Tarixi oyuna səyahət: “Bir “sumka” verirdilər onu da Bakıya qayıdan kimi alırdılar” - YAZI + VİDEO

15:58 24 May 2017

Müstəqilliyimizi qazandıqdan sonra hər sahədə olduğu kimi, futbolda da müstəqil siyasət yürütməyə başladıq. Digər keçmiş SSRİ dövlətlərində olduğu kimi, bizdə də yerli futbol federasiyası təsis edildi, milli komanda təşkil olundu. 1992-ci ilin may ayında AFFA yaradıldı. Amma FİFA və UEFA-ya üzv olmadığımız üçün DÇ-94-ün seçmə oyunlarında iştirak edə bilmədik. 1994-cü ilin iyun ayında ABŞ-da keçirilən dünya çempionatı zamanı həm də FİFA-nın konqresi keçirilirdi. Məhz həmin konqresdə AFFA FİFA-ya və UEFA-ya rəsmi üzv qəbul olundu. Bu isə o demək idi ki, AÇ-96-nın seçmə oyunlarında biz də iştirak edəcəyik.

 

AÇ-96-nın seçmə qrupu bizə güclü komandaları rəqib elədi. I  qrupda yer alan millimizin bəxtinə Fransa, Rumıniya, Slovakiya, Polşa və İsrail kimi rəqiblər düşdü. Təbii ki, bu cür qrupdan hər hansı bir uğur gözləmək sadəlövlük olardı. Üstəlik, nəzərə alaq ki, bu, millimizin Avropada debütü idi və beynəlxalq təcrübənin yoxluğu da sözünü deyəcəkdi. Gözlənilən oldu. Millimiz debüt matçını 1994-cü ilin sentyabrında səfərdə Rumıniyaya qarşı keçirdi və gözlənildiyi kimi, 0:3 hesabı ilə məğlub oldu. Növbəti oyunlarda da ciddi nəticə olmadı. Xüsusilə Fransaya səfərdə 0:10-luq rüsvayçı məğlubiyyət qeyd olunmalıdır. Xal götürməyə daha çox ümid bəslədiyimiz İsrailə də 0:2 uduzduq. Polşa ilə oyunda 1 xala ümid etsək də bu da baş vermədi və həmin  oyunu da 0:1 uduzduq. 

 

Ümid etmək olardı ki, heç olmasa evdə keçirəcəyimiz oyunlarda kimisə büdrədə bilək. Lakin həmin dövrdə ölkədəki siyasi vəziyyət səbəbindən FİFA ev oyunlarımızı Azərbaycanda keçirməyə imkan vermirdi. Ona görə də rəqiblərimizi Türkiyənin Trabzon şəhərində qəbul edirdik. Bu faktın özü də əlehimizə işləyirdi. Çünki Türkiyə nə qədər bizə yaxın ölkə olsa da evin yerini vermirdi.  Buna görə də orda oynadığımız oyunlarda da heç bir nəticə qazana bilmirdik. Demək olar ki, qrupdakı bütün oyunlarımızı səfərdə keçirirdik. 

 

1995-ci il noyabrın 15-i. Qrupumuzdakı son ev matçımıza çıxırdıq. Rəqib Polşa idi. Həmin oyuna qədər keçirdiyimiz bütün oyunlarda məğlub olmuşduq.  Qrupu ən azı 1 xalla başa vurmaq üçün son şansımız idi. Həmin ərəfədə Polşanın Avropa çempionatına getmək şansı olmasa da, onlar da Trabzona qələbə üçün gəlmişdilər.  Çünki qrupda daha çox xal toplayıb daha yüksək pillədə qərarlaşmaq istəyirdilər. Bu mənada meydançada açıq oyunun gedəcəyi gözlənlən idi. Belə də oldu. Meydançada doğurdan da açıq futbol getdi və hər iki tərəfin fərqlənmək üçün kifayət qədər imkanları oldu. Lakin heç kim bu imkanlardan yararlana bilməyincə oyunda da hesab açılmadı. 0:0-lıq heç-heçə sayəsində aktivimizə yazılan bu 1 xal milli komandamızın beynəlxalq arenada qazandığı ilk xal kimi tarixə düşdü.  Bu xal həm də reytinqimizə yazılan ilk xal oldu. Həm də ilk dəfə qatıldığımız seçmə mərhələni xalsız başa vurmadıq. Bu yazımızda da məhz həmin matçı xatırlayacağıq, sizi 22 il bundan əvvələ aparacağıq. Təbii ki, bunu tək yox, həmsöhbətimizlə birgə edəcəyik. Həmsöhbətimiz isə həmin matçın iştirakçılarından olmuş Vladislav Qədirovdu.  

