Svanadze: "Rahatlaