Sportarena.az
18 Oktyabr 2017

Azərbaycanlı sabiq futbolçu: "İsveçdə taksi sürücüsü işlədim" - MÜSAHİBƏ

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan futbolu hələ SSRİ dövründə texnikalı futbolçuları ilə  məşhur olub. Təkcə imperiyanın dağılmağa doğru getdiyi 80-ci illərdə “Neftçi"də və digər komandalarımızda oynamış neçə futbolçunun adını çəkmək olar ki, onların topla davranmaq bacarıqları hətta SSRİ yığmasında çıxış etmiş bir çox futbolçulardan yüksək olub. İsgəndər Cavadov, Vaqif Sadıqov, Nazim Süleymanov, Vidadi Rzayev, Samir Ələkbərov... Belə futbolçulardan biri də sovet futbol məktəbini keçmiş Valeh Qafarov idi. Ad sizə tanış gəlməyə bilər. Amma Valeh həqiqətən dövrünün ən texnikalı futbolçularından olub. Təəssüf ki, zədə səbəbindən karyerasının başlanğıcında böyük futboldan ayrı düşüb. Valeh hazırda İsveçdə yaşayır, “Erebru"nun Futbol Akademiyasında məşqçi kimi çalışır. Müsahibə götürmək istədiymi bildirəndə etiraz etmədi. “Məni də yada salan olar" deyən Valehlə söhbətə sosial şəbəkədə qeydiyyatdan keçdiyi ada aydınlıq gətirməklə başladıq. Nəyə görə Valle Enqvist?

 

- Məgər Valeh Qafarov pis idi?

- İsveçə gələndə hamı məni Valle deyə çağırırdı. Yəqin ki, belə onlara rahatdı. Soyada gəlincə, bura köçəndə Enqvist soyadlı bir nəfərin mənə çox köməyi dəydi. Həm də bu soyaddan xoşum gəlir. İsveç qanunlarına görə eyni vaxtda 2 ad, 2 soyad daşıya bilərəm. İsveç pasportumda adım Valeh Qafarov-Enqvistdir. Nə adımı, nə də soyadımı dəyişməmişəm. Yalnız soyadıma Enqvisti artırmışam.

 

“Uşaqlıqda onun kimi oynamaq istəyirdim”

 

Söhbətin davamına keçməmiş Valeh Qafarov haqqında məlumat vermək, onun uşaqlığından, futbola gəlişindən bəhs etmək yerinə düşər. Müsahibimiz 1976-cı ildə Bakı şəhərində anadan olub. Əslən Novxanı kəndindəndir. Ailədə 4 uşaq olublar - 3 qardaş, 1 bacı. Valeh evin sonbeşiyidir. Sonbeşik deyəndə, qardaşı Salehlə əkizdilər. Bir-birilərinə zahirən çox oxşasalar da, taleləri uşaqlıqdan fərqli olub. Uşaqlığı əsasən Fabrisius və İnqilab küçələrinin (Ceyhun Hacıbəyli və Həsən Əliyev - İ.T.) kəsişməsində keçib. 36 nömrəli məktəbdə ibtidai təhsil alıb, “Vorovski"yə köçdükdən sonra isə 4-cü sinifdən təhsilini Naxçıvani küçəsindəki 276 saylı məktəbdə davam etdirib. Etiraf edir ki, oxuyan uşaq olmayıb. Futbola olan sevgisi onu təhsildən uzaq salıb. Valehgilin evləri “Neftçibaza"nın yanında yerləşirdi. Bir yandan bu, digər tərəfdən isə “Neftçi"nin o vaxtkı futbolçuları - Yaşar Babayev, Fazil Abbasov ilə qonşu olmaları, Saleh-Valeh qardaşlarında futbola marağı daha da artırıb. Futbolla tanışlığı 6 yaşından başlayıb. Atası Vaqif kişi və əmisi Paşa Qafarov əkizləri Kazbek Tuayevin rəhbəri olduğu və Respublika stadionunda yerləşən yenicə açılmış Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbinə (RİOEUG) aparıb. İlk məşqçiləri Böyükağa Abbasov və Yaşar Abdulov olublar: “Özümdən 1 yaş böyüklərlə oynayırdım. Bunun da futbolçu kimi püxtələşməyimdə mənə böyük köməyi oldu. Futbolu çox sevirdim, topsuz qala bilmirdim. Məktəbdə futbol, küçədə futbol, evdə futbol (gülür). Evimizdə o qədər çilçıraq, qab-qacaq, şüşə sındırmışam ki. Buna görə tənbeh olunduğumu düşünəcəksiniz. Qətiyyən! Anamla nənəm bir dəfə də olsun buna görə məni danlamayıblar. Hətta nənəm çorablardan top düzəldib mənə verirdi ki, oyna. Sağ olsunlar, aşağı mərtəbədə yaşayan qonşular da səs-küyəmə dözürdülər..."

