Rəşad Sadiqov: "Ümid sonda ölür" - MÜSAHİBƏ

12:59 10 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turunda baş tutan “Qarabağ” - “Qəbələ” matçında hesab açılmadı.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “qırmızı-qaralar”ın vitse-kapitanı Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyunla bağlı fikirləriniz necədi?

- Çox çətin oldu. “Qarabağ”a qarşı çempionluq oyunu idi. 4 xal bizdən irəli olduqlarına görə, qələbə qazanmaq üçün əlimizdən gələni elədik, amma alınmadı. Qələbə qazana bilmədiyimizə görə təəssüflənirik.

 

- “Qarabağ”la oyuna qədər hər şey öz əlinizdə idi. Bu oyunda qalib gəlib, fərqi 1 xala endirə bilərdiniz. Amma bundan sonra “Qarabağ”ın xal itirməsini gözləməlisiz...

- Bundan sonra 5-10 faiz şansımız qalıb. İnanmıram ki, “Qarabağ” bundan sonra 2 oyunda xal itirsin. Çox çətin məsələdi. Amma yenə də ümidimizi itirmirik. Ümid sonda ölür.

 

- “Qarabağ”ın “Neftçi” və “İnter”lə çətin oyunları var...

- Düzdü. Amma bizim də asan oyunlarımız yoxdu. Çalışacağıq ki, qarşıdakı oyunlarda qələbə qazanaq. “Qarabağ” xal itirəcəksə, onu da görəcəyik.

 

- Zəif rəqilərlə oyunda xal itirməklə çempionluğu “Qarabağ”a demək olar ki, hədiyyə etdiniz... - Əlbəttə, özümüzdə də günah oldu.

 

- Bunun səbəbi nə idi? Komanda rahatlaşmamışdı?

- Yox, arxayınlıqdan söhbət gedə bilməz. Sadəcə, uşaqlarda bir az həyəcan var idi. Qələbə qazanmaq istəyirsən, irəli atılırsan və bu komandada müəyyən qədər çaşqınlıq yaradır. Özünüz də gördünüz ki, “Zirə” ilə oyunda dirəklər imkan vermədi.

 

- Demək olar ki, bundan sonra bütün diqqətinizi “Qarabağ”la kubokun final oyununa yönəldəcəksiz?

- Yox, o oyuna çox var. Fikrimiz digər 3 oyunda qələbə qazanmaq və sonra kuboka hazırlaşmaqdı. Hər şeyi öz axarı ilə buraxa bilmərik. Çalışacağıq ki, qələbə qazanaq. Çempion olmasaq da, mövsümü major notlarla başa vurmaq istəyirik.

 

- İkincilik sizi qane edir?

- Əvvəldən hədəfimiz çempionluq idi. Bundan sonra heç nə etmək olmaq, qismətdi.


Xəbər xətti