıram.

Moldova ilə Azərbaycan futzalında fərqli ab-hava var. Bizim çempionatın səviyyəsi yüksək deyil. Klublarımız çempionat oyunları zamanı həftədə cəmi 2 dəfə məşq edirlər. Millinin toplanış olan zaman isə heç bir klubumuz məşq keçmir. Oyuna gəldikdə, bu gün daha yaxşı oynadıq. Amma komandanızın heyətində fərdi keyfiyyətlərinə görə seçilən futzalçılar çoxdu və bu da oyunun taleyini həll edir. Bizim yeganə motivasiyamız istəkli olmağımızdı. Sonda qonaqpərvərliyə və isti qarşılanmaya, eləcə də yaradılan şəraitə görə təşəkkürümü bildirirəm”.


Xəbər xətti