Maşallah Əhmədov zərərçəkmişi hədələdi

18:58 24 May 2017

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Yusif Əzizov deyib ki, aqlay daşların bir qismi Maşallah Əhmədov tərəfindən "Sahil" MTK-ya verilib. Əzizovun vəkili isə deyib ki, iki maşın daşın əvəzinə MTK Əhmədova iki mənzil verib:

 

"Bunu MTK-nın direktoru Kamil müəllim deyib".

 

Hakim qərar verib ki, "Sahil" MTK-nın Maşallah Əhmədovdan aldığı daşlarla üzləmə işi aparılan binalara baxış keçiriləcək:

 

"Çünki hər iki tərəf qarşı tərəfin təqdim etdiyi daşları qəbul etmir. Baxış keçirib, daşların rəngini və növünü müəyyən edəcəyik".

 

İclasda aqlay daşların hansı növdə və rəngdə olması mübahisə yaradıb. Əhmədovun çıxışı aqressiv olub:

 

"Sən 10 min verib, 20 min istəyirsən. Adam kişi olar, sən görəcəksən".

 

Bundan sonra hakim Maşallah Əhmədova xəbərdarlıq edib və bildirib ki, növbəti dəfə prosesi pozarsa, zaldan çıxarılacaq və məhkəmə onun iştirakı olmadan keçiriləcək.

 

Məhkəmə prosesi iyunun 2-də davam etdiriləcək.

 

İttihama görə, Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbər xətti