Heç kim "Neftçi"də işləmək istəmir?

13:38 24 May 2017

Mövsüm başa çatandan sonra “Neftçi”də durğunluğun olmasının başlıca səbəblərindən biri də klubda mətbuat katibinin yoxluğudu.

 

Sportarena.az xəbər verir ki, son iki ildə Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışan Mehman Rəsulovun iş yerini tərk etməsindən sonra məlum post boş qalıb.

 

Odu ki, transfer çalışmaları ilə bağlı hərə bir ehtimal irəli sürür, şayiələr bir-birini əvəz edir. Klubda mətbuatla əlaqə qurmalı olan şəxsin yoxluğuna görədi ki, dəqiq bilgi almaqda çətinlik çəkirik.


Deyəsən, bu boşluq hələ çox sürəcək. İş burasındadı ki, “Neftçi”də mətbuat katibi olmağı arzulayan yoxdu. Vaxtilə bir çoxları üçün əlçatmaz olan klubun son illər çəkisini itirməsindən sonra “ağ-qaralar”a təzyiq dalğası əməlli-başlı artıb. Məhz bu səbəbdən illərini jurnalistikaya həsr edənlər bu yükün altına girmək istəmir. Ağlı başında olan hər kəs hansı çətinliklərlə üzləşəcəyini, həmkarları ilə üz-göz olacağını dərk etdiyindən bu işdən boyun qaçırır. İndiki vəziyyətdə “Neftçi”nin mətbuat katibi olmaq faktiki gələcək karyeranı risk altına atmaq, olan-qalan hörmətini də itirmək ehtimalı deməkdi. 

 

Xatırlayırsızsa, bir müddət əvvəl Mehman Rəsulovun yerinə “CBC Sport”da çalışan, uzun illərdi jurnalistikada olan Rüstəm Əfsərlinin təyin olacağını yazmışdıq. Lakin sabiq “Futbol+”çi təklifə müsbət yanaşmayıb. Bunu da telekanaldakı durumundan qane olmasıyla əlaqələndirib. “CBC Sport”da səlahiyyət sahibi olan Əfsərli “Neftçi”də sıradan biri olmaq istəməyib. Növbəti hədəf Eldəniz Yusifov olub. O da vaxtilə “Futbol+”də çalışıb, çiyinlərində illərin təcrübəsini daşıyır. Son 13 ildə isə AZAL-ın uğurları üçün “tər töküb”. İllər öncə mətbuat katibi idi, sonradan menecer funksiyasını yerinə yetirirdi. Yəni əsas işi sənədləşmə işləriylə məşğul olmaq idi. AZAL-ın tarixin yaddaşına qovuşduğunu nəzərə alan “Neftçi” rəsmiləri Eldəniz bəyə mətbuatla bağlı departamentin rəhbəri postunu təklif edib. Yusifov isə ilk cəhddəcə bundan imtina edib. Səbəbini də “Şüvəlan”ın yaranması və son illərdə klub idarəçisi kimi çalışmasıyla əlaqələndirib. Hər halda, əldə etdiyimiz məlumat belədi. Dünən özü ilə əlaqə saxlayıb, həqiqəti dilindən eşitmək istədik. Xırdalıqlara varmaq istəməsə də, ümumi fikir bildirməkdən boyun qaçırmadı. Hər halda, vəziyyət dediyimiz kimi olmasaydı, Yusifov “xeyr, mətbuat katibi postu təklif olunmayıb” ifadəsini dilinə gətirərdi. Susdusa, deməli, məlumatımız həqiqəti əks etdirir:

 

“Mayın 3-də AZAL-ın rəsmən fəaliyyətini dayandırması bilinəndən sonra bəzi təkliflər aldım. Onların arasında “Neftçi” variantı da vardı. Amma nə haqda söhbət etdiyimizi, hansı təklif aldığımı demək istəmirəm. Fikrimcə, bunu açıqlamağım etik cəhətdən düzgün deyil. Hazırda bütün diqqətimizi “Şüvəlan”ın formalaşdırılmasına ayırmışıq. İçi mən daxil hər kəs nə olacağını gözləyir. Durum yaxşı olsa, təbii ki, “Şüvəlan”da qalacam. Hər halda, uzun illərdi klubun içindəyəm. Yox, yaxşı mənada hansısa yenilik olmasa, məcbur olub başqa təklifləri nəzərdən keçirəcəm. Bir məqamı qeyd edim ki, mətbuat katibi işləmək niyyətim yoxdu. Artıq neçə ildi AZAL-da menecer vəzifəsini daşıyıram. Klub idarəçiliyi ilə bağlı müəyyən təcrübəyə sahibəm. Bu üzdən fəaliyyətimi mətbuat katibi yox, klub idarəçisi kimi davam etdirməkdə maraqlıyam. Gözləyək, görək nə olacaq”.

 

mənbə: "Futbol plus" qəzeti


Digər xəbərlər

Xəbər xətti