"Düzgün seçim etdiyimi düşünürəm" - Roman Qriqorçuk - MÜSAHİBƏ

00:42 10 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Qarabağ”la bərabərə qalan (0:0) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Təəssüf edirəm ki, bu gün qalib gələ bilmədik. Ancaq buna baxmayaraq, komanda verilən tapşırıqları tam yerinə yetirdi. Yolumuza davam edirik. “Qarabağ”a gələn oyunlarda uğurlar arzulayıram.

 

- Qara Qarayev meydana çıxdıqdan sonra Cavid Hüseynov görünmürdü. Olmazdı ki, onu Rasim Ramaldanovla əvəzləyərək, Rəşad Sadiqovu mərkəzə çəkəsiz?
- Belə müzakirələr etsək, vaxt çatmaz. Mən düzgün seçim etdiyimi düşünürəm.

 

- “Qəbələ”nin çempion olub-olmaması sizin klubdakı gələcək taleyinizə nə dərəcədə təsir edəcək?
- Bir ay bunda sonra nə olacağını deyə bilmərik. İndi mənim tək düşündüyüm qalan oyunlarda və kubokun finalında qalib gəlməkdi.

 

- Matçın sonuna kimi bir hücumçuyla oynadız. Olmazdı ki, oyunun sonlarında iki hücumçuya şans verəsiz?
- Biz oyun zamanı 4 hücumçuyla oynadıq. Məncə, bu, kifayət idi.

 

- Sona 3 tur var. “Qəbələ”nin çempionluq şansını nə qədər dəyərləndirirsiz?
- Bunu indidən demək olmaz. Bunlar hamısı tapmacadı. “Qarabağ”ın şansı daha çoxdu. Lakin 3 qələbə 9 xal deməkdi. Yəni hər şey mümkündü.

 

- Bu gün komandada qələbə üçün nə çatmadı?
- Bu gün “Qarabağ” çox yaxşı oynadı. Ümid edirdik ki, sürət hesabına rəqibi üstələyə bilərik. Ancaq rəqib bunun öhdəsindən layiqincə gəldi.

 

- “Qəbələ” bu mövsüm bir çox oyunda xal itirdi. Düşünmək olarmı ki, bu mövsümdə “Qəbələ”nin əsas rəqibi “Qarabağ” yox, elə özü olub?
- Bununla müəyyən qədər razıyam. Bəzi oyunlar var idi ki, orda qalib gəlməmək mümkün deyildi. Lakin həmin oyunlarda heç-heçə etmişik. 10-15 qol vəziyyəti yaratsaq da, bunlardan istifadə edə bilməmişik. Ancaq həmin matçlarda yaxşı oyun sərgiləmişdik.

 

- “Qəbələ” daha çox kubok komandası kimi tanınır. Bu, “Qarabağ”la final oyununda komandaya kömək ola bilər?
- “Qarabağ”ın çempion olmaq şansı daha çoxdu. Çempion olsalar, onlar daha bir titul qazanmaq istəyəcəklər. Bu cəhətdən, məncə, onlar psixoloji cəhətdən daha hazır olacaqlar.

 

- Sizcə, “Qarabağ”ın çempion olmaq şansı daha çoxdu, yoxsa, “Qəbələ”nin kuboku qazanmaq?
- Belə suallardan sonra düşünürəm ki, mənə məşqçilik lisenziyasıyla birlikdə peyğəmbərlik lisenziyası da lazımdı (gülür). Çünki, belə şeyləri əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.


Digər xəbərlər

Xəbər xətti