 

Valehin texnikalı futbolçu olduğunu yazının girişində qeyd etmişəm. Bunu bir vaxtlar ona qarşı oynadığıma görə əminliklə deyirəm. Valehin topla davranma bacarığını sübut edən maraqlı bir əhvalat nəql edim. Bir dəfə məşqdən evə qayıdan balaca Valeh yorğun olmasına baxmayaraq, həyətdə də futbol oynayıb. Yenə “doymayıb”, top çiləməyə başlayıb. “Çiləmə prosesi" 1 saatdan çox davam edib. Dostları topa toxunuşları saymaqdan yorulublar, Valeh top çiləməkdən yox. Hətta vəziyyət o həddə çatıb ki, küçədən keçən avtomobillərin sürücüləri dayanıb Valehi izləyiblər və yolda böyük “probka" yaranıb. 10111 dəfə. Valeh həmin gün topa bu qədər toxunub. Yorulmasaydı... Belə əhvalatlar çoxdur. Birini də danışım. Mahaçqalada Samanta Smitin xatirəsinə həsr olunmuş turnirin təşkilatçıları finaldan sonra futbolçular arasında belə bir turnir təşkil ediblər - hər komandadan 1 futbolçu top çiləməliymiş. Ən çox top çiləyən futbolçu yarışın qalibi olacaqmış. Valeh “səhnə"yə axırıncı çıxıb. Ona kimi ən yaxşı göstərici 600 civarında olub. Valeh isə 1000 həddini keçəndə komanda yoldaşları onu dilə tutublar ki, bəsdir, onsuz da qalibsən, topu yerə sal, canımız qurtarsın. Yeri gəlmişkən, Samanta Smit haqqında 1-2 kəlmə yerinə düşər. Samanta sadə amerikalı məktəbli olub. 1982-ci ildə 10 yaşı olarkən ABŞ-la SSRİ arasında soyuq müharibənin getdiyi bir dövrdə SSRİ KP Mərkəzi Komitəsinin yeni seçilmiş rəhbəri Yuri Andropova yazdığı məktubla bütün dünyada məşhurlaşmışdı. Hətta bir il sonra SSRİ-yə 2 həftəlik səfər etmişdi. 25 avqust 1985-ci ildə aviaqəza nəticəsində həlak olub.

 

- Uşaq vaxtı “Neftçi"nin futbolçularını özümüzə kumir seçirdik. Valehin kumiri kim idi?

- İqor Ponomaryov. Onun oyunu mənə ləzzət edirdi. Meydanda çox sakit, həm də ağıllı idi. Uşaqlıqda onun kimi oynamaq istəyirdim. Bir də Samir Ələkbərov. Kumir olmaqdan yana, Samir həm də mənə futbolda da, həyatda da böyük qardaşlıq edib. Nazim Süleymanova da rəğbət bəsləmişəm. O da çox texnikalı futbolçu idi. Uşaq olanda rəhmətlik babam tez-tez məni “Neftçi"nin oyunlarına aparırdı. Oyunlardan 1 gün əvvəl isə komandalar “Neftçibaza"da məşq edirdilər. Biz də uşaqlarla yığışıb onların məşqlərini izləyirdik. O vaxt heç ağlıma da gəlməzdi ki, həsəd apardığım Əsgər Abdullayev, Yaşar Vahabzadə, Elxan Həsənov, Samir Ələkbərov, Vidadi Rzayev və digər futbolçularla nə vaxtsa “Neftçi"də komanda yoldaşı olacam.

 

 

- Peşəkar karyerana 16 yaşında başlamısan...

