"Zirə" və "İnter" Azərbaycana xallar qazandırdı

12:17 30 İyun 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib.

 

Sportarena.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyini qoruyub. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən ikisi ilk oyununu keçirib. Belə ki, Avroliqada mübarizə aparan "Zirə" doğma meydanda Lüksemburq "Differdanj"ına 2:0 hesabıyla qalib gəlib. “İnter” isə səfərdə Serbiya “Mladost”unu 3:0 hesabıyla darmadağın edib.

 

Bu qələbələr mövqeyimizin dəyişməsinə səbəb olmasa da, ölkəmizin xal ehtiyatını zənginləşdirib. Paytaxt klubları 2017/18 mövsümünə 14.750 xalla başlayan Azərbaycanın reytinqinə əlavə 0.500 xal yazdırmış oldu.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 23-cü pillədəyik. Azərbaycanın hesabında 15.250 reytinq xalı var.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.


Xəbər xətti