 

Qədirov həm də həmin oyunun ən fəallarından olub. İlk hissədə millimizin heyətində rəqib qapısına ilk zərbəni də məhz o endirb. Görəsən, veteran futbolçu həmin oyunu necə xatırlayır, ümumiyyətlə, millimiz həmin oyuna necə hazırlaşmışdı. Çünki Polşanı qəbul etməmişdənb əvvəl komandamız iki ağır səfər matçı keçirmiş, Fransaya 0:10, İsrailə isə 0:2 hesabı ilə uduzmuşdu. Bu cür məğlubiyyətlərdən sonra toparlanıb qrupu major notda başa vurmaq asan deyildi.

 

 

“Həmin vaxt Rumıniya Fransadan da güclü idi”.

 

Qədirovla söhbətə öncə püşkdən başladıq. Çünki beynəlxalq aləmdə debüt edəcəyimizdən qrup rəqiblərimizin kimliyi çox vacib idi. Ən azı daha çox xal toplamaq şansı baxımından. Püşk isə üzümüzə gülmədi: “Həmin vaxt ilk dəfə idi seçmə oyunlara qatılırdıq. Çətin olacağını öncədən də bilirdik. Heyətimiz güclü idi. Çox yaxşı futbolçularımız var idi. Sadəcə, beynəlxalq oyun təcrübəmiz yox idi ki, bu da ən böyük problem idi. Püşkdə kimin çıxacağından asılı olmayaraq bütün rəqiblərin güclü olacağını da bilirdik. Amma hər şey düşündüyümüzdən də pis oldu. Çünki püşk həqiqətən də bizə güclü rəqiblər qismət elədi. Fransanın adı hər şeyi deyirdi. Həmin heyət başdan ayağa ulduzlar idi. Təsadüfi deyil ki, o heyət 1998-ci ildə dünya çempionu oldu. Rumıniya həmin vaxt Fransadan da güclü idi. Popesku, Filipesku, Raduçoyu və s. Slovakiya da güclü komanda idi. Çexoslavakiyada futbol həmişə güclü olub. Digər rəqiblər İsrail və Polşa idi ki, onların da heyətində yaxşı futbolçular var idi. Bir sözlə, qrupun ən zəifi biz idik”.

 

 

“Fransa futbolçuları ilk 10 dəqiqədə topa həsrət qaldı”

 

Polşa ilə oyun qrupda son oyunumuz olduğundan bu haqda bir qədər sonra daha ətraflı söhbət açacağıq. İstərdik ki, sizi Polşa ilə oyuna qədər olan gedişatla da qısaca tanış edək. Yazının girişində də qeyd etdiyimiz kimi, qrupa 1994-cü ilin sentyabrında səfərdə Rumıniya ilə oyunla başladıq və 0:3 məğlub oldu. Bundan sonra keçirdiyimiz digər görüşləri də uğursuz keçirdik və məğlubiyyətləri sıraladıq. Bu məğlubiyyətlərdən ikisi böyük hesablı oldu. Rumıniyaya ev oyunlarını keçirdiyimiz Trabzonda da 1:4 uduzduq. Slovakiyada yerli komandaya da bu hesabla məğlub olduq. Fransaya 1995-ci ildəki 0:10-luq məğlubiyyətdən isə danışmağa dəyməz. Lakin bütün bunlara baxmayaraq, həmsöhbətimiz iddia edir ki, onlar bu cür məğlubiyyətlərə layiq deyildi: “Hər kəs hesablara baxıb danışır. Amma mən sizə deyim ki, məğlubiyyətlərə baxmayaraq, oyunları heç də pis oynamırdıq. Heyətimizdə çox gücü futbolçular oynayırdı. Mən o heyəti ən güclü heyət sayıram. Nazim Süleymanov, Vəli Qasımov, Yunis Hüseynov, Aleksandr Jidkov, Tərlan Əhmədov, Vidadi Rzayev... Fransaya 0:10 uduzduğumuz oyunun kasetinə baxın görün oyun ərzində nə qədər hücum edirik. Qol vurmaq üçün bizim də yetərincə imkanlarımız oldu. İlk 10 dəqiqədə Fransa futbolçuları topa həsrət qalmışdılar. Ancaq biz hücum edirdik. Sadəcə, oyun təc rübəsinin azlığı həmin imkanları qola çevirməyə imkan vermirdi.  Rəqibin isə bütün futbolçuları dübya səviyyəli ulduzlar idi və əllərinə düşən bütün imkanları qola çevirirdi. Demək olar ki, qapıçı Lamadan başqa hamı bizə qol vurdu. Burda qapıçımızın da inamsız oyunu öz təsirini göstərdi. İlk 2-3 qol demək olar ki, qapıçının inamsız oyununu nəticəsində vuruldu. Rumıniya ilə səfər oyununda hesab 0:0 olanda Yunis Hüseynovun əla qol imkanı olmuşdu. Yəni oyun planında rəqiblərimizdən geri qalmırdıq”.