- Hə, 1992-ci ildə. “Azneftyağ"ın baş məşqçisi məni uşaqlığımdan tanıyan Kazbek Tuayev idi. Yadımda deyil rəqib kim idi. Oyun “Termist" (indiki “İnter Arena" - İ.T.) stadionunda keçirilirdi. Matçın başa çatmasına 15 dəqiqə qalmış meydana çıxdım. Topu özümdə saxlamağı xoşlayırdım, amma təcrübəsiz idim deyə bunu etmədim. İlk oyunum pis alınmamışdı. Həmin oyunda qalib gəlmişdik. Sonradan həm Tuayev, həm də komanda yoldaşlarım yaxşı oyuna görə məni təbrik etmişdilər.

 

- Texnikaya bu qədər həvəs haradan idi?

- Qanımda idi. Topla, qoza ilə, corabla, hətta daşla futbol oynayırdım. Ətrafımda yumru olan hər şey mənə top kimi görünürdü. Mənim üçün texnika çox önəmli idi. Fikrimcə, texnikasız futbolçu fiziki və taktiki cəhətdən nə qədər güclü olsa da, irəli gedə bilməz. O cümlədən əksinə, texnikalı futbolçu həm də fiziki və taktiki cəhətdən hazırlıqlı olmalıdır. Futbolçuların fintlərini izləyirdim, hərədən bir şey götürməyə çalışırdım. Bu mənada Roberto Bacio və Alessandro del Pyerodan çox şey götürdüyümü deməliyəm. Bir məqamı da qeyd edim. 3 qardaşıq və hamımız futbolla məşğul olmuşuq. Hər üçümüz də solaxayıq. Solaxay futbolçuların da texnikaya daha meylli olmaları hamıya məlumdur.

 

- Əkizlər bir-birilərinə çox bənzəyirlər. Amma bu bənzərlik futbolda özünü göstərmədi.

- Saleh də pis oynamırdı. O, məndən daha cəld idi. Nədənsə, sonradan futbola həvəsi söndü. Böyük qardaşımız Vasif kimi futboldan tez ayrıldı. Bir müddət boksla məşğul oldu. Yaxşı da döyüşürdü. Sonradan boksu da atdı. Salehdi də. Əkiz olsaq da, uşaqlıqdan xasiyyətlərimiz fərqli idi. Mən sakit təbiətliyəm. Saleh isə əksinə. Bir yerdə dayanmırdı, çox dalaşqan idi. Ona görə məcbur olub qardaşıma görə davaya qoşulurdum. Hər dəfə də mənə irad tuturdu ki, sən get futbolunla məşğul ol, işimə qarışma. Kiminləsə problemin olsa, gəl mənə de, qardaşın ölməyib ki. Təkcə Salehlə yox, Vasiflə də, bacımla da meriban olmuşam. Həmişə bir-birimizi qorumağa çalışmışıq.

 

Andrey Şevçenkonun komanda yoldaşı

 

1989-cu ildə baş məşqçi Böyükağa Abbasov Valehi 1975-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığmasına çağırıb. 1 il sonra komanda Ağasəlim Mircavadova tapşırılıb. Onun rəhbərliyi altında yığmalar arasında SSRİ birinciliyində iştirak edib. 1991-ci ildə isə 1976-cı il təvəllüdlü futbolçuların yığması yaradılıb və Valeh həmin yığmanın kapitanı təyin olunub. Müxtəlif yaşlı yığmalarda Fizuli və Xaqani Məmmədovlar, Kamal Quliyev, İsmayıl Məmmədov, Rüfət Hüseynov, Rövşən Babayev, Rauf Mehdiyev, Zaur İsmayılov və gələcəyin digər tanınmışları ilə çiyin-çiyinə oynayıb. Ardınca... 1991-ci ildə Andrey Şevçenko, Sergey Rebrov, Aleksandr Şovkovski, Vadim Yevseyev kimi gələcəyin futbol ulduzlarının yer aldığı SSRİ yığmasına dəvət alıb. Həmin ilin dekabrında imperiya dağıldığından SSRİ yığmasında rəsmi oyunlarda oynamaq ona qismət olmayıb. Əvəzində Sabir Əliyevin məşqçisi olduğu gənclər yığmamıza, ardınca isə Vaqif Sadıqovun rəhbərlik etdiyi olimpiya yığmasına çağırılıb. Futbolçu kimi yetişməyində digər məşqçilərlə yanaşı həm Ağasəlim Mircavadova, Vaqif Sadıqova borclu olduğunu, hər bir futbolçuya gənc yaşlarında belə məşqçilərlə işləməyi arzulayır.

