Sportarena.az
24 İyul 2017

Açıq Neft Birinciliyi - YAZI

12 Punto 14 Punto 16 Punto 18 Punto

O gün televizorda basketbol üzrə VTB Birləşmiş Liqanın III yarımfinal oyununa baxırdım. Düşündüm ki, NBA ilə müqayisədə Köhnə Qitənin səviyyəsi necə təsir bağışlayacaq? Krasnodarda “Lokomotiv-Kuban"la CSKA qarşılaşırdı. Elə əlimi əlimə çırpıb istəyimin reallaşacağı barədə fikrə getmək istəyirdim ki, oyunun titri məni başqa aləmə apardı. Məlum oldu ki, Krasnodarda inşa edilmiş əl oyunları sarayının adı çox sadədir - Basket Hall. Qısa, konkret, lakonik. Tələffüzdə 1 hərfi dəyişməklə idman oyunu idman arenasına çevrilə bilir.

 

Bunu heç, elə-belə yazdım. Bəlkə də yazacağım, daha doğrusu yazmaq istədiyim yazıya zərrə qədər də aidiyyatı yoxdur, kiçik şeydir. Amma dərindən düşünəndə bəlkə də böyük uğurların açarları elə bu kiçik nəsnələrdədir?


Çox çək-çevirdən sonra belə qərara gəldim ki, bu dəfə də futboldan yazım. Üzümüzə gələn çempionatın Premyer Liqasından. Əminəm ki, bu il də birinciliyimiz maraqlı keçəcək. Avropanın ən güclü çempionatı olacaq. İnanmayanlar əlini atsın, mərc edək. Dünyanın elə bir ölkəsini xatırlamıram ki, sovet dilində desək, ustalardan ibarət yarışlarda iştirak edən komandalardan tən yarısı Avropaya çıxsın. İngiltərə bu il qitəyə 8 klub “transfer" edir. Bu da komandalarının 40 faizi deməkdir. Amma bizdə iştirakçı komandaların 50 faizi. Gəl, indi bundan sonra bu sarkazmlı vəziyyəti analiz elə.

 

Yazım heç buna da aid deyil. Kapitalizmimiz gəlib futbolu da ağuşuna alıb. Ölkə çempionatında 3 komanda iştirak edir desək, yəqin yanılmarıq: “Qarabağ", “Qəbələ" və başqaları. Başqaları deyəndə də SOCAR-ın dolayısıyla maliyyə dəstəyinə ümid edən komandalar. Nəzərə alsaq ki, AFFA-nın büdcəsi elə neft pullarına əsasən formalaşır, Premyer Liqanın adını rahatlıqla Açıq Neft Birinciliyi də qoymaq olar. Problem ondadır ki, “Qarabağ"la “Qəbələ" də burada “gəmidə oturub gəmiçi ilə dava etmək" təsiri bağışlayır. Neçə ildir hegemonluğu ələ alıblar. Və belə gedəcəyi halda vəziyyət həqiqətən də ürəkaçan olmayacaq. 
Futbol klublarımız indiyədək rentabelli olmayıblar. Hər hansı iş adamı və ya şirkət klubu himayəsinə götürübsə, bir müddət sonra sevdasından əl çəkib. Səbəbi də həmin o zəhrimar rentabelli olmamaqdadır. Dünya futbol infrastrukturu bir neçə mühüm amil üzərində qurulur ki, komandaların gəlirləri məhz buradan formalaşır.

 

İlk növbədə sponsorlardan gələn gəlir. Komandaların formalarındakı yazılar buna adi nümunədir. Dünyanın aparıcı klublarının formalarında öz şirkətinin adını yazdırmaq istəyənlər mövsüm ərzində 10 mil-yonlarla avrolarından keçməyə hazırdırlar.

 

