Sportarena.az
21 Sentyabr 2017

Subaşiç "İnter" üçün “Mladost”un sirrlərini açdı - MÜSAHİBƏ

12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroliqada “İnter”in rəqibi olacaq “Mladost” naməlum komanda təsiri bağışlamamalıdı. Rəqib Serbiya təmsilçisidi ki, indiyə qədər ölkəmizə onlarla serbiyalı futbolçu gəlib-gedib. Hətta aralarında əsas yığmanın formasını geyməyə imkan tapan da olub. Bu, vaxtilə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ”ın şərəfini qorumuş, millidə 40 oyunda meydana çıxaraq 7 qol vurmuş Branimir Subaşiçdi. Apreldə 35 yaşını tamamlayan Banya karyerasının son dövrlərini yaşasa da, son iki ildə Serbiyada top qovub. Deməli, ekspert kimi “İnter”ə verə biləcəyi məsləhət var. Dünən Subaşiçlə əlaqə saxlayıb, bizə lazım olan müəyyən məlumatları aldıq.

 

- Futbolçu karyeranı başa vurmusan, yoxsa oynamaq fikrin var?
- Rəsmən başa vurmasam da, özlüyümdə müəyyən fikrə gəlmişəm. Artıq 35 yaşım var, bundan sonra oynamağın adı yoxdu. Fikrimcə, filmi sona çatdırmağın vaxtıdı. Gənclərə yol açmaq lazımdı. 

 

- Bəs nə işlə məşğul olacaqsan?
- Biznesim var, son illər vaxtımı əsasən ora ayırıram. 

 

- Nə biznesidi? 
- Türkiyədən Serbiyaya mal gətiririk. Şirkət mənə məxsus olsa da, dostumla şərik iş görürük. Təfərrüata varmaq istəmirəm. 

 

- Alınır?
- Pis deyil. Hələ ki yaxşı gedir. Görək, sonrası necə olacaq. 

 

- Futbolda qalmaq istəmirsən?
- Bu dəqiqə yox. Gələcəkdə nə vaxtsa bəlkə ola bilər. Dediyim kimi, bütün diqqətimi biznesə ayırmışam.

 

- Məşqçi, menecer, klub rəsmisi...
- Yox-yox, məşqçi olmayacam, buna milyon faiz əminəm. Həm həvəsim yoxdu, həm də məndə alınmaz. İdman akademiyasının futbolun idarəçiliyi fakültəsini bitirmişəm. Buna görə də nə vaxtsa klubda idarəçi kimi çalışa bilərəm. Bəlkə də menecer oldum. Əlaqələrim var, dostlarım da çoxdu. Ancaq indiki vəziyyətdə bu haqda düşünmürəm. 

 

- Deyəsən, Azərbaycana gəlib-getmirsən.
- Martda gəlmişdim. Bir aya yenə gəlməliyəm. Problem çıxmasa, mütləq gələcəm. 

 

- Bir aya niyə? İki həftədən sonra gəlmək üçün yaxşı fürsət düşüb.
- “Mladost”a görə?

 

- Bəli.
- Bakıdakı oyun ayın neçəsi olacaq?

 

- İyulun 6-da. 
- Yaxşıdı ki. Baş məşqçi Nenad Milovanoviçlə münasibətim yaxşıdı. Onunda danışım, ola bilsin, “Mladost”la eyni təyyarədə gəldim. Hər iki oyunu canlı izləməliyəm. Özümə də çox maraqlıdı. 

 

- “Mladost” demişkən, elə zəng vurmaqda əsas məqsədim də “İnter”in rəqibi haqda müəyyən məlumatlar toplamaqdı.
- Ötən yay təklifə “hə” desəydim, iyulun 6-da Bakıya rəqib qismində gələcəkdim (gülür). Baş məşqçi zəng vurub “Mladost”da oynamağı təklif etmişdi. Amma razılaşmadım. Komanda Belqraddan 4 saatlıq məsafədə yerləşən kənd tipli qəsəbəni təmsil edir. Orda qala bilməzdim. Ona görə də getmədim. Klubun sponsoru baş məşqçinin özü ilə atasıdı. Böyük silah zavodları var, ordan qazanılan pullarla “Mladost”u maliyyələşdirirlər. 

 

- Komanda kimi necə təsir bağışlayırlar?
- Güclü və keçilməz rəqibdi deməzdim. Orta səviyyəli komandadı. Sadəcə, futbolçular öz oyunlarını tapa biliblər. Heyətlərində bir neçə təcrübəli futbolçu var. Hücumları əsasən cinahlardan qururlar. Qapı qarşısına gözlənilməz asmalar, yerlə ötürmələr... Çox sürətli oyunçulara sahibdilər. 

 

- Deməli, “İnter” əsas təhlükəni cinahlardan gözləsin.
- Mütləq. Komanda olaraq yaxşı fiziki hazırlığa və sürətə sahibdilər. Belə deyim, “bic futbol” oynayırlar. 

