"Əlincə"nin əsas komandısı yaradılacaqmı? - "Hələ ki mümkün deyil" - MÜSAHİBƏ

14:20 2 May 2017

"Əlincə" klubunun icraçı direktoru Ceyhun Abbasov Sportarena.az saytına müsahibə verib.

 

- Ceyhun bəy, mətbuatda klub rəhbərliyinin "Əlincə" stadionunu satışa çıxardığı barədə xəbərlər yayılıb. Bu, doğrudurmu?

- Xeyr, elə bir şey yoxdur. Stadionumuz satışa çıxarılmayıb.

 

- Uzun illərdi fəaliyyət göstərən və yetirdiyi futbolçularla özündən söz etdirən "Əlincə"nin əsas komandası yeni mövsümdən fəaliyyətə başlayacaqmı?

- Biz bu illər ərzində çox sayda futbolçu yetişdirdik. Hazırda U-19 milli komandasının 7-8 üzvü "Əlincə"nin yetirməsidi. Yetirmələrimizdən Turan Vəlizadə öz istəyi ilə "Fənərbaxça"dan gələn təklifi müsbət dəyərləndirdi. Bütün bunlar bizim uğurlarımızdı. Bilirik ki, illər ötdükcə əsas komandanın fəaliyyətə başlaması lazımdır. Bizim bu barədə planımız var idi. Birinci diviziondan başlayıb Premyer Liqaya vəsiqə qazanmaq istəyirdik. Hələ ki mümkün deyil. Bunun səbəbi maliyyə ilə bağlıdı. Bizim sponsorumuz yoxdur. Öz-özümüzü maliyyələşdiririk. Bu sarıdan çətinliyimiz var. Bu o demək deyil ki, biz əsas komandanı yaratmayacağıq. Maliyyə tapıldıqdan sonra hər an, hər şey ola bilər. Ola bilsin ki, gələn il bu istəyimizi reallaşdıraq. Qısaca, dəqiq bir şey yoxdur. Maliyyəmiz olarsa, dərhal bu yöndə işlər görəcəyik.

 

- Yəqin bazanızın hazır vəziyyətdə olması işinizi xeyli asanlaşdırır...

- Əlbəttə, belə bir bazamızın olması bizim üçün çox yaxşı haldı. Klubun prezidenti Hacı Novruz Məhrrəmovun tapşırığı var ki, əsas komanda qurulduqdan sonra legionerlər transfer edilməsin. Ancaq öz uşaqlarımızdan, yerli oyunçularmızdan istifadə etməliyik. Klubun planları bu yöndə qurulub.

 

- "Əlincə"nin yetirmələrini artıq başqa klubların heyətində görürük. Həmin oyunçuların keçidindən klubunuz gəlir əldə edirmi?

- Əlbəttə, müəyyən qədər olur. Başqa klubların heyətində "Əlincə"nin yetirməsi olan futbolçular var. Onlar nəticə də verirlər. Məsələn, Məsələn ötən il U-16 liqasında ikinci olan komandamızı "Vətən"ə verdik. Onlar bu il U-17-lərin çempionatında birinci oldular.

 

Heybət Məmmədov


Xəbər xətti