“İnter”in sabiq prezidenti Azərbaycanı tərk etdi - AÇIQLAMA

12:08 8 Aprel 2017

 

Bakının "İnter” futbol klubunun sabiq prezidenti Georgi Nikolov Azərbaycanı tərk edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə bolqarıstanlı futbol funksioneri özü bildirib. Nikolov bildirib ki, martın 7-də Bolqarıstana dönüb. O, Azərbaycana girişinə bir il müddətinə qadağa qoyulduğunu da qeyd edib:

 

"Martın 7-də Bolqarıstana dönmüşəm. Nəhayət ki, Varnada, evimdəyəm, problem həll olundu. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfində ölkəyə girişimə qadağa qoyulub. Səbəb isə son il yarım ərzində Bakıda qanunsuz yaşamağımdır. Halbuku icazəsiz yaşamaqla bağlı problem məndən qaynaqlanmırdı. Beynəlxalq Bankla bağlı araşdırmalar getdiyi üçün Azərbaycan çıxışıma qadağa qoyulmuşdu. Lakin mənə qarşı heç bir ittiham irəli sürülməmişdi. Proses başa çatdı və səbrli davrandığım üçün mənə təşəkkür edib, yola saldılar. Mənə dəstək olan, maraqlanan hər kəsə, xüsusən də media nümayəndələrinə təşəkkür edirəm. Ümid edirəm ki, yenə görüşəcəyik”.

 

"İnter”in sabiq prezidenti bundan sonra futbol sektorunda çalışmaq istəmir. O, şəxsi işini quracağını söyləyib:

 

"Hələlik iş barədə düşünmürəm, istirahət edib, özümə gəlməliyəm. Artıq futbol sektorunda çalışmağa həvəs yoxdur. Amma heç vaxt "heç vaxt” deməmək lazımdır. Şəxsi işimi quracam. Yəqin ki, idmanla bağlı olacaq”.

 

Qeyd edək ki, Georgi Nikolov 2006 - 2015-ci illərdə "İnter” klubunun prezidenti vəzifəsində çalışıb. Komandanın fəxri prezidenti isə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin sabiq rəhbəri Cahangir Hacıyev olub ("Report"). 


Xəbər xətti