"Müqaviləm bitsə də..." - Qara Qarayev - MÜSAHİBƏ

03:55 10 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turunda baş tutan “Qarabağ” – “Qəbələ” matçında hesab açılmayıb - 0:0.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun futbolçusu Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb: 


- Bizim üçün gərgin olacağını bilirdik. “Qəbələ”  əvvəlki oyunlarda olduğu kimi, bu gün də yaxşı oynadı. Düşünürəm ki, maraqlı, artmosferli oyun keçdi. Şükürlər olsun ki, məğlub olmadıq. Mövsümün sonunda belə oyunlar olmasının əhəmiyyəti var. Bu oyun artıq bizim üçün başa çatdı.


- Belə bir fikir yaranmışdı ki, “Qarabağ” qələbə qazansa, çempionluğun taleyini böyük ölçüdə həll edəcək. Sən necə düşünürsən?
- Əgər qalib gəlsəydik, xal fərqi 7 olacaqdı. Hər-halda, fikirlərdə doğruluq var ki, çempionluq yoluna böyük addım atmış olacaqdıq. Amma bu gün həmin gərginlik yenə də qaldı və çempionatın sonuna qədər davam edəcək.


- Son 3 turda “Qarabağ”ı “İnter” və “Neftçi” ilə çətin oyunlar gözləyir...
- “İnter” və “Neftçi” bu il bizim üçün çətin komanda olub. “Sumqayıt” isə dördüncü yerə olan şanslarını saxlayır və bizə qarşı daha motivasiyalı olacaqlar. Ümid edirəm ki, bu oyunlarda xal və ya xallar itirməyəcəyik.

 

- Start  heyətdən kənarda qalmağın özün üçün gözlənilməz olmadı?
- Mövsümün sonudu və baş məşqçimizin qərarına hörmətlə yanaşıram. Baş məşqçimiz bizimlə danışır və orqanizmimizi bizdən daha yaxşı bilir. Klubda olan aparatlarla bizim nə qədər qaçdığımızı, nə qədər yorulduğumuzu təyin edə bilirlər. Düşünürəm ki, bu gediş məni qorumaq, hansısa bir sistem dəyişikliyidir və buna normal yanaşıram.

 

- Qara, transfer və müqavilə məsələsi haqda yenilik varmı?
- Hələ ki, müqavilə haqda danışmamışıq. Əgər xarici variant olsa, bundan əvvəl dediyim kimi, getmək haqda düşünürəm. İnşallah klubum da buna qərar verəcək. Çünki klubum məni yetşdirib, boya-başa çatdırıb. Müqaviləm bitsə də, klubumuzun razılığı mənim üçün əsas şərtlərdən biri olacaq. 


Digər xəbərlər

Xəbər xətti