Mourinyo üsyan etdi: "5 ayda 37 oyun keçirmişik" - AÇIQLAMA

13:09 20 May 2017

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalı barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında finaldakı rəqibləri “Ayaks” barədə maraqlı fikir bildirib. Belə ki, Mou Amsterdam təmsilçisinin Avroliqa komandası olmadığını, ümumiyyətlə, Çempionlar Liqasında məğlub olan komandaların bu liqaya gəlməsinin əleyhinə olduğunu deyib:

 

“Ayaks” Avropa Liqasında oynamağa layiq deyil. Çünki onlar Çempionlar Liqası komandasıdı. Onlar ÇL-dən gəliblər, Avropa Liqası komandası deyillər. Bunu qəbul etmirəm. Bir komanda eyni mövsümdə iki fərqli turnirdə oynamamalıdı. Məğlub olduqda, evinə qayıtmalıdı. Avropa Liqası digər turnirdə mübarizəni dayandırdıqda gediləcək yer olmamalıdı. Avropa Liqasında ancaq bura vəsiqə qazanmış komandalar mübarizə aparmalıdı. Bizim kimi. Keçən mövsümdə çempionatı 5-ci pillədə başa vurduq və bu turnirdə oynamağa haqq qazandıq. Mövsümün əvvəlindən bəri bu turnirdəyik və hazırda olduğumuz yer üçün mübarizə aparmışıq”.

 

Mourinyo komandasının son 5 ayda 37 oyun keçirdiyi bildirərək, bunun onlar üçün problem olduğunu deyib:

 

“Bizim ən böyük problemimiz çox oyun keçirməyimizdi. Son 5 ayda 37 oyun keçirmişik. Bu, normanın üstündədi. Son 5 ayda oynadığımız oyun sayı, normal komandanın bütün mövsüm boyu keçirdiyi matç sayı ilə eynidi. Zlatan İbrahimoviç, Markos Roxo və Eşli Yonq olsaydı daha yaxşı olardı, lakin yenə də finala hazırıq”.

 

“Mançester Yunayted” və “Ayaks” arasında həlledici oyun mayın 24-də, İsveçin Stokholm şəhərinin “Frends Arena” stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti