"Neftçi"yə yeni rəis gəlir - Mehman Rəsulov isə klubdan göndərilir

16:56 27 Aprel 2017

Yaxın günlərdə "Neftçi"də yeni təyinat gerçəkləşə bilər.

 

Sportarena.az "Futbol+" qəzetinə istinadən xəbər verir ki, "Zirə" - "Neftçi" oyununda qonaq komandanın azarkeşləri istefa şüarların səsləndirən zaman soyadı bilinməyən Tural adlı şəxs onlardan səbrli davranmalarını xahiş edib. Bu isə fanatların xoşuna gəlməmişdi. Onlar etiraz əlamət olaraq stadionu tərk etmişdilər.

 

Azarkeşlərlə ünsiyyət qurmağa çalışan şəxsin kimliyi bəlli olmasa da, onun klubla əməkdaşlıq edən Kamil Məmmədov adlı agentin dostu olduğu müəyyənləşib. Artıq "Neftçi" rəhbərliyi tərəfindən Turala klubda rəis vəzifəsi təklif edilib. Onun təqdimatı mayın ilk günlərində gerçəkləşəcək.

 

"Neftçi" ilə bağlı daha bir xəbər var. "Ağ-qaralar"ın rəhbərliyi klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovu vəzifəsindən göndərməyə hazırlaşır. Rəhbərlik onu hansısa nöqsana görə yox, mətbuatın təzyiqlərinin qarşısını almadığına görə göndərmək istəyir. Rəsulov haqlı tənqidlərin qarşısını almaqda gücsüzdü. Bu səbəbdən klub həmin vəzifədə dəyişiklik etmək istəyir. Belə ki, mətbuatla əlaqəsi yaxşı olan, onlarla dostluq etməyi bacaran şəxsi Mehman Rəsulovun əvəzinə gətirməyi planlaşdırırlar.

 

Artıq həmin vəzifəyə bir namizəd də var. Söhbət əvvəllər "Simurq"da mətbuat xidmətinin rəhbəri, AZAL-da tərcüməçi kimi çalışmış, indi isə "CBC Sport"da şərhçilər bölməsinə rəhbərlik edən Rüstəm Əfsərlidən gedir. Tanınmış şərhçi yayılan xəbəri təkzib edib.


Digər xəbərlər

Xəbər xətti