“Oyundan və nəticədən razıyıq" - Qriqorçuk - AÇIQLAMA

21:14 5 Aprel 2017

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda "İnter"ə 2:0 hesabıyla qalib gələrək finala adlayan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis oyundan və nəticədən razı qaldığını deyib:

 

“Oyundan və nəticədən razıyıq. Qalib gəldik və finala yüksəldik. Hər şey yaxşıdı. İlk oyundakı 3:1 hesablı qələbəyə əsasən, finala çıxdığımızı söyləmək olmazdı. Biz öncədən bu haqda danışa bilməzdik. “İnter” yaxşı komanda, ciddi və peşəkar rəqibdi. Ona görə də qarşılaşmaya ciddi hazırlaşmışdıq. “İnter”ə hörmətlə yanaşıram. Biz sıx qrafiklə oynayırıq. Bu səbəbdən də meydana funksional baxımdan daha yaxşı olan, digərləri ilə müqayisədə az çıxış edənləri buraxmışdıq. Hücumda fərqli oyunçulara şans verə bilərik. Onların durumunu, tələblərimizi yerinə yetirməsini nəzərə alırıq. 

 

Baqali Dabo uzun müddət buraxdığından tam hazır deyil. Daniel Subotiçin isə sistemimizə uyğun gəlməsi üçün vaxt lazımdı. Ümumilikdə isə ən hazırlıqlıları meydana buraxmaq prinsipimiz dəyişməyib. Bugünkü matçda bir sıra müsbət məqamlar gördüm. “Zirə” ilə ötən qarşılaşmamız isə 2 il yarım ərzində keçirdiyimiz ən yaxşı oyunlarımızdan biri idi. Lakin yaratdığımız imkanlardan qol vura və qalib gələ bilmədik. Amma oyun planında ideala yaxın məqamlar da izlədim. Teo Uiks bizə gələndə daha hücumameylli idi. Mən onu öz sistemimizdə dayaq yarımmüdafiəçisi kimi görürəm. Uiks buna uyğun çox şey bacarsa da, üzərində bir az da çalışmalıdı. Rəşad Eyubovun bugünkü oyununu pis adlandırmazdım. Sadəcə bacardığını etsə kifayətdi və artıq nə isə fikirləşməyə ehtiyac yoxdu. Aprelin 9-da “Qarabağ”la keçirəcəyimiz matç adi gün deyil. Bir-iki matçı saymasaq, “Qarabağ”la bütün görüşlərimiz ciddi oyun, çempionatın bəzəyi olub.Yenə belə olacaq qarşılaşmada qələbə qazanmağımızı istərdim”. 


Digər xəbərlər

Xəbər xətti