"Xəzər Lənkəran" fəaliyyətini bərpa etmir? - RƏSMİ AÇIQLAMA

16:28 10 May 2017

Mövsüm bitdikdən sonra Azərbaycan futbolunda diqqətlər təkcə transfer məsələlərinə yönəlmir. May ayı boyunca əsas müzakirə mövzusu növbəti mövsümdən Premyer Liqada və Birinci divizionda neçə komandanın oynayacağı, hansı klubların fəaliyyətini dayandıracağıyla bağlı olur. Futbol ictimaiyyətinin diqqətdə saxladığı digər bir məsələ ilə "Xəzər Lənkəran"la bağlıdı. Hər kəs "ağ-yaşıllar"ın əsas komandasının fəaliyyətə başlayacağı günü səbrsizliklə gözləyir.

 

Artıq bir sıra mətbu orqanlarda bu barədə xəbərlər yayılmağa başlayıb. İddia olunur ki, klubun fəxri prezidenti Mübariz Mənsimov Bakıya gəlib. O, "Palmali" şirkətlər qrupunun yeni açılmış Bakı ofisində olub. Mənsimov şirkətin fəaliyyəti barədə hesabatları dinləyib. Müzakirə edilən mövzulardan biri də "Xəzər Lənkəran"ın əsas komandasının fəaliyyətə başlaması ilə bağlı olub. Başqa mətbu orqanlarda isə Mübariz bəyin klubla bağlı hər hansı məsələnin müzakirə edilmədiyi, "Xəzər Lənkəran"ın onun planlarında olmadığı qeyd olunub.

 

Bu qeyri-müəyyənliyə son qoymaq və "Xəzər Lənkəran"la bağlı daha dolğun məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Sportarena.az saytının sorğusuna Cəbrayıloğlunun cavabı belə oldu:

 

"Mübariz bəy son 4 ayda Bakıda olmayib. Klubun tam tərkibdə yenidən qayıtması da hazırda müzakirə olunmur. Biz dönüşə hazırıq və ölkə futbolunda şəffaf bir ab-hava yaranacağı anda yəqin ki dönəcəyik. Hazırda isə bərpa söhbəti real deyil".

 

Heybət Məmmədov


Xəbər xətti