 

- Uzun illər Azərbaycanda çıxış etmisən. “Mladost”u bizim komandalardan hansına bənzədə bilərsən? 
- Hər komandanın öz oyun üslubu, müsbət və mənfi cəhətləri var. Bənzətmə aparmaq düzgün yanaşma deyil. Üstəlik, “İnter”in indi necə oynadığını bilmirəm. İndidən boğazdan yuxarı danışmağım düzgün olmaz. İlk oyunun ilk hissəsinə baxandan sonra dəqiq proqnoz verə bilərəm. 

 

- “İnter”i son vaxtlar görməmisən, izləməmisən, bunu anladım. “Mladost”u ki tanıyırsan. Elə isə bizimkilərə nə məsləhət verə bilərsən?
- İlk növbədə rəqibə yuxarıdan aşağı baxmamalıdılar. Ola bilər, “Mladost”un avrokubok təcrübəsi yoxdu, Avropada tanınmırlar, Serbiyanın aparıcı komandalarından deyillər. Amma bacarıqlı və nəticə qazanmağı bacaran kollektivdi. “İnter” ilk oyunda səfərdə məğlub olmamalıdı. Bunun üçün rəqibə qarşı sərt, lazım gələndə kobud oynamaq lazımdı. “Mladost”luların topla rahat rəftar etməsinə, hücum qurmasına imkan vermək olmaz. İlk dəqiqələrdən oyunlarını pozmaq lazımdı. Oyunun əvvəlindən istədiklərini etsələr, qarşılarını almaq çətin olacaq. Dediyim kimi, sərt oynamaq mütləqdi. Belədə “Mladost”un futbolçuları əsəbləşəcək, oyundan qopacaqlar. Bakıdakı matç isə “İnter” üçün asan olacaq. İlk ölkə arasındakı saat və iqlim fərqi, ilk oyunun nəticəsi və azarkeş amili sözünü deyəcək. 

 

- Azarkeş amili demişkən, bu baxımdan rəqibdə vəziyyət necədi?
- Azarkeşləri-filan yoxdu. Balaca qəsəbəni təmsil edirlər, orda da hamı öz iş-gücündədi. Məncə, Luçanidə oynamayacaqlar. Ordakı stadionda Avroliqa matçını qəbul etmək üçün şərait yoxdu. Çox güman, “İnter”i Belqradda qəbul edəcəklər. Paytaxtda sevilən iki komanda var: biri “Partizan”, o biri “Srvena Zvezda”. Yəni hansısa məhtəşəm dəstəkdən söhbət gedə bilməz. 

 

- Təhlükəli futbolçuları kim(lər)di?
- Ötənilki heyətdən Saşa Yovanoviçin adını çəkə bilərəm. Olduqca sürətli və ağıllı oyunçudu. Əsasən yarımmüdafiənin cinahlarında çıxış edir və bütün hücumlar onun üzərində qurulur. Hətta Serbiya yığmasının formasını geyməyə də imkan tapıb. "Mladost"un "açar oyunçusu" Yovanoviçdi. Yeni özbək futbolçu alıblar - Qafurov. O da uzun illərdi Serbiyada çıxış edir. "Yavor"un şərəfini qoruyurdu, bir neçə gün əvvəl "Mladost"a keçdi. Olduqca ağıllı futbolçudu. Əla qol ötürmələri verir və uzaqdan həlledici zərbələrə malikdi. Ola bilsin, yenidi, komandaya tam uyğunlaşmayıb. İstənilən halda, bacarıqlı oyunçudu. Hə, bir də Trifunoviç var. Onu da komandaya yeni cəlb ediblər. Yaşlıdı, təcrübəlidi. Vaxtilə "Srvena Zvezda"nın formasını geyib, Qazaxıstanda, Özbəkistanda, Avstraliyada legioner həyatı yaşayıb. Əlinə düşən imkanlardan maksimum yararlanmağı bacarır. Başla əla oynayır, mövqe seçimi də diqqəti çəkir. "İnter"in müdafiəçiləri ona qarşı diqqətli olmalıdı. Bir sözlə, əsas yük bu üç futbolçunun üzərinə düşəcək.

 

- Klubun büdcəsi nə qədərdi?
- Bu haqda dəqiq məlumatım yoxdu. Hər nə qədər çox olsa da, “İnter”in büdcəsinə çatmaz. 

 

- Məsələn, ən çox qazanan futbolçu ayda nə qədər maaş alır?
- Uzağı 2000-2500 avro.

 

- “İnter”in mərhələ adlamaq şansını necə görürsən?
- Dediyim kimi, “İnter” oyuna ciddi yanaşsa, uşaq səhvlərinə yol verməsə, mərhələni adlayacaq. Sadəcə, “Mladost”u ciddiyə alıb, öz oyununu sərgiləmək lazımdı. 

 

- Hansı komandanı dəstəkləyəcəksən?
- (bir qədər düşünür) Necə deyim, necə başa salım? Ürəyimə daha yaxın olan komanda “İnter”di. Zarafat deyil, 6 il Azərbaycanda oynamışam, yığmanın formasını geymişəm. Serbiyada isə vur-tut 2-3 mövsüm çıxış etmişəm. “Güclü olan qalib gəlsin” deyəcəm (gülür). İndiki “İnter”in oynadığı futbol mənə çox maraqlıdı. 
 

Tarix
26.06.17 [12:24]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

21 Sentyabr
20 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio