“Neftçi”nin məclisində erməniyə badə qaldırıb, zəng etməyə çalışdılar - AÇIQLAMA

14:50 31 Mart 2017

Martın 30-da “Neftçi” 80 illik yubileyini qeyd etdi. Bir sıra tədbirlər keçirən “ağ-qaralar” Bakı Əyləncə Mərkəzində qonaqlıq da təşkil edib.

 

Sportarena.az xəbər verir ki, qonaqlıqda iştirak edən azərbaycanlı mütəxəssislərdən birinin Komanda.az-a verdiyi məlumata görə, yeyib-içmək məclisində qıcıq doğuran məqam da yaşanıb. Belə ki, tədbirdə “Neftçi”nin sabiq futbolçusu, erməni Eduard Markarovun da şərəfinə tost deyilib, badə qaldırılıb. Hətta Markarovla telefon əlaqəsi yaratmağa, onun məclisdəkilərlə canlı ünsiyyət qurmasına da cəhd göstərilib. Amma telefon bağlantısı mümkün olmayıb.

 

Həmkarlarımız məsələyə “Neftçi” tərəfinin də münasibətini öyrənib. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov bunları deyib:

 

“Markarovun “Neftçi” tarixində yerini danmaq olmaz. O ki qaldı komanda yoldaşlarının onun şərəfinə badə qaldırmasına, bu haqda xəbərim yoxdu. Gəlin araşdıraq və həmin veteranı birgə vətən xaini elan edək. Mütləq edək (gülür). Telefon əlaqəsi isə yaradılmayıb”.


Xəbər xətti