Əgər sponsordan danışırıqsa, ikinci növbədə elə reklamları demək olar. Meydanın kənarında reklam bannerlərinin yerləşdirilməsi də klub xəzinəsinə külli miqdarda daxilolmalara gətirib çıxarır. Özü də klublar bu məsələdə əllərini ağdan qaraya da vurmurlar. Hər federasiya mövsüm ərzində bu hüquqları özü klublardan əldə edir və reklamçılara satır. Klubların qazancı isə mövsümün sonunda əldə olunan nəticələrə görə dəyişir.
Teleyayım bu gəlirlərdən ən üstünüdür desəm, yəqin yanılmaram. Burada ağlagəlməz məbləğlər cərəyan edir. Çox uzağa getməyək. Daha doğrusu, çox uzağa gedək. Haradasa 20 il əvvəlin söhbətidir. Məşhur ESPN telekanalı ilə Amerika futbolunun finalında reklam qiymətləri açıqlanmışdı. 1 spotun qiyməti (spot 30 saniyəlik reklam çarxıdır - A.B.) 2.500.000 dollar (!). Təsəvvür edirsiniz bu nə deməkdir? İngiltərə Premyer Liqasının yayım hüququnun son 3 illik müqavilə qiyməti 4 milyard funt-sterlinqdən artıqdır. Bu isə Azərbaycanın illik büdcəsinin yarısından çoxdur. 

 

Sözsüz ki, komandanın çıxışı onun auditoriyasına da təsir edir. Yaxşı oynayan komandanın oyununa azarkeşlərin gəlməsində qeyri-adi nəsə tapmaq olmaz. Belədə tələb təklifi üstələyir. Klubların bilet qiymətini artırmasını da azarkeşlər adi qəbul edirlər. Çünki əmindirlər ki, verdikləri artıq 3-5 dollar və ya avro klubun mənafeyi naminə düzgün xərclənəcək. Ən azı daha səviyyəli oyunçular transfer ediləcək və komanda daha yaxşı çıxış edəcək.

 

Transfer siyasəti marketinqin ayrılmaz hissəsidir. Kim desə ki, “Barselona" fanşopunda Umtitinin forması Messininkindən, “Real"da Vaskesin maykası Ronaldonunkundan, “Yuventus"da Netonun qapıçı geyimi Buffonunkundan bahadır, inanmayın. Bu, mümkün olası şey deyil. Odur ki, hər oyunçu transferi zamanı marketinq şöbəsi mümkün bazarı analiz etməmiş olmur. Əslində ulduzlar üçün bu bazarın analizinə heç ehtiyac yoxdur.

 

Bəs, bizdə vəziyyət necədir? İlk növbədə sponsorların yardımı. Bizdə “böyük beşlik"dən işləyəni elə budur. O da təmənnasız. Sponsor sanki bu pulları göyə sovurur. Onsuz da bunun əvəzini milli futbolumuzda görmək mümkün deyil. Pul da qurtaran kimi sponsor və ya iş adamı geri çəkilir. “Ziyanın yarısı" məsəli. 
Reklam məsələsi. Bizdə bu məsələ yox səviyyəsindədir. Bütün oyun boyunca ancaq meydan sahiblərinə yaxınların və çempionatın sponsorunun reklamları olur. “Qarabağ"da da belədir, “Qəbələ"də də, “Neftçi"də də və s. Belə olan halda hansı reklam gəlirindən danışmaq olar?

 

Teleyayım məsələsi. Ölkə çempionatımızın yayım hüququ CBC-Sporta məxsusdur. CBC-Sportun təsisçilərindən biri elə SOCAR-ın özüdür. Burada teleyayıma görə telekanalın PFL-ə və ya dolayısı ilə klublara pul verdiyinə inanmaq çətindir. Əslində elə klubların ayaq üstə qalması üçün neft pulları onlara da qahmar çıxır. İndiyədək hansısa komandanın oyununa azarkeşlər bilet alıb girirsə, bu, super sayılır. Düzdü, 10-12 il əvvəl futbolumuzun renessansında komandalar bilet və abunə kartları satırdılar. Bundan da az-çox qazanc əldə olunurdu. Amma indi bu da yox səviyyəsindədir. İndinin özündə istənilən klub rəsmisi oyunlara bilet istəyən tanışların zənglərindən təngə gəlmədiyini desə, buna da inanmayın.

 

O ki qaldı fanşopa. Burada da vəziyyət ürəkaçan deyil. Bu yaxınlarda mənə “təmiz” top lazım idi. Düşündüm ki, onu ən yaxşı halda elə AFFA-nın fahşopundan ala bilərəm. Məlum oldu ki, AFFA-nın fanşopu var, amma orada top satılmır. Bu hələ ölkənin futbol siyasətini müəyyənləşdirən ali qurumun vəziyyətidir. Gör, indi klublarda vəziyyət necədir.

