Konfederasiyalar Kubokunun ən yaxşıları

21:16 3 İyul 2017

Rusiyada təşkil olunan və ötən gecə başa çatan FİFA Konfederasiyalar Kubokunun ən yaxşıları müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, turnirin ən yaxşı oyunçusu Almaniya yığmasının yarımmüdafiəçisi Yulian Draksler seçilib. PSJ-də (Fransa) çıxış edən futbolçu buna görə "Qızıl top" mükafatına layiq görülüb. O, Konfederasiyalar Kubokunda Bundestimin kapitanı idi.

Çili yığmasının şərəfini qoruyan Klaudio Bravo turnirin ən yaxşı qapıçısı seçilib. İngiltərənin "Mançester Siti" klubunun qolkiperi buna görə "Qızıl əlcək" mükafatına layiq görülüb.

Almaniya yığmasının daha bir üzvü - Timo Verner isə Rusiyada baş tutan Konfederasiyalar Kubokunun bombardiri olub. "Leypsiq"də çıxış edən hücumçu turnirdə 3 qol vurmaqla "Qızıl buts" mükafatını qazanıb.

Maraq üçün qeyd edək ki, Almaniya yığmasının heyətində Lars Ştindl və Leon Qoretska da bu turnirdə 3 qol vurmağa nail oldu. Lakin Vernerin aktivində 2 məhsuldar ötürmə də olduğundan, bu, üstünlük sayılıb.


Digər xəbərlər

Xəbər xətti