 

- 17 yaşlıların yığmasının heyətində bir turnirdə iştirak edirdik. Orada yaxşı oynadım, bir neçə dəfə fərqləndim. Həmin turnirdən sonra Vaqif Sadıqov “Neftçi"yə baş məşqçi keçdi. Turnirdəki oyunumu bəyənmişdi. Məni “Neftçi"yə Vaqif Sadıqov dəvət edib. Karyeramın ən xoş günləri “Neftçi"də keçib. Uşaq ikən sevdiyim futbolçularla bir komandada oynamaq mənə yuxu kimi gəlirdi. “Neftçi"yə keçəndə çox gənc idim. Komandada təcrübəli futbolçular çox idi. Yəni, oyunlara çıxmaq şansım az olurdu. Buna görə Vaqif müəllimin məsləhəti ilə 1 il “İnşaatçı"ya icarəyə verildim.

 

- “Neftçi"də 3 mövsümə cəmi 14 oyun. Az deyilmi?

- 14 oyun çempionatda olub. Kubok oyunlarında da oynamışam. Az oynamağımın səbəbini bayaq dedim. Komandada təcrübəli futbolçular olan yerdə 17-18 yaşlı gəncin oynaması çətin idi. “Flaqman"ı tərk edəndə 20 yaşım tamam olmamışdı. “Neftçi"nin futbolçusu olduğum 4 mövsümdə təəssüf ki, komanda çempion ola bilmədi. 2 dəfə kuboku götürdü ki, onların birində “İnşaatçı"da icarədə idim, digərində isə final qarşılaşmasını kənardan izlədim.

 

 

- “Fərid"ə keçidin az oynamağınla bağlı idi?

- “Fərid"də Ruslan Abdullayev və Vaqif Sadıqovun rəhbərliyi altında oynamışam. Ora keçməyimi Vaqif müəllim məsləhət görmüşdü. Yəqin ki, oyun praktikasını artırmaq üçün. Gənclərdən qurulmuş yaxşı komandamız var idi. Heyf ki, tez dağıldı. Azərbaycan çempionatlarında 2 qol vurmuşam, o da “Fərid"in heyətində. Qol ötürməsi verməkdən daha çox zövq alırdım.

 

- Valeh Qafarovu nəyə görə əsas yığmada görmədik?

- Yəqin ki, nəsə çatışmazlığım var idi. Həm də zədələr mane oldu. Görünür, millidə oynamaq qismətimdə  yox idi. Olimpiya yığmasında isə xeyli oynamışam. Bir hadisə yadıma düşdü. Yığma İsveçrə ilə oyundan əvvəl “Neftçi" ilə yoxlama görüşü keçirirdi. “Neftçi"nin heyətində mən də var idim. Oyundan sonra mənə dedilər ki, AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevin oyununu bəyənib, səninlə maraqlanıbmış.

 

- Yaxşı oyunlardan söz düşmüşkən, ən yaddaqalanı hansıdı?

- Gənclər yığmasının heyətində Türkiyədə təlim-məşq toplanışında idik. Samsun şəhərində Türkiyənin gənclər yığması ilə 2 yoldaşlıq oyunu keçirdik. Hər 2 oyunda həqiqətən yaxşı oynamışdım. Oyunlar yerli televiziya vasitəsilə canlı yayımlanırdı. Rəqib komandanın məşqçiləri, hətta türk şərhçilər oyunumu bəyənmişdilər. 2-ci qarşılaşmada maraqlı bir hadisə oldu. Məni tutan türk futbolçu əlimdən bezmişdi. Nə qədər çalışırdısa, saxlaya bilmirdi. Oyunun gedişində məni sındıracağını söylədi. Dediyini də elədi. Topuğumdan necə vurmuşdusa, güclə yeriyirdim. Meydanı tərk edəndə komanda yoldaşım Füzuli Məmmədov mənə yaxınlaşıb dedi ki, Valeh, narahat olma, uzağı 10 dəqiqədən sonra həmin futbolçunu yanına göndərəcəm. Heç 10 dəqiqə keçmədi ki, Füzuli “podkat"da məni vuran futbolçunu daha betər günə saldı. Həmin oyundan sonra Türkiyənin 2 klubundan - “Samsunspor" və “Orduspor"dan təklif aldım.

 

- Bəs, nəyə görə Türkiyədə qalmadın?

- AFFA rəhbərliyi imkan verdi ki? İdman Akademiyasını bitirəndə Latviyanın “Ranto" komandasından da təklif var idi. Özü də həmin vaxt heç bir klubla müqaviləm yox idi, azad agent idim. Onda da karyeramı xaricdə davam etdirməyə AFFA rəhbərliyi imkan vermədi. “Ranto"dan çox pul istəmişdilər.

 

“Azərbaycanda yaxşı məşqçilərin əksəriyyəti işsizdir"

 

- Statistikaya nəzər saldıqda futbolu 22 yaşında bitirdiyin məlum olur. Nədən belə tez?

- Əslində, karyeramı bitirmədim. Davam etdirdim, amma futzalda. İdman Akademiyasını bitirdikdən sonra hərbi xidmətlə əlaqədar 1 il MOİK-də oynamalı oldum. “Neftçi" ilə oyunda “podkat"da Elçin Rəhmanovla toqquşdum. Bərk zədələndim. 1 il futboldan uşaq qaldım. Hətta həkimlər futbol oynamağımı qadağan etmişdilər. Onlara qulaq asmadım, özümə gələn kimi futbola qayıtdım. Oynadım deyəndə, ağrılar əvvəlki kimi oynamağıma imkan vermirdi. Məcbur olub böyük futbolla vidalaşdım və futzala keçdim. Futzal texnikanı sevir. Texnikalı futbolçu olduğum üçün futzal oynamaq mənə daha rahat idi.  AMMK-nın heyətində ilk mövsümümdə 17 oyuna 25-26 qol vurmuşdum. 2000-ci ildə isə futzal millisinə çağırılmışdım. Həmin vaxt Xorvatiyada keçirilən dünya çempionatının seçmə mərhələsində yığmanın heyətində bütün oyunlarda iştirak etmişdim. AMMK-dan sonra bir müddət “Anqlooyl" və “Qafqaz Universiteti"ndə çıxış etdim. Hətta bir ara Ukraynada legioner həyatı yaşadım, Donetskin “Uprasplav" futzal komandasında oynadım. Amma illər keçdikcə hiss edirdim ki, əvvəlki Valeh deyiləm. Zədələr var gücümlə oynamağa imkan vermirdi. Yəni, nə qədər sevsəm də, gələcəyimi futbolda görmürdüm.

 

- Çıxış yolunu Azərbaycanı tərk etməkdə tapdın?

- Ağlım kəsəndən xaricdə yaşamaq istəmişəm. Azərbaycanı 2003-cü ildə tərk etdim və İsveçə köçdüm. Həmin vaxt Azərbaycanda futbol demək olar ki, yox idi. Başqa nə işlə məşğul olası idim? İtaliyaya, Ukraynaya getmək variantlarım olsa da, İsveçi seçdim. Qismətimdə bu ölkədə yaşamaq varmış. Buna görə təəssüflənmirəm. İsveç çox sakit, təbiətimə uyğun ölkədi. Bura gəlməyimin əsil səbəbi futbol idi. Bir müddət Filipstad şəhərini təmsil edən “Nordmarks"da oynadım. “Nordmarks" zona yarışlarında çıxış edirdi və 11 il idi ki, yuxarı dəstəyə yüksələ bilmirdi. Özündən demək olmasın, gəlişimdən sonra qalan 9 oyunun 8-də qələbə qazandıq, 1 oyunda isə heç-heçə edərək zona yarışlarının qalibi olduq. Cəmi 9 oyunda oynamağıma baxmayaraq, çempionatın ən yaxşı futbolçusu seçildim.

 

 

- Azərbaycan futbolu ilə İsveç futbolu arasında fərqi nəzərə alaraq orada oynamaq çətin olmadı?

- İsveçlilər fiziki futbola üstünlük verdiklərindən bu mənada bir qədər çətinlik yaşadım. Amma texnikaları o qədər də yüksək deyildi. Hətta onlara yad idi desəm, daha doğru olar. Komandanın baş məşqçisi yerli qəzetlərin birinə müsahibəsində texnikama ilk məşqdəcə heyran olduğunu demişdi. İsveçlilər məni fiziki göstəriciləri ilə, mənsə onları texnikam ilə təəccübləndirmişdim. “Nordmarks"da 2 il oynadım. Daha sonra köhnə zədəm imkan vermədi, futbolla vidalaşmaq zamanı gəldi.

 

- Karyeranı bitirdikdən sonra nə işlə məşğul oldun? Eşitdiyimə görə, bir ara sürücü işləmisən.