 

İndi gələk yazının əvvəlindəki kapitalizmə. Varlıların varlanması, kasıbların bir qədər də kasıblaşması. “Qarabağ" və “Qəbələ" bu və digər səbəblərdən bu “krizis"dən yandır. Kim necə istəyir elə başa düşünsün. Ona görə də onlar transfer bazarında da istədiyini edirlər. Premyer Liqanın əsasnaməsinə görə oyun zamanı əsas heyətdə ən azı 1 futbolçu 21 yaşadək olmalıdır. 18 nəfərdən ibarət protokolda isə 1998-ci il doğumlu bir oyunçunun adı göstərilməlidir. Təsəvvür edin, Allah eləməsin oyunun əvvəlində heyətdəki gənc oyunçu zədələnib meydanı tərk etməli olsun. Onun əvəzinə meydana özündən böyük futbolçu girə bilməz. Əgər ehtiyatda 21 yaşadək oyunçu yoxdursa, onda ümid qalacaq 1998-ci il doğumluya. Təsəvvür edin, əgər həmin oyunçu qapıçıdırsa, bir dəqiqəyə ikiqat dəyişiklik olmalıdır. Bu da məşqçinin planlarını alt-üst edir. Yaxşı vəziyyət həmişə var. Ona görə pisi göz önünə gətiririk. Birdən həmin oyunçunun zədəsi uzunmüddətli oldu. Onun həmyaşıdı kimi heyətə dəvət edilmiş daha bir 21 yaşlı isə bir neçə oyunluq cəzalandırıldı. Onda necə olacaq? Bu vəziyyət ona gətirir ki, komanda mövsüm ərzində heç olmasa 21 yaşlı 4, 18 yaşlı isə 2 futbolçu sifariş etməlidir. Bu da edir müvafiq olaraq azı 32 və 16 oyunçu.

 

İndi görək 8 komanda üçün o qədər oyunçu varmı? Məncə kəmiyyətə görə tapılar. Keyfiyyəti isə iki böyük Q, yəni, “Qarabağ” və “Qəbələ” ələ keçirəcək. AFFA bir neçə il əvvəl gənc futbolçulara illik müqavilənin 50 min manatdan artıq olmaması ilə bağlı qərar qəbul eləmişdi. Amma uzun müddət ikili müqavilə ilə işləyən komandalar buna da çarə tapmamış olmazlar. Nəticədə necə olacaq? Ən yaxşılar ilk növbədə gedəcək “Qarabağ"a - həm titula, həm də ən əsası Bakı amilinə görə. Sonra isə “Qəbələ". Qalanları da kim nə tapdı. Bax, bütün problemlər bundan sonra başlayacaq.

 

Əslində, vəziyyət necə olmalı idi? 12 il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Futbolun İnkişafına Dair Dövlət Proqramı"nı imzaladı. Proqramda hər şey bütün nöqtə vergülünə kimi göstərilmişdi. Bundan “ruhlanan" bütün iş adamları hərəyə bir klub götürərək tez-bazar nəticə əldə etmək qərarına gəldilər. Dərhal çempion olmaqla sanki “baxın, cənab Prezident, Sizin proqramınızı həyata keçiririk" demək istəyirdilər. Amma orada ən böyük nüans yaddan çıxdı. Bu gün 21 yaşında bəlkə də çarəsizlikdən əsas komandaya buraxılan oyunçular o vaxt 9 yaşında idilər. O vaxt onlarla işləmək lazım idi. Eyib etməzdi, çempion olma, birinci dəstədə yarış. Amma uşaq futbolunu inkişaf elətdir. “Xəzər Lənkəran" Oqtay Dərəlioğlunu transfer etdi, komanda çempion ola bilmədi. Bir ara Öküz Hakanın da gətiriləcəyi bildirilirdi. Alınmadı. Axırı məlumdur. Cənub bölgəsinin bir təmsilçisi belə yarışlarda yoxdur. Halbuki oranın çılğın azarkeşlərinin səsi hələ də qulaqlardadır. 

 

Ataların yaxşı sözü var: Sərçədən yapış, qaranquş gəldi-gedərdi. Bunu dəfələrlə demişəm. Və indi də deyirəm ki, hələ də gec deyil. Heç olmasa, 10 il sonrakı futbolumuzu düşünək. Futbolçu yetişdirək, onları ölkədən çıxaraq, lap elə qovaq. Yoxsa, xaricdən özümüzküləşdirdiklərimizdən bir şey çıxmayacaq. Belə kiçik görünür. Amma böyük şeydir. 

 

Asif BAĞIROV, “Het-trik news” qəzeti

Tarix
12.06.17 [14:15]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 İyul
23 İyul 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio