Çingiz Abdullayev Pesalli haqda: "Dünyada yaxşı insanların sayı bir nəfər də azaldı"

17:54 13 İyun 2017

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev dünən avtomobil qəzasında faciəvi şəkildə vəfat edən Jonas Pesallinin vəfati ilə əlaqədar paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, o, futbolçunun vəfatı ilə əlaqədar təəsüfləndiyini bildirib:

 

“Müqəddəratımızın öncədən həll olunması mənə xoş gəlmir. Biz taleyimizin yazıldığı musiqi valı və ya maqnitofon lenti deyilik. İnsan seçimini özü etməlidir. Amma bəzən adam səhv edir. Ötən il komandamıza gələn braziliyalı yarımmüdafiəçi Jonas Pessalli öz oyunu ilə yadda qaldı. O, ölkə kubokunun 1/4 finalında “Zirə”yə 3 qol vurmuşdu. Pessalli feysbuk səhifəsindəki şərhləri ilə şəhərimiz, klubumuz və azarkeşlərimizə heyranlığını bildirmişdi. Yaxşı, mehriban gənc idi. Qış fasiləsində ona yeni müqavilə təklif etdik. Özü də Bakıda qalmağı çox istəyirdi. Lakin həyat yoldaşı Pessallini 5 ildi uzaq düşdüyü Braziliyaya qayıtmağa məcbur edirdi və onlar getdilər. 


Vidalaşanda “hələlik” demişdi, sanki Bakıya nə vaxtsa qayıdacağına əmin idi. İki gün öncə avtomobil qəzasında dünyasını dəyişib. Cəmi 26 yaşı var idi. Bəziləri bunu qismət adlandırırlar, bəlkə də elədi. İstənilən halda, bir gəncin dünyasını dəyişməsi üzücüdü. Dünyada yaxşı insanların sayı bir nəfər də azaldı. Bu cür hadisələr kənardan taleyin acı zarafatı kimi görünür. Bəlkə həqiqətən də, müqəddəratımız öncədən təyin olunub və biz bunun qarşısında acizik?”.  


Xəbər xətti