- Bir müddət Stokholmda qaldım. Daha sonra Erebruya köçdüm. Futboldan ayrılmadım. Yerli “Erebru" klubundan təklif aldım və 14-15 yaşlı gənclərlə, bir ara isə qızlarla işlədim. Yeri gəlmişkən, İsveçdə qadın futbolu çox populyardır. Klub mənə kateqoriya almağa şərait yaratdı. Kateqoriyanı Zlatan İbrahimoviçin ilk məşqçisi Ake Karelberqdən almışam. Bizə Zlatan haqqında çox danışıb. İsveçdə ən məşhur məşqçilərdən biridir. Zlatanın futbolçu kimi yetişməsində onun əməyi hamıdan çox olub. Bu gün də “Erebru"dayam. O ki qaldı sürücülük məsələsinə, belə bir hal olub. İsveçdə akademiyada çalışan məşqçilərin məvacibləri o qədər də yüksək deyil. Ona görə klub məşqçilərə əməkdaşlıq etdiyi şirkətlərdə işlə təmin olunmasına kömək edir. Məni də bir firmaya düzüb-qoşmuşdular. Orada sürücü kimi çalışırdım, həm də akademiyada məşq keçirdim. Yəni, İsveç yaşamalı ölkə olmasına baxmayaraq, akademiyalarda çalışan məşqçilərin normal dolanışığı üçün başqa işlə də məşğul olması vacibdir.

 

- Eynilə bizdəki kimi.

- Elədi. Hazırda məşqçilikdən başqa kompaniyaların birində çalışıram. Şükür Allaha, nədənsə narazılığım yoxdur. Özümə şərait qura bilmişəm, evim-eşiyim var, övladlarımın ehtiyaclarını qarşılayıram.

 

 

- Məşqçilikdə müəyyən təcrübə yığmısan. Başqa imkanlı klublardan təklif almısan?

- Yaxınlarda Estoniyanın “Lokomotiv" klubundan dəvət gəlib. Orada 16-17 yaşlı futbolçulardn ibarət komandanı mənə tapşırmaq istəyirlər. Hələ ki, qəti qərar verməmişəm.

 

- Azərbaycandan necə, səninlə maraqlanan var?

- Yox. Azərbaycanda yaxşı məşqçilərin əksəriyyəti işsizdir. Bildiyim qədər klublar indi ciddi maliyyə sıxıntısı yaşayırlar. Vəziyyət bir balaca düzələn kimi özümüzünkülər qala-qala yenə də əcnəbiləri yığıb gətirəcəklər. Ona görə nə məni yada salan var, nə də Azərbaycanda işləmək fikrim.

 

 

“Dinimi və milliyətimi heç nəyə dəyişmərəm"

 

- 14 ildir İsveçdə yaşayan Valeh Qafarov futbolumuz, ölkəmiz adına hansı işləri görüb?

- “Nordmarks"a gələndə Filipstadda Azərbaycanı tanıyın yox idi. Özünü tərifləmək olmasın, qısa müddətdən sonra sayəmdə hamı Azərbaycanla maraqlanmağa başladı. Burada ölkəmizi bacardığım qədər təbliğ etməyə çalışıram. Futbol adamıyam. Əlimdən ancaq futbolla bağlı kömək gəlir. O da ki... Bir neçə il əvvəl yığmamızın üzvü olan bir futbolçunun “Erebru"ya keçməsinə yardım edirdim. Klub rəhbərliyi adını çəkməyəcəyim həmin futbolçunu bəyənmişdi. “Erebru” ona Azərbaycanda qazandığı qədər pul verməyəcəkdi. Əvəzində karyerasını daha yaxşı klublarda davam etdirmək, daha güclü çempionatlarda oynamaq  imkanı qazanacaqdı. Bakıya hazır müqavilə ilə getmişdik. Amma son anda futbolçunun meneceri şəxsi mənafeyini güdərək onun keçidinə mane oldu. İsveçlilərin yanında biabır oldum. Ondan sonra mənə dedilər ki, bir daha bizə azərbaycanlı futbolçu təklif etmə.

