"Bu bizim alın yazımızdı" - Tərlan Əhmədov - AÇIQLAMA

20:26 2 Aprel 2017

Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzan AZAL bununla da, Premyer Liqa ilə vidalaşmalı olub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov matçla bağlı fikirlərini bildirib:

 

“Bir neçə təhlükəli vəziyyət yaratdıq. Buna baxmayaraq, ələ düşən imkanlardan yararlana bilmədik. İlk buraxdığımız qol üzərində məşqlərdə çox işləmişdik və uşaqlara tapşırmışdım ki, diqqətli olsunlar. Amma yenə də topu qapımızdan çıxarmalı olduq. İkinci qolda da yenə diqqətsizlik... Yaxşı oynadıq, ancaq təəssüf ki, məğlub olduq.

Nə edəcəyimizi mən də bilmirəm. Həyat davam edir. Hələ ki, qarşıda 4 oyun var. Komandanın oyununda yüksəliş olsa da, hər oyun uduzuruq. Görünür, bu bizim alın yazımızdı. Sonuncu yerdə olmamalı idik, ancaq sondayıq. Bu, bizdən asılı olmayan səbəblərdi. Obyektiv insan başa düşər ki, biz bu yerdə olmamalı idik.

Federasiyasının növbəti mövsüm üçün düşündüyü reqlamentdən xəbərim yoxdu. Növbəti mövsüm Premyer Liqada qalsaq belə, ayrılacaq maliyyə vəsaitindən, şəraitdən çox şey asılıdı. İndiki kimi olsa, heç işləməyə dəyməz.

Aşağı dəstəyə düşsək belə, büdcə ayrılsa, Premyer Liqaya dönməyi vəzifə kimi qoysalar, onda işləyərəm. İndiki vəziyyətdə isə işləmərəm”.


Digər xəbərlər

Xəbər xətti