"Forza Neftçi"dən Elxan Abdullayevə cavab gəldi - "Qasımov kimi sizi də göndərəcəyik"

10:45 6 Aprel 2017

Dünən ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində səfərdə “Qarabağ”la qolsuz bərabərə qalan “Neftçi” yarışla vidalaşdı. Amma matçla bağlı əsas yaddaqalan hadisə qarşılaşmadan sonra baş tutan mətbuat konfransında yaşandı.
 
 
Sportarena.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev onu istefaya səsləyən ”Forza Neftçi” fan-klubunun üzvlərini azarkeş saymadığını bildirdi, onları "xuliqan dəstəsi" adlandırdı. Sözügedən azarkeş qrupu məsələyə rəsmi “Facebook” səhifəsində münasibət bildirib:
 
 
“Bizi azarkeş hesab etməyən çox hörmətli Elxan müəllim başda olmaqla, 80 illik bir tarixi olan, Azərbaycan futbolu deyəndə ağıla ilk gələn klubun bu halda olmağında əməyi keçən hər bir kəsə “Forza Neftçi” Azad Azarkeş Qrupunun adından, daha doğrusu, ömrünü “Neftçi”yə həsr etmiş “qeyri-azarkeşlər”in adından..." cümləsi ilə başlayan bəyanat/açıqlamada ilk cavab verilib:
 
 
"Elxan müəllim, bu həmin “Forza Neftçi”di ki, 2009-cu ildə fəaliyyətə 7 nəfərlə başlamışdı. Amma çox qısa bir müddətə artıq ölkədə lider azarkeş qrupuna çevrildi. Vaxt olub, soyuq havada səfərdən gəlib, metronun açılmağını soyuq keçidlərdə yataraq gözləmişik. Bu həmin o uşaqlardı ki, bəyənmədiyiniz, azarkeş saymadığınız o uşaqlar hazırda ardıcıl 5-6 qələbədən sonra peyda olan “Neftçi “azarkeş”lərindən fərqli, yağış, qar, isti, soyuq demədən ürəklərində olan “Neftçi” sevgisilə, ac-yalavac komandanın izi ilə gediblər. Bu o “Forza Neftçi”di ki, səfərə gedəndə çörəklərini, sularını bölüşüblər. Siz isti avtobusunuzda, otaqlarınızda oturub kefinizi çəkəndə biz soyuq depolarda kareografiyalarımızı çəkib, bannerlərimizi yazmışıq. Qəbələdən Bakıda 8 top buraxanda da yanında olmuşuq komandanın, “Dalğa Arena”da AZAL-a məğlub olanda da və indi də yanındayıq, bundan sonra da yanında olacağıq. Həmin o Vəli Qasımov iyulun 22-si “Neftçi” “Şkendiya” səfərindən uğursuzluqla qayıtdıqdan sonra ona etirazını bildirməyə gələn və istefaya səsləyən azarkeşlərə “siz yaxşı azarkeş deyilsiz” dedi. Vəli Qasımov hazırda yoxdu, amma “Forza Neftçi” daha da böyüyüb və Azərbaycan tribunasının ağasına çevrilib. Siz də onun buraxdığı səhvi buraxdınız. Qasımovu komandadan göndərdiyimiz kimi sizi də göndərəcəyik, biz isə aid olduğumuz yerlərdə - tribunalarda qalacağıq”.


Digər xəbərlər

Xəbər xətti