 

İsveçdə məndən başqa müxtəlif vaxtlarda Azərbaycan çempionatında oynamış daha 3 futbolçu yaşayır - Yalçın Bağırov, Toğrul Əbdülrəhmanov və Rüstəm Manafov. Onların köməyi ilə komanda təsis edib futzal çempionatına qoşulmaq fikrimiz var. Komandanın adını hələ dəqiqləşdirməmişik. Azərbaycanla, Bakı ilə bağlı olacaq. Bunun özü ölkəmizin təbliği baxımından az da olsa işə yarayacaq.

 

- Azərbaycan çempionatını izləyirsən?

- 8 komandalı çempionatın nəyini izləyim? Yox, izləmirəm. Heç, hansı komandanın 1-ci yerdə olduğundan belə xəbərim yoxdu. Bizim vaxtımızda çempionatda indikindən 2 dəfə çox komanda çıxış edirdi, oyunlara maraq var idi. Eşitdiyimə görə, indi oyunlar boş tribunalar qarşısında keçirilir. Əvvəllər maraqlanırdım. İndi marağım qalmayıb. Amma avrokuboklarda çıxış edən komandalarımızın, o cümldən yığmamızın bütün oyunlarını izləyirəm. Hər birinin uğuruna sevinirəm. Yığmamızın Almaniya ilə oyuna internet vasitəsilə tam olmasa da baxdım. Rəqib gücünü nəzərə alsaq, uşaqlar pis oynamadılar. Ən çox Qara Qarayevin oyunu xoşuma gəldi. Qara rahat oynayırdı, ötürmələrdə demək olar ki, səhv etmədi, mövqeyini boş buraxmadı, rəqibdən  dəfələrlə top aldı. Yeganə çatışmazlığı uzun ötürmələr etməməsi idi. Fikrimcə, Robert Prosineçkinin gəlişindən sonra futbolçularda özünəinam hissi artıb, yığmada irəliləyiş göz önündədir, komandamızı hücumda daha çox görürük. Əvvəllər isə “arxada otururdular". Doğrudur, həmişə yığmanı azərbaycanlı məşqçinin çalışdırmasının tərəfdarı olmuşam, amma indi Prosineçkinin işini davam etdirməsi daha məqsədəuyğun olar.

 

- İsveç futbolu ilə bizim futbolu müqayisə edərdin. Fərq eləmi çoxdur?

- İsveçlilər daha çox fiziki və sürətli futbola üstünlük verirlər. Təsəvvür edin ki, burada 14-15 yaşında boyu 190-195 sm olan uşaqlar var. Amma bizim kimi texnikalı deyillər. Düzünə qalsa, çempionatları, millisi, klub idarəçiliyi, futbola münasibət və s. bizdən daha yaxşıdır. Azərbaycan futbolunun Avropa səviyyəsinə çatmasına çox var. Bu gedişlə heç çatmayacaq da. Uşaq futbolu da bizimlə müqayisədə çox irəli gedib. Burada hər klubun akademiyasının nəzdində sırf uşaq və gənclərin məşq keçmələri, oynamaları üçün 7-8 müxtəlif ölçülü meydanlar var. Əksəriyyəti də təbii örtüklü. Uşaqlar süni örtüklü meydanlardan yalnız əlverişsiz hava şəraitində istifadə edirlər. İnventar artıqlaması ilədir, məşqçilərin təcrübələrinə, savadlarına söz ola bilməz, uşaqlar ildə bir neçə dəfə xarici ölkələrə turnirlərə gedirlər... Hansı birini deyim?

 

 

- Bəs yaşayış tərzində. Çoxlarına İsveçdə yaşamaq nağıl kimi gəlir. 

- Bura gələndə sanki nağıllar ölkəsinə düşmüşdüm. Əhalinin yaşayış səviyyəsinə görə dünyada öncüllər sırasında gedir. İndiyə kimi Avropanın çox dövlətlərində olmuşam. Bura fərqli məkandı. İsveçə təzə köçmüşdüm, dil kursuna gedirdim. Bir müəllimimiz var idi, deyirdi ki, İsveçdə heç kimin heç nəyə ehtiyacı yoxdur. Bir gün küçədə dilənçi gördüm və müəllimdən bəs deyirdiniz ki, İsveçdə heç kimin heç nəyə ehtiyacı yoxdur deyə, sual verdim. Cavabında bildirdi ki, həmin adamların həqiqətən nəyəsə ehtiyaclarının olmadığını, sadəcə, dilənçiliyə hobbi kimi baxdıqlarını söylədi. Burada insanlar bir yana, heyvanlara da münasibət fərqlidir. Küçədə yiyəsiz it-pişiyə rast gəlməzsiniz. Hamısı pansionatlarda saxlanılır. Daha bir diqqətçəkən məqam dininə, irqinə, cinsinə görə insanlara eyni münasibətdir. Hətta deyərdim ki, burada qadınların və uşaqların hüquqları kişilərlə müqayisədə daha çoxdur. İsveçlilər təbiətcə sakit, istiqanlıdılar. Hərə öz işi ilə məşğul olur. Bir də isveçlilər sağlamlıqlarının daha çox diqqət ayırırlar. Belə deyim, canlarının qədrini bilirlər.

