"Elvin Səfərli 25 yaş kiçik ola-ola mənə "atış" gəlir" - Qəhrəman Əliyev - AÇIQLAMA

17:38 27 May 2017

Ötən mövsüm birinci divizionda elitaya çıxmaq ümidi ilə mübarizə aparan “Şəmkir”in arzuları gerçəkləşmədi.

 

Sportarena.az xəbər verir ki, Lisenziya Komissiyasının növbəti mövsüm premyer-liqada yenə 8 komandanın iştirak edəcəyi ilə bağlı məlum qərarı bölgə təmsilçisinin ümidlərini puça çıxardı. Klub rəhbərliyi bir neçə dəfə elitada oynamağa hazır olduğunu açıqlasa da, “Şəmkir”in problemləri başından aşır. Qış təlim-məşq toplanışını Türkiyədə keçirməsinə baxmayaraq, “ağ-qırmızılar”ın maliyyə sıxıntısı var. Elitada çıxışa maneə yaradan əsas səbəb də budu. 

 


Ötən saylarımızın birində də yazdığımız kimi, “Şəmkir” futbolçuların 2 aylıq maaşını ödəyə bilmir. Hələ bu harasıdı?! Klub nəinki futbolçuların, heç sabiq baş məşqçi Qəhrəman Əliyevin də məvacibini ödəmək iqtidarında deyil. Daha doğrusu, rəhbərlik Əliyevlə aralarındakı şəxsi prinsipə görə borcu qaytarmaq istəmir. Məsələ ilə bağlı Qəhrəman bəyin özü ilə əlaqə saxladıq. Onun sözlərinə görə, “Şəmkir”dən yanvar və fevralın ilk 15 günlüyünün məvacinini ala bilmir:

 

“Şəmkir”də nələrin yaşandığını bilmirəm. Ordan uzaqlaşandan sonra klubun taleyi ilə yaxından maraqlanmıram. İnformasiyaları ancaq mətbuatdan oxuyuram. Hazırda onu bilirəm ki, klub futbolçuların 2 aylıq maaşını ödəməyib. Niyə ödəyə bilmədiklərini deyə bilmərəm. Mənim də bu klubla problemim məhz maaşa görədi. Fevralın 17-də “Şəmkir”dən öz istəyimlə istefa verib ayrılmışam. Həmin vaxt klubda maaşlar gecikirdi. Yanvarın və fevralın 15-nə qədər məvacibin ödənilməyib. Halbuki həmin ayların maaşı futbolçulara ödənilib. Rəhbərlik bildirmişdi ki, məvacibim veriləcək, heç bir problem yoxdu. Sponsor kluba pulu verib, futbolçulara da ödənilib. Amma mənim halal pulum qaytarılmır. Klubla davam məhz buna görədi. Klub rəhbərliyi ilə dəfələrlə danışmışam. Gah dedi ki, ödəyəcəyik, gah da xəbər göndərib pulun qaytarılmayacağını bildirdi. Sonra 2250 manatın 1000 manatını ödədilər. 1250 manat isə hələ də qaytarılmayıb. İndi heç telefon zənglərimə də cavab vermir. Heç cür klub rəhbəri Elvin Səfərli ilə danışmaq mümkün deyil. Komandaya yanvar və fevralın məvacibi ödənilməsəydi, mən səsimi çıxarmazdım. Axı sponsor maaşları rəhbərliyə verib, amma mənim məvacibim hələ çatmayıb. Niyə? Bunun səbəbini bilmirəm. Mən həmin pulu halal zəhmətimlə qazanmışam. Heç vaxt kiminsə qəpiyində gözüm olmayıb. Həmişə istəmişəm ki, vicdanla işləyim. Halal zəhmətimi niyə tələb etməyim? 30 illik məşqçilik karyeramda ilk dəfə bu halla üzləşmişəm. Artıq Elvinin adını eşidən kimi əsəbləşirəm”.

 

Qəhrəman bəy deyir ki, komanda ilk dövrədə çox yaxşı çıxış edib, amma işinə qiymət verilməyib:

 

“Təsəvvür edin, birinci divizionda mövsümün başlamasına 5 gün qalmış “Şəmkir”in baş məşqçisi olmuşam. İlk dövrəni komanda 2-ci yerdə başa vurub. Hansı ki, bu yer premyer-liqaya vəsiqə üçün yetərli idi. Kişi kimi çalışmışam. Komandanın ən çətin dövründə baş məşqçi olmuşam. Amma Elvin Səfərli futbol adamı deyil. Fikri daim başqa işlərdə olub. Ola bilsin, Avropada oxuyub, savadlıdı, idarəçiliyi yaxşı bacarır. Amma bu adam futbolluq deyil. 25 yaş məndən kiçik ola-ola, mənə atış gəlir. Mənim iş təcrübəm onun yaşından da çoxdu. Məni ələ salmaq lazım deyil. Mətbuata da məni yalançı çıxarıb. Xəcalət çəkirəm. Pul davası etməyimə özü şərait yaratdı. O pulu nə vaxtsa alsam, yetim-yesirə verəcəm ki, xərcləsinlər. Sadəcə, prinsip məsələsidi. Vicdanla, zəhmətlə çalışmışam. Onu tələb edirəm. Yalan danışmaqla klubu idarə etmək mümkün deyil. Gec-tez bunun üstü açılacaq. Heç olmasa, onu desin ki, pulu sənə vermək istəmirəm, yoxumdu. Hər kəs öz haqqını tələb etməlidi. Kimsə ədalətli insana pis gözlə baxmamalıdı”. 

 


Təcrübəli mütəxəssis “Şəmkir” azarkeşlərinə də təşəkkür etdi:

 

“Mən lap əvvəllər də “Şəmkir”də çalışmışam. O vaxt stadiona məşqimizi izləməyə 3 min adam gəlirdi. Şəmkirdə futbolu sevirlər, anlayırlar və təhlil etməyi bacarırlar. Ötən mövsümün ilk dövrəsində də biz onları meydanlara qaytarmağa başladıq. Oyunlarımızı 3-4 min nəfər izləyirdi. Komandanın niyə premyer-liqaya buraxılmadığını deyə bilmərəm. Öz işləridi. Mənə Şəmkirdə dəstək olan hər kəsə təşəkkür edirəm. Dəstəksiz komandanı sıxışdırmaq mümkünsüzdü. Orda olduğum dövrdə komandanı çox yaxşı idarə etmişəm”. 

 

Çalışdırıcı artıq həvəskarlar liqasında çıxış edən “Bakı”ya qayıtdığını bildirdi:

 

“Bəli, hazırda “Bakı”da baş məşqçiyəm. Novruz Əzimov “Neftçi”yə köməkçi-məşqçi gedəndən sonra məni burda rəsmən baş məşqçi təyin etdilər. İşimi burda davam etdirirəm”. 

 

Mənbə: "Futbol plus" qəzeti


Digər xəbərlər

Xəbər xətti