 

 

“Vəli Qasımov elə imkanı qaçırdı ki...”


Nəhayət, gəldik Polşa ilə tarixi oyunun üzərinə. Qrupdakı bütün oyunlarını uduzan millimizin xal üçün tək ümidi Polşa ilə son matç idi. Bu oyunda da xal qazanmasaydıq ilk dəfə qatıldığımız seçmə mərhələni 0 xalla başa vuracaqdıq. Lakin Fransaya 0:10 və İsrailə 0:2-lik məğlubiyyətlərdən sonra özündə güc tapan futbolçularımız son anda toparlanaraq tarixi xalı qazana bildilər. Qədirov həmin oyunu bu cür xatırlayır: “Biz Polşa ilə səfərdə də yaxşı oyamışdıq. Ani bir epizodda diqqətsizlik etdik və rəqib də yeganə qolu vuraraq qalib gəldi. Trabzondakı oyuna isə qələbə üçün çıxmışdıq. Komandanı xüsusi motivasiya etməyə ehtiyac yox idi. Çünki qrupun ən zəif komandası idik və heç bir iddiamız yox idi. Ona görə də bütün oyunlara qələbə üçün çıxırdıq. Onu da sizə deyim ki, heç kimdən çəkinmirdik.  Fransa istisna olmaqla, digər rəqiblərin hamısına qarşı hücum futbolu oynayırdıq. Fikirləşmirdik ki, arxaya çəkilib qapımızdan qol buraxmayaq.  Polşa ilə oyuna da qələbə üçün çıxmışdıq. İstəyirdik ki, qrupun son oyununu 3 xalla başa vuraq. Oyunu da çox yaxşı oynamışdıq. Oyun demək olar ki, bizim tam üstünlüyümüzlə keçdi. Bir neçə real qol imkanlarını qaçırdıq. Vəli Qasımov ilk hissədə eleə imkanı qaçırdı ki... 100 faizlik epizod idi sadəcə, topa ayaq qoyub onu qapıdan keçirmək lazım idi. Yunis Hüseynovun da yaxşı qol şansı olmuşdu.  Mən özüm də iki dəfə uzaq məsafədən qapını yoxlamışdım. Amma epizodları vura bilməyincə yekunda 1 xala razılaşdıq”.

 

 

“Nə mükafat, bir “sumka” verirdilər onu da Bakıya qayıdan kimi alırdılar”

 

Seçmə mərhələdə ilk xalımızı qazandığımız üçün düşünmək olardı ki, futbolçulara müəyyən mükafat da veriləcək. Lakin Vladislav bəyin sözlərindən belə başa düşdük ki, o vaxt millidə pul adı çəkmək günah idi. Həmsöhbətimiz o dövr millidəki ağır durumu da xatırladı: “Müküfatdan danışırsınız, sizə deyim  ki, bu məsələ çox gülməli idi. Heç gəlib demirdilər ki, filan oyunu udsanız sizə mükafat veriləcək. Biz, ümumiyyətlə, o dövr pul üçün oynamırdıq. Daha doğrusu, meydançaya çıxanda ilk növbədə Vətənimiz üçün oynayırdıq. “Sutoçnı” adama 50 dollar pul verirdilər. Mükafat söhbəti olmurdu. Polşa ilə oyunda qazanılan xala görə də mükafat verilməmişdi. Həm nə mükafat e, oyunlara gedəndə bir “sumka” verirdilər onu da Bakıya qayıdan kimi alırdılar (gülür). Çünki imkansızlıq idi adicə forma çatışmırdı. İndiki şəraitin yarısı onda olsa biz dünya çempionatına çıxardıq. Bu gün baxırıq ki, milli komandaya hansı şərait yaradılıb, harda hazırlıq keçirlər, hansı ölkələrə yollanırlar, hansı məbləğdə mükafat alırlar. Mükafat bir yana, biz o vaxt cibimizin puluna bilet alıb millinin düşərgəsinə gəlirdik. Mən o vaxt Rusiyada legioner həyatı yaşayırdım, Tulanın “Arsenal” komandasında oynayırdım. Özüm bilet alıb millinin toplanışına gəlmişəm.  Şəraitimiz də məlum idi. Avstriya yox idi, Dubay yox idi Zağulbada toplaşıb 2 gün məşq eliyib Trabzona yola düşürdük. İki gün də orda məşq eliyib oyuna çıxırdıq. Biz bu şəraitdə futbol oynamışıq. Amma fəxr edirdikki, millidə oynayırıq, Azərbaycanın adını təmsil edirik.  İndi futbol oynamağa nə var ki? Sənin tək problemin futbol oynamaqdır. Biz fikirləşirdik ki, görəsən hardan pul tapıb bilet alaq ki, millinin düşərgəsinə gedək”.

 

 

“Qardaş deyib Türkiyəni seçdik, amma...”

 

Polşa ilə 0:0 başa çatan oyunun protokolunu gözdən keçirərkən azarkeş sayı da diqqətimizi çəkdi. Trabzonun 30 minlik “Avni Aker” stadionunda keçirilən oyunu cəmi 200 azarkeş izləmişdi. Qədirov bu məsələyə də toxundu: “Bəli, Polşa ilə oyunda azarkeş yox idi. Ümumiyətlə, həmin dövrdə Azərbaycanda vəziyyət yaxşı olmadığı üçün ev oyunlarımızıölkə xaricində keçirəcəyimiz məlum idi. Sadəcə, orda seçim etmək lazım idi. Həmin vaxt iki variant var idi Moldova və Türkiyə. Bizimkilər qardaşdı deyib Türkiyəni seçdilər. Amma sizə deyim ki, bu seçimin heç bir faydasını görmədik. Oyunlarımıza demək olar ki, gələn yox idi. Azarkeş sayı çox az olurdu və heç bir dəstək görmürdük.  Yalnız Fransa ilə oyunda bir qədər azarkeş var idi ki, onlar da məlum məsələdir ki, bizə görə yox, Fransaya görə gəlmişdilər. Kimə lazım idi Azərbaycanın oyunu? Təbii ki, Azərbaycanda oynasaydıq dolu tribunalar önündə oynayardıq ki, bu da nəticələrə də təsir edərdi”.


 

1 qrup
Avro-96
Azərbaycan – Polşa 0:0
15 noyabr 1995
Hakim: 
Leslie Mottram (Şotlandiya)
Trabzon, Avni Aker stadionu 200 tamaşaçı
 

Azərbaycan: Aleksandr Jidkov, İqor Getman, Deni Qaysumov, Tərlan Əhmədov, Yaşar Vahabzadə, Rasim Abuşov, Vidadi Rzayev (Qurban Qurbanov, 69), Vladislav Qədirov (Mahmud Qurbanov,  67), Nazim Süleymanov (Vyaçeslav Lıçkin, 82), Vəli Qasımov
Baş məşqçi: Kazbek Tuayev

 

Polşa: Andrej Voznyak, Valdemar Jaskulski, Marek Sverçevski, Tomas Valdos, krizyastof Bukalski (Tomas Lenart, 72), Silvestr Çerezevski, Ryzard Çervieç, Pavel Vojtala, Tomas Sokolovski, (Slavomir Majak (Rafal Siadaçka, 46), Henrik Baluszunski (Marçin Kuzba, 67) 
Baş məşqçi:  Henrik Hapostel

 

 

 

 

Mənbə: Rekord.az

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir


Digər xəbərlər

Xəbər xətti