MOİK Heydər Əliyev kubokunun qalibi oldu - FOTOLAR

10:45 31 May 2017

Heydər Əliyev Kuboku uğrunda keçirilən futbol turnirinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışda 4 komanda – “Araz Naxçıvan”, MOİK, “Mil-Muğan” və “Zaqatala” iştirak ediblər. 


Yarışın qalib və mükafatçıları sonuncu turda müəyyənləşib. Günün ilk oyununda "Zaqatala" və "Mil-Muğan" komandaları qarşılaşıblar. 1:1 hesabı ilə yekunlaşan görüşdə "Zaqatala"dan 20-ci dəqiqədə Yusif Pranov, "Mil-Muğan"dan isə 90+2-ci dəqiqədə Emin Cəfərquliyev fərqlənib. Bu oyunda "Zaqatala" ilk, "Mil-Muğan" isə 5-ci xalını qazanıb. 


Yarışın qalibi isə günün son oyununda müəyyənləşib. "Araz Naçıvan"ı 90+2-ci dəqiqədə Ruslan Nəsirlinin qolu ilə 1:0 hesabı ilə məğlub edən MOİK 7 xalla yarışın qalibi olub. Yarışın gümüş medallarını aktivində 5 xal olan "Mil-Muğan", bürünc medalını isə 3 xallı "Araz Naxçıvan" yiyələnib.

 

Turnirdə eyni zamanda fərdi nominasiyalar üzrə qaliblər də mükafatlandırılıb: 


Ən yaxşı qapıçı – Əli Həsənli (MOİK)
Ən yaxşı oyunçu – Tofiq Mikayılov (“Mil-Muğan”)
Ən yaxşı bombardir – Rəhman Musayev  (MOİK)


Fərdi nominasiyalar üzrə mükafatları, eləcə də gümüş və bürünc medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim ediblər. Yarışın qızıl medallarını və Heydər Əliyev Kubokunu qalibə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov təqdim edib. Digər komanda üzvləri ilə də görüşən Vasif Talıbov onlara gələcək yarışlarda uğurlar arzulayıb.

 

 

 

 


Xəbər xətti