"Qəbələ"ni necə soydular? - YAZI

21:25 19 İyun 2017

Azərbaycan çempionatının 2016/17 mövsümünün yekunu ilə bağlı silsilə yazılarımızı davam etdiririk. Bu dəfə mövsüm ərzində AFFA-nın Nizam-İntizam Komitəsinin çıxardığı qərarlar haqda məlumat verəcəyik. Hər tur başa çatdıqdan sonra klublar qulaqlarını bu komitənin çıxaracağı qərarlara şəkləyir. Komitə də kiminə az, kiminə çox cəza verir. Bəzən elə tur olur ki, cəmi bir klub simvolik cərimə olunubsa, bəzən bütün klublar komitənin sərt cəza və cərimələri ilə üzləşib. Hansı klublar nizam-intizamı pozduğu üçün daha çox xərcə düşüb? Bu pozuntulara görə AFFA nə qədər “qabağa düşüb”? Hansı turlarda daha çox cərimə tətbiq olunub? Bu yazıda bu suallara cavab tapacağıq.

 

132800 manat cərimə

 

AFFA-nın tənzimləyici funksiyanı yerinə yetirən bu komitəsi mövsümboyu klubların gözünün yaşına baxmadan öz meyarlarına uyğun cərimə və cəzalar tətbiq etdi. Xüsusən “Neftçi”, “Qarabağ” və “Qəbələ” arasında keçirilən oyunlarda daha çox kar əldə edildi. Müqayisə aparsaq görərik ki, ikinci və üçüncü dövrədə klublar daha çox cərimələnib. Ümumilikdə 8 klubdan təkcə premyer-liqa oyunlarına görə ümumilikdə 132800 manat tutulub.

 

NİK “Qəbələ”ni soyub

 

Başa çatan mövsümdə çempionluq mübarizəsi aparan “Qəbələ” hakimlikdən daha çox narazı olan tərəf idi. Əsəblər tarıma çəkildi, emosiyalar yüksək həddə çatdı. Nəticədə çərçivələr aşıldı, etik qaydalar pozuldu və ağır cərimələr qaçılmaz oldu. “Qəbələ” xüsusən “Qarabağ”la oyunlarda və “Kəpəz”lə Gəncədən baş tutan qarşılaşmada bu baxımdan ağır yara aldı. Mövsüm boyunca “qırmızı-qaralar” NİK tərəfindən 57200 (söhbət premyer-liqadan gedir) manat məbləğində cərimələnib. Bu mənada bölgə klubu aşkar fərqlə, ən yaxın “izləyicisini” 3 dəfə qabaqlamaqla “çempion” olub. “Qəbələ” hətta “Zirə”, “Sumqayıt”, AZAL, “Neftçi” və “İnter”in cərimələrinin cəmindən çox “tərləyib”. Klubu ən çox xərcə salan klub rəsmiləri, baş məşqçisi, bəzi futbolçuları və azarkeşləri olub.

 

Çempion “Qarabağ” mövsümün ən az vərəqə alan komandası olsa da, bəzi futbolçularının etik normaları aşmasının güdazına gedib. Heç azarkeşləri də dinc durmayıb. Ağdam klubu başa çatan mövsümdə düz 14000 manat NİK-in qərarına görə cərimə ödəyib.

 

Komitənin “sevimli” klublarından biri də “Kəpəz”dir. Gəncəlilər əsasən ev oyunlarında xərcə düşüb. Klub ümumilikdə 13400 manat cərimə ilə mövsümü başa vurub.

 

Maliyyə problemlərinə görə ölüb-ölüb dirilən “İnter” də yaxasını kənara çəkə bilməyib. Nizam-İntizam Komitəsi klubun ağır vəziyyətdə olmasını nəzərə almayıb, onlara güzəşt etməyib. Belə ki, Bakı klubu 12200 manat cərimələnib.

 

Vaxtilə “Neftçi” komitənin “qaraladığı” klublardan biri sayılırdı. Ancaq bu o vaxtlar idi ki, o zaman “Xəzər Lənkəran” var idi. Hər “Böyük oyun” NİK-in çörəyinə yağ sürtürdü sanki. Cərimə cərimə dalınca gəlirdi. Komitə tez-tez hər iki kluba ağır cəzalar və cərimələr tətbiq edirdi. Ancaq məlum səbəblərdən vəziyyət dəyişib. İndi nə “Xəzər Lənkəran” var, nə də “Neftçi” əvvəlki qılıncının dalı da, qabağı da kəsən klubdur. Çingiz Abdullayevin rəhbərliyi dönəmində daha sakit, sanki bir qədər təvazökar kluba çevrilən “ağ-qaralar” mövsüm boyunca 11600  manat cərimələnib.

