Güləşçilərimizdən 2 qızıl, 1 gümüş- YENİLƏNİB

Sportarena.az      19 May 2018, 23:20

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk olaraq 4 çəki dərəcəsində təmsilçilərimiz xalça üzərinə çıxıblar. Onlardan biri ümidləri doğrultmasa da, digər üçü yığmamızın aktivinə medal yazdırıb. Bu mükafatlardan ikisi "qızıl", biri isə "gümüş" olub. 

 

57 kq-da ölkəmizi Mahir Əmiraslanov təmsil edib. Turnirə 1/4 final mərhələsindən start verən gənc pəhləvanımız ilk görüşündə Roland Tambi Nforsonqu (Kamerun) asanlıqla üstələyib (14:4). Yarımfinalda türkiyəli Nəbi Uzunla qarşılaşan Əmiraslanov yenə çətinlik çəkməyib. İdmançımız 13:2 hesablı qələbə sayəsində adını finala yazdırıb. Mahir həlledici görüşdə Qazaxıstan təmsilçisi Jandos İsmayılovla güləşib. Gərgin keçən qarşılaşma həmyerlimizin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Mahir Əmiraslanov güləş yığmamıza günün ilk qızıl medalını qazandırıb.  

 

65 kq mübarizə aparan Maqomed Müslimov yarışa 1/8 finaldan başlayıb. Təmsilçimiz Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə qarşılaşıb. Müslimov vaxtından əvvəl qələbə (10:0) qazanaraq, növbəti mərhələyə adlayıb. İdmançımız 1/4 finalda da çətinliklə üzləşməyib. Belə ki, Mabunde Kumba (Qvineya-Bissau) ilə üz-üzə gələn Müslimov yenə 10:0 hesablı qalibiyyətə sevinib. Yarımfinalda isə təmsilçimizin rəqibi əfqanıstanlı Malilk Can Sadid olub. Müslimov bu dəfə də ənənəsinə sadiq qalaraq, rəqibini 10:0 hesabı ilə üstələyib və finalda Meisam Nasiri (İran) ilə güləşmək imkanı qazanıb. Gərgin keçən qarşılaşma təmsilçimizin 3:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşün gedişində 2:1 hesabı ilə önə keçən pəhləvanımız çempionluğa yaxın olsa da, ikinci hissədə etdiyi səhv ona baha başa gəlib. Nəticədə Müslimov yarışı gümüş medalla başa vurub. 

 

74 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov da İslamiada çərçivəsində ilk görüşünü 1/8 final mərhələsində keçirib. Öz çəkisində ən güclülərdən olan Olimpiadanın bürünc mükafatçısı iranlı Peyman Yarəhmədi ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən qarşılaşmada idmançımız rəqibinə 1:3 hesabı ilə uduzub. Yarəhmədi 1/4 finalda Özbəkistan təmsilçisi Bekzod Abduraxmonova uduzduğundan (5:8), Həsənovun bürünc medal uğrunda güləşmək şansı da qalmayıb.

 

97 kq çəki dərəcəsində mübarizəsində millimizin adından dağıstanlı legioner Nurmaqomed Hacıyev güləşib. 21 yaşlı pəhləvan mübarizəyə 1/4 finaldan başlayıb. Yusup Melejayevlə (Türkmənistan) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə qazanaraq (11:1), yarımfinala adlayıb. O, final yolunda son görüşünü suriyalı Abdallh Kərəmə qarşı keçirib və bu dəfə də qələbə əldə edib (9:0). Hacıyev digər 2 güləşçimiz kimi, həlledici görüşdə iştirak edib. İranlı Əmir Muhammadi ilə baş tutan final döyüşünə təmsilçimiz yaxşı başlamayıb. O, 0:2 hesabı ilə geri düşdükdən sonra təşəbbüsü ələ alıb və rəqibinə çətin anlar yaşadıb. Bunun nəticəsi olaraq, Hacıyev yekunda 9 xal fərqi ilə qələbə (11:2) əldə edərək, yığmamıza növbəti qızıl medalı qazandırıb.   

 

Qeyd edək ki, güləş yığmamız “klassiklər”in mübarizəsində isə 4 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin