Futbolda qaydalar dəyişir? - İnqilabi təkliflər

20:14 18 İyun 2017

Futbol Assosiasiyaları Beynəlxalq Şurası (İFAB) dünyanın bir nömrəli idman növü ilə bağlı bir sıra radikal dəyişikliklər etməyi müzakirəyə çıxarmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, əsas təkliflərdən biri matçların 90 dəqiqədən 60 dəqiqəyə endirilməsi ilə bağlıdı. Bundan əlavə, korner və cərimə zərbəsini yerinə yetirən oyunçuların ötürmə vermədən topu birbaşa özünün oyuna daxil etməsi də müzakirəyə çıxarılacaq.

 

Bu barədə ABŞ mətbuatına danışan İFAB direktoru David Elleray "Times"a açıqlamasında məlumat verib. O, futbol meydanlarında inqilabi dəyişikləri nəzərdə tutan bir sənəd hazırlandığını və təklif olunanların idarə heyəti tərəfindən dəyərləndiriləcəyini bəyan edib.

 

Gündəmə gətiriləcək maddələr arasında korner və cərimə zərbəsini yerinə yetirən oyunçuların ötürmə etmədən topu oyuna daxil etməsi, cərimə meydançasında qapıçıların geriyə ötürülən topa əllə müdaxiləsinin birbaşa penalti ilə cəzalandırılması, cərimə zərbələri zamanı topun durdurulmasına ehtiyac duymadan hərəkət edərkən də oyuna daxil edilməsi, penaltilər zamanı cərimə meydançasına digər oyunçular daxil olarkən qolun qeydə alınması kimi qayda dəyişiklikləri yer alır.

 

Ən diqqət çəkən məqam isə futbol matçlarının vaxtı ilə bağlıdı. Belə ki, yeni təklifə görə, matçlar 90 dəqiqə yox, 60 dəqiqə oynanılmalıdı. Sadəcə, top oyunda olmadığı dəqiqələr də hesablanacaq və əsas vaxta əlavə olunacaq. Məlum olduğu kimi, hazırda futbolda top oyunda olmadığı dəqiqələrdə vaxt dayandırılmır. Amma yeni ideyaya görə, saniyəölçən top oyunu tərk edən kimi dayandırılmalıdı və yalnız matç bərpa edildiyi halda işə düşməlidi. Bir sözlə, futbolda da hokkey və basketboldakı təcrübədən yararlanmaq qərarına gəliblər.


Xəbər xətti