"Qarabağ"ın Avstriyadakı rəqibləri müəyyənləşdi

13:56 27 May 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın hazırlıq planına böyük ölçüdə aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bu barədə apasport.az saytına klubun baş meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, iyunun 1-də Bakıda bir araya gələcək komanda 15 gün sonra təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Ağdam təmsilçisinin bu ölkədə neçə gün qalacağı Çempionlar Liqasının püşkatmasından asılı olacaq.

 

Belə ki, “Qarabağ” II təsnifat mərhələsində ilk görüşünü Bakıda keçirsə, Qurban Qurbanovun yetirmələri vətənə erkən qayıdacaqlar. Əks təqdirdə, yəni ilk matçına səfərdə çıxacağı halda, komandanın Avstriya toplanışının müddəti uzanacaq.   

 

 

Əsgərov vurğulayıb ki, “Qarabağ” hazırlıq müddətində minimum 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi də artıq müəyyənləşib. Azərbaycan çempionu ilk matçını iyunun 20-də Rusiya təmsilçisi “Terek”ə qarşı keçirəcək. Ayın 24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək ağdamlılar 4 gün sonra yenidən meydana ayaq basacaqlar. Budəfəki rəqib isə Rusiya Premyer Liqasına qayıdan “Dinamo” (Moskva) olacaq.

 

Qurban Qurbanov yetirmələrini daha 1 və ya 2 sınaq matçında yoxlaya bilər. Bu isə iyunun 19-da keçiriləcək püşkatmadan asılı olacaq.


Digər xəbərlər

Xəbər xətti