 

İndi isə gəldik ən az cərimələnənlərə. Acından günorta duran AZAL-a sanki komitənin yazığı gəlib. “Təyyarəçilər” mövsüm boyunca cəmi 8800 manat cərimə ödəməli olub. “Sumqayıt” ən intizamlılar sırasındadır. Nicat Muxtarov hakimləri təhqir etməsəydi (o buna görə klubu 3200 manat xərcə salıb), “Sumqayıt” NİK tərəfindən ən az cərimələnən klub olardı. NİK-in ən az  cərimələdiyi klub “Zirə” olub. Paytaxtın ucqar qəsəbəsinin adını daşıyan klub 1 mövsüm ərzində sırf premyer-liqadakı olaylara görə cəmi 7600 manatından keçməli olub ki, bu da kifayət qədər kiçik məbləğ hesab oluna bilər.    

 

İndi isə son suala cavab tapmağın vaxtıdır. Aşağıda daha çox cəza və cərimələrin tətbiq olunduğu turlar qeyd olunub:

 

7-ci tur (8000 manat)

 

 

“İnter” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “İnter” klubunun texniki zonasından meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. “Sumqayıt” – AZAL oyununda AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

“Neftçi” – “Kəpəz” görüşündə “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 57-ci və 78-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

 

“Qəbələ” – “Qarabağ” qarşılaşmasının 40 -cı dəqiqələrində “Qəbələ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Qəbələ” azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

 

9-cu tur (9000 manat)

 

 

“Kəpəz” – “İnter” matçında “İnter”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

AZAL – “Zirə” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

“Sumqayıt” – “Qəbələ” görüşündə “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

“Neftçi” – “Qarabağ” qarşılaşmasında meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Katalin Tira dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

 

13-cü tur (10800 manat)

 

 

AZAL – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Adan Koronado ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

“Zirə” – “İnter” oyununda hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunublar. Oyunun 66-cı dəqiqəsində “İnter”in futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

“Kəpəz” – “Neftçi” görüşündə meydan sahibi klub əsasnaməyə uyğun olaraq qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün 1600 manat cərimə olunub.

 

“Qarabağ” – “Qəbələ” qarşılaşmasında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 39-cu dəqiqəsində “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edib. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

 

16-cı tur (8200 manat)

 

 

AZAL – “Qarabağ” matçının 45+3-cü dəqiqəsində AZAL-ın futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

“Qəbələ” – “Neftçi” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və “Neftçi”nin məşqçisi Aleksandr Deriberin texniki zona qaydalarını pozduqlarına görə hər iki məşqçi 1 oyun cəzalanıb, “Qəbələ”nin baş məşqçisi bu halı ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat, “Neftçi” isə 800 manat cərimə olunub.

 

 

“Zirə” – “Kəpəz” matçında “Zirə”nin 5,  “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 28-ci dəqiqəsində “Zirə”nin futbolçusu Sezar Meza Kolli və  oyunun 90+3-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub.

 

19-cu tur (11400 manat)

 

 

“İnter” – “Zirə” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Zirə”nin futbolçusu Anar Nəzirovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

“Sumqayıt” – AZAL görüşündə meydan sahiblərinin baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunub.

 

“Qəbələ” – “Qarabağ” matçında hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klublar 800 manat cərimə olunub. Bundan başqa azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub daha 1600 manat cərimə olunub. Bu azmış kimi “Qəbələ”nin fanatları tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunub.

 

20-ci tur (43200 manat)

 

 

“Qarabağ” – “İnter” matçının 86-cı dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

 

“Kəpəz” – “Qəbələ” oyununun 38-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. Həmin dəqiqədə “Qəbələ”nin futbolçusu Nika Kvekveskiri rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. İlk hissə bitdikdən sonra “Qəbələ”nin rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxs oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulub, klub 8000 manat cərimə olunub. “Qəbələ”nin rəsmi şəxsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulub, klub 8000 manat cərimə olunub. “Qəbələ”nin rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulub, klub 16000 manat cərimə olunub. Nəhayət, bu klubun həkimi  Namiq Hüseynov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, “Qəbələ” daha 4000 manat cərimə olunub.

 

Mərdan Həsənov / Newsport.az


Digər xəbərlər

Xəbər xətti