Ayxan Abbasov: "Rəqibin zəif cəhətlərini bilirik" - MÜSAHİBƏ

21:19 28 İyun 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburqun “Differdanj” klubunu qəbul edəcək “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Futbol üçün darıxmışdıq. Sevindirici haldı ki, avrokuboklara Bakıda başlayırıq. Avrokuboklarda çıxış edən digər komandalarımıza da uğurlar arzulayıram.

 

- Komandada vəziyyət necədi?
- Mövsümün sonunda bir neçə oyunçu komandanı tərk etdi. Ancaq istədiyimiz oyunçuları transfer etmişik. Zədəlimiz yoxdu.

 

- Rəşad Sadiqovun zədəsi necədi?
- Rəşadın vəziyyəti yaxşıdı. Komanda ilə birgə məşq edir.

 

- “Differdanj”la bağlı fikirləriniz maraqlıdı. Bu komandada “ikinci mərtəbədə”də oynayan oyunçular üstünlük təşkil edir.
- Rəqib barədə məlumatımız var. Belə fikir yaranıb ki, guya mən rəqibdən qorxuram. Yox, belə deyil. Sadəcə, komanda 10 ildi avrokuboklarda çıxış edir. Rəqib bizdən təcrübəlidi. Avrokubokda ilk dəfə çıxış edirik. Onlar əsas uzun toplara üstünlük verirlər. Sabah necə oynayacaqlar, bilmirəm. Çalışacağıq ki, avrokuboklarda ilk mövsümümüzü uğurlu keçirək. Lakin avrokuboklarda ilk mövsümümüzü keçirməyimiz bəhanə deyil. Çalışacağıq ki, mərhələni keçək.

 

- Sabahkı oyunda daha çox nədən qorxursuz – komandanın həddən artıq rahat olmasından, yoxsa dizlərinin əsməsindən?
- Belə oyunlardan öncə komandanın üzərində təzyiq çox olur. Çalışırıq ki, komanda nə çox əmin oynasın, nə də rəqibdən çox çəkinsin. Həddən artıq motivasiya komandanın ziyanına ola bilər. Tam əksi də həmçinin. Çalışacağıq ki, oyuna yaxşı köklənək.

 

- Anar Nəzirov komandanın yeni kapitanıdı. Bu işin öhdəsindən gələ biləcək?
- O, ötən mövsümdə də bir neçə oyunda kapitan olmuşdu. Elvin Məmmədov komandadan gedəndən sonra kapitanlıq sarğısını ona verdik. Ümid edirəm ki, Anar kapitan kimi daha yaxşı çıxış edəcək.

 

- Start heyətini müəyyənləşdirmisiz?
- Bir gün öncə heyəti açıqlasam, komanda daxilndə rəqabətə təsir edə bilər. Heyəti demək olar, müəyyənləşdirmişəm. Heyəti rəqibə görə müəyyənləşdirmişik. Yetərincə oyunçumuz var. Sabahkı oyun üçün heyəti müəyyənləşdirmişik.

 

- Bəs oyun sistemini necə? Hücum futbolu oynayacaqsız, yoxsa yenə 5 müdafiəçiylə çıxış edəcəksiz?
- 5 müdafiəçiylə çıxış etmək müdafiə olunmaq deyil. Məsələn, Avropada “Çelsi” də 5 müdafiəçiylə çıxış edir, ancaq hücum futbolu sərgiləyir. Biz isə komandada 2 sistemdən istifadə edəcəyik. Rəqibə uyğun olaraq, 4 və ya 5 müdafiəçili sistemdən istifadə edəcəyik. Sabahkı oyunda 4 müdafiəçili sistemdən, daha doğrusu 4-5-1 taktiki sxemindən istifadə edəcəyik.

 

- Debüt ilinizdə hansı nəticəyə ümid edirsiz?
- Çoxlu transferlər etsək də, bu, bizim üçün Avropada ilk təcrübədi. Çalışacağıq, mümkün qədər irəli gedək. Təkcə mənim yox, komandadakı bir çox oyunçunun avrokubokda ilk təcrübəsi olacaq. “Astra” ilə maraqlanmamışam. Ancaq “Vitorul”la “Astra”nın oyununa baxmışam. Bu videoya da “Vitorul”la oyuna görə baxmışdım. Bildiyiniz kimi, bu komandayla Boluda qarşılaşmışdıq.

 

- İstədyiniz transferlər var?
- İstədiyimiz oyunçuları almışıq. Bu oyunçuların bəzilərini əvvəldən istəyirdik. Ancaq onların klublarıyla müqavilələri var idi. Lakin biz təkcə avrokuboka yox, həm də, çempionata hazırlaşırıq. İstəyərdim bir legioner hücumçu, bir də yerli müdafiəçi transfer edək.

 

- İlk oyunu evdə keçirmək üstünlükdü?
- Adətən, ilk oyunu səfərdə keçirmək daha sərfəli olur. Lakin bizim üçün ilk oyunu evdə keçirmək daha yaxşı oldu. Çünki xaricdə təlim-məşq toplanışındaydıq. Buna görə, ölkəyə qayıdıb, daha sonra yenidən xaricə yollanmağımız daha yaxşıdı.

 

- Çempionatda 8 komandanın çıxış etməsi klublarımızın avrokuboklardakı çıxışına necə təsir edə bilər?
- Düşünmürəm ki, 8 komandalı çempionat mübarizəni zəiflədib. Düzdü, daha çox komandanın olması yaxşı olardı. Ancaq 8 komandalı çempionatın avrpkubooklardakı çıxışımıza təsir edəcəyini düşünmürəm.

 

- Oyun mərkəzdən uzaqda yerləşən stadionda olacaq. Bu amil və oyunun gecə keçirilməsi komandanın azarkeş dəstəyindən məhrum olmasıyla nəticələnməyəcək ki? 
- Biz Zirəni təmsil edirik. Zirə də bura yaxındı. O ki qaldı oyunun gec keçirilməsinə, havanın isti olmasını nəzərə alsaq, bu, normaldı. Düşünürəm ki, sabah yetərincə azarkeş olacaq.

 

- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?
- Qarşıma konkret məqsəd qoyulmayıb. Əsas odu, komanda əzmkar oyun sərgiləsin. İkinci mərhələni keçməsək də, transfer edəcəyik.

 

- Mətbuatda “Differdanj”ın 4 futbolçusunun başqa işdə çalışdığı barədə məlumat yayılmışdı. Hətta onların Bakıya gəlməsiylə bağlı da iş yerlərində bəzi problemlər olmuşdu. Bununla bağlı komanda ilə danışmısız? Bu oyunçularda özünə əminlik yaratmayacaq ki? 
- Bilmirəm, bu məlumat haradan çıxıb. Komandanın ötənilki heyətindən başqa bütün futbolçuları Bakıya gəlib. O ki qaldı komandanın üzvlərinin başqa yerdə çalışmasına, buna fikir bildirmək istəmirəm. Elə təkcə, bizim əvvəllər Lixtenşteyn, San Marino kimi ölkələrin komandalarıyla oyunlarda necə çətinlik çəkdiyimizi hamı bilir. Fikrimcə, rəqib tam peşəkar komandadı.

 

- Rəqibin güclü və zəif cəhətləri nələrdi?
- Rəqib standart vəziyyətlərdə yaxşı oynayır. Bu klub çempion “Dudelanj”la eyni xal topladı. Şəxsi oyunlarda da üstün idi. Yəqin, onların çempionatında top fərqi nəzərə alınırdı ki, yalnız bu cəhətdən geri qaldı. Əlbəttə, rəqibin zəif cəhətləri də var. Bunları da bilirik. Sabahkı oyunda bundan isifadə etməyə çalışacağıq.


Digər xəbərlər

Xəbər xətti