4 güləşçi, 4 medal - YENİLƏNİB

22:26 20 May 2017

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edəcək.

 

Sportarena.az xəbər verir ki, “sərbəstçilər”in ikinci günündə daha 4 çəki dərəcəsində idmançılar mükafatlarına qovuşacaqlar.

 

61 kq çəki dərəcəsində ölkəmizi Hacı Əliyev təmsil edib. Dünya çempionu və Olimpiya Oyunlarının bürünc mükafatçısı turnirə 1/8 final mərhələsindən start verib. Hacının ilk rəqibi Türkmənistan təmsilçisi Saparmurat Muradov olub. Asan qələbə (10:0) qazanan idmançımız növbəti mərhələyə adlayıb. Əliyev 1/4 finalda da çətinlik çəkməyib. O, tacikistanlı Todjiddin Xodjayev üzərində vaxtından əvvəl qələbə (9:0) əldə edərək, yarımfinala yüksəlib. Bu mərhələdə idmançımız Məsud Esmailporjuybari (İran) ilə görüşüb. Əliyev 3 il əvvəlki dünya çempionatının finalında olduğu kimi, yenə rəqibinə heç bir şans verməyib (8:1). Dünya və Avropa çempionumuzun "qızıl" yolunda son rəqibi qırğızıstanlı Alibek Osmonov olub. Bu rəqibinə də heç bir şans verməyən pəhləvanımız 10:0 hesablı erkən qələbə ilə hamıdan güclü olduğunu sübut edib. 

 

70 kq çəki dərəcəsində Murtazali Müslimov xalça üzərinə çıxıb. İdmançımız 1/4 finalda türkiyəli Zafer Dama ilə üz-üzə gəlib. Müslimov inamlı qələbə (6:0) sayəsində yarımfinalda güləşmək hüququ əldə edib. Murtazalinin final yolundakı son rəqibi Ruslan Sadibakasov (Qırğızıstan) olub. İlk saniyələrdən rəqibə göz açmaq imkanı verməyən 24 yaşlı güləşçimiz çətinlik çəkmədən adını finala yazdırıb - 14:3. Müslimov İslamiadada son dəfə xalça üzərinə iranlı Mustafa Hüsseynkaniyə qarşı görüşdə çıxıb. Rəqibi ilə bacarmayan Murtuzəli Oyunları "gümüş"lə başa vurub.

 

86 kq çəkidə son illərin dəyişməz təmsilçisi Şərif Şərifov yarışıb. İdmançımız İslamiada çərçivəsindəki ilk görüşünə 1/8 final mərhələsində çıxıb. İkiqat Olimpiya mükafatçımızın ilk rəqibi Nazar Cabir Əl Muşattat (İraq) olub. 10:0 hesablı qələbə qazanan idmançımız növbəti görüşdə də çətinlik çəkməyib. O, pakistanlı Məhəmməd İnamı 11:1 hesabı ilə üstələyərək, adını yarımfinala yazdırıb. Şərifovun final yolundakı son rəqibi İran güləşçisi Hassan Yazdaniçarati olub. İki Olimpiya çempionunun mübarizəsində iranlı daha güclü güləşib. Yazdaniçarati ikinci hissənin əvvəllərində hesabı 11:00-a çatdırıb və vaxtından əvvəl qələbə qazanaraq, finala yüksəlib. Şərif isə bürünc medal uğrunda Bahodur Kadırovla (Tacikistan) qarşılaşıb. Açıq-aşkar rəqibindən üstün olan Şərif turniri üçüncü sırada başa vurub.

 

125 kq-da güləşən Cəmaləddin Maqomedov mübarizəyə 1/4 final mərhələsindən start verib. İlk olaraq Raca Alkradla (Suriya) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə (10:0) qazanaraq, yarımfinala adlayıb. Pəhləvanımız bu mərhələdə iranlı Caber Zadeqzadeyə (İran) gücünü göstərib. Hacı Əliyev kimi, Cəmaləddin Maqomedov da bu mərhələdə iranlı rəqibindən güclü olub - 7:3. Bu isə onun finala çıxması ilə nəticələnib. 28 yaşlı pəhləvanımız həlledici görüşünü Daulet Şabanbaya (Qazaxıstan) qarşı keçirib. İdmançımız gərgin keçən döyüşdən qalib ayrılmağı bacarıb. Mübarizənin gedişində hesabda geri düşsə də, sonlarda özündə güc tapan pəhləvanımız "qızıl"ı boynundan asmağı bacarıb.


Digər xəbərlər

Xəbər xətti