Vüqar Həşimov Memorialında bu dəfə kimlər iştirak edəcək? - Siyahı dəqiqləşdi

16:31 3 Aprel 2017

Vüqar Həşimovun xatirə superturnirinə qatılacaq şahmatçıların adları dəqiqləşib

Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq superturnirə qatılacaq şahmatçıların adları dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə baş tutacaq Vüqar Həşimov Memorialında bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster mübarizə aparacaq.

 

Superturnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ilə yanaşı Uesli So (ABŞ), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Radoslav Voytaşek (Polşa), eləcə də Veselin Topalov (Bolqarıstan) iştirak edəcək.

 

XXI kateqoriyalı superturnirin reytinq favoriti ABŞ təmsilçisi Uesli So olacaq. Qrossmeyster hazırda Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2822 xalla 2-ci pillədə qərarlaşıb.

 

Turnirin təntənəli açılış mərasimi aprelin 20-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 30-da yekun vurulacaq.

 

Qeyd edək ki, 2014 və 2015-ci illərdə dünya çempionu Maqnus Karlsen (Norveç) yarışın qalibi olub. Ötənilki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.


Xəbər xətti