 

- Nağıllar ölkəsində vətən üçün darıxmağa vaxt olur?

- Özü də necə? Harada yaşamağımdan asılı olmayaraq ürəyim həmişə Azərbaycanla döyünür. Azərbaycan vətənimdir. Dinimi və milliyətimi heç nəyə dəyişmərəm. Qohum-əqrabam, atam, qardaşlarım, bacım Azərbaycanda yaşayır. Anamın qəbri də oradadır. Vətənim, doğulub, boya-başa çatdığım Bakı, dostlarım üçün çox darıxıram. Bir də yeməklərimiz üçün. Dünyanın heç bir ölkəsinin yeməkləri bizim yeməklər qədər dadlı deyil.

 

- Köhnə futbolçulardan kiminlə əlaqə saxlayırsan?

- Ən yaxın dostlarım Zaur İsmayılov və  Rüfət Hüseynovla demək olar ki, hər gün əlaqə saxlayıram. Xətirlərini çox istəyirəm. Sınanmış dostlardır. Digər futbolçular la da əlaqəni itirməmişəm. Zaur Ramazanov, Emin Quliyev, Füzuli Məmmədov, Xaqani Məmmədov, Rövşən Babayev... Bir də “Fərid"də komanda yoldaşım olmuş Yalçın Bağırovla. O da ki, mənim kimi İsveçdə yaşayır.

 

- Səni zədələyən Elçin Rəhmanova necə? Ona qarşı kinin qalıb?

- Nə danışırsan? Elçin məni qəsdən zədələməmişdi ki. Ona qarşı kindən söhbət gedə bilməz. Həmin hadisədən sonra hər gün əlaqə saxlayıb vəziyyətimi soruşurdu. Məni zədələdiyinə görə peşman olmuşdu. O mənə, mən də ona təsəlli verirdim. Bilirəm ki, “Qarabağ"da işləyir. Düzü, indi əlaqəmiz yoxdur. Amma Bakıya gələndə onunla mütləq görüşəcəm.

 

Valeh Qafarov 2008-ci ildə ailə həyatı qurub. 2 oğlu var - Emil 8, Raul isə 6 yaşındadır. Uşaqlar İsveçdə anadan olduğu üçün avtomatik oranın vətəndaşlığını alıblar. Hər ikisinin futbola böyük həvəsi var. Valeh övladlarının gələcəkdə yaxşı futbolçu olmasından çox onların təhsilinə önəm verir. Futbolçu olmaq asandır, savadlı futbolçu olmaq isə... Nə vaxtsa yığmamızın formasını geyinmiş Emil və Raul Qafarovları rəsmi oyunlarda görmək ümidi ilə...

 

Söhbətləşdi: İlqar TAĞIYEV, “Het-trik news” qəzeti

 

 P.S. Valeh Qafarovla bağlı yazını həmsöhbətimin başına gələn maraqlı bir əhvalatla tamamlayım. Müsahibim 1995-ci ildə olimpiya yığmamızın heyətində Slovakiyada səfərdə imiş. Slovakiya ilə oyundan əvvəl bir neçə saat əvvəl məşqçilərin təklifi ilə oyunda ağırlıq hiss etməmələri üçün futbolçulara nahar əvəzinə şokolad və kofe veriblər. Acından birtəhər olan Valeh məcbur olub 2-3 şokoladı həzm-rabehdən keçirib. Demə, şokoladın içində konyak var imiş. Spirtli içkinin dadını bilməyən gənci konyaklı şokolad yaman “tutub". Oyundan əvvəl “razminka" vaxtı əməlli-başlı sərxoş olan və hətta burnundan qan açılan Valeh bir də oyunun gedişində özünə gəlib.

Tarix
16.04.17 [12:52]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

18 Oktyabr
17 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio