Tayfur Əliyev "bürünc" qazandı, 6 boksçumuz finalda - YENİLƏNİB

21:10 17 May 2017

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının yarımfinal mərhələsinin görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, final uğrunda Azərbaycanın 7 boksçusu mübarizə aparıb. Onlardan 6-sı sabah keçiriləcək finala vəsiqə qazanıb. Bir boksçumuz isə bürünc medalla kifayətlənib. 

 

56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyevin rəqibi özbəkistanlı Abdulxay Şaraxmatov olub. 1/4 finalda mərakeşli Taoufik Kaçfinı asanlıqla mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə məğlubiyyətə üzülüb. Özbək idmançı 5:0 hesablı qələbə sayəsində finala yüksəlib. Əliyev isə bürünc medalla kifayətlənib. 

 

Ondan fərqli, 75 kq çəki dərəcəsində yarışan Olimpiya mükafatçımız Kamran Şahsuvarlı adını finala yazdırmağı bacarıb. Həmyerlimiz finala gedən  yolda Yuness Qarrumini (Mərakeş) mübarizədən kənarlaşdırıb. O, finalda qazaxıstanlı Tursunbay Kulahmetlə döyüşəcək. 

 

Şahsuvarlının ardınca Teymur Məmmədov (91 kq) da adını finala yazdırıb. Suriyalı Eldin Qoussunla qarşılaşan Olimpiya mükafatçımız rəqibinə çətin anlar yaşadıb. Suriyalını ilk raundda nokdauna salan Teymur yekunda 4:1 hesablı qələbəyə sevinib. Məmmədov finalda türkiyəli Burak Akşinlə qarşılaşacaq. 

 

1/4 finalda türkiyəli Hakan Doğanı yolundan kənarlaşdıran Cavid Çələbiyev (60 kq) yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə qarşılaşıb. Görüş dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən Çələbiyev adını finala yazdırıb. Dünya çempionumuz finalda iraqlı Ammar Karbalai ilə döyüşəcək.

 

Ölkəmizi 69 kq çəkidə təmsil edən Tamerlan Abdullayev də qazaxıstanlı idmançı ilə üz-üzə gəlib və qələbə qazanıb. O, İlya Oçkini məğlib edib - 4:0. 25 yaşlı idmançımız həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturovu sınağa çəkəcək. 

 

Yığmamızın 23 yaşlı boksçusu Rauf Rəhimov (81 kq) da finala yüksəlib. O, komanda yoldaşlarından fərqli, rinqə çıxmadan bu hüquqa yiyələnib. Rəhimov yarımfinalda Abdelrəhman Abdelqəvvədlə (Misir) döyüşməli olsa da, rəqibi zədə səbəbindən görüşə çıxmayıb. Həmyerlimiz texniki qələbə qazanıb. Təmsilçimiz həlledici qarşılaşmada türkmənistanlı Arslanbek Açilovla üz-üzə gələcək.

 

Yığmamızın ən ağır çəkili boksçusu Məhəmmədrəsul Məcidov (+91 kq) da çıxışını qələbə ilə başa vurub. O, bu dəfə Hüsseyn İaşaişə (İordaniya) gücünü göstərib. İkiqat dünya çempionumuz rəqibini 4:0 hesabı ilə məğlub edib. Məcidov finalda Manaf Asaadla (Suriya) qarşılaşacaq. 

 

Qeyd edək ki, final görüşləri saat 16:00-da başlayacaq. 


Xəbər xətti