Toğrul Əsgərov: “Kəpəz” dirçəlib" - AÇIQLAMA

14:26 20 Aprel 2017

“Mənim “Kəpəz”in azarkeşi olduğum sirr deyil. Odu ki, komandanın çıxışlarını yaxından izləyirəm. Mütamadi olaraq mətbuat və xüsusən də, dost-tanışdan klubla bağlı məlumatları alıram”.

 

Sportarena.az xəbər verir ki, bu sözlər olimpiya çempionu Toğrul Əsgərova məxsusdu. “Kəpəz”in saytına açıqlama verən sərbəst güləşçi “sarı-göylər”in nəticələrinə də toxunub:

 

“Yeni ilin ilk oyunlarında “Kəpəz” özünü yaxşı tərəfdən göstərə bilmədi. Ardıcıl məğlubiyyətlər oldu. Əslində, idmanda belə şeylər başadüşüləndi. Hər bir komandanın, idmançının uğursuzluq zolağına düşdüyü vaxt olub. Əsas olan belə vəziyyətdən tezliklə çıxmaqdı. Şükürlər olsun ki, komanda özünə gəlib, toparlanmağı bacardı. Son oyunlar da göstərdi ki, “Kəpəz” dirçəlib. “Qəbələ” üzərində qazanılan qələbə lap möhtəşəm idi”.

“Kəpəz”in idmançı azarkeşləri arasında ən titullusu olan Əsgərov azarkeşlərdən də bəhs edib:

 

“Gəncədə futbol bir nömrəli idman növüdü. Bunu hamı yaxşı bilir. Ev oyunlarında stadiona çoxlu sayda azarkeş gəlir. Tamaşaçı komandanı ruhlandırır, qələbəyə səsləyir. Özüm güləşçi olsam da, həddindən artıq futbola meylliyəm. Yadınızdadısa, bir dəfə sizə demişdim ki, güləşi seçməsəydim, çox güman futbolçu olardım. Futbol oynamaqdan doymuram. Həftədə 2-3 dəfə uşaqlarla yığışıb oynayırıq. Biz gəncəlilərin ürəyi futbolla döyünür. Oyun olan günlər şəhərdə canlanma hiss olunur. Hamı stadiona doğru axışır. İndi hamımızın arzusu “Kəpəz”in ötən mövsüm olduğu kimi yenə Avropa Liqasına vəsiqə qazanmasıdı. Şansımız var və bundan istifadə etməliyik”.
 

Komanda Birinci divizionda çıxış edəndən stadionda olimpiya çempionu kimi görünməyə başlayan Toğrul Premyer Liqada da “Kəpəz”i tək buraxmır. İmkan düşən kimi arenaya gəlir:

 

“Düzdü, son vaxtlar stadiona az-az gəlirəm. Bu da əvvəllər yarışlar və məşqlərlə bağlı idisə, indi zədəmlə əlaqədardı. Yaxşı başa düşürəm ki, televizorla stadiondan baxmağın arasında böyük fərq var. Futbolu tribunadan izləməyin yeri ayrıdı. Son iki ev oyununa gəlməyə çox can atdım. Amma müəyyən səbəblər üzündən gələ bilmədim. İnşallah, çempionatın sonuncu matçında stadionda olacam. “Kəpəz”ə stadiondan dəstək vermək istəyirəm”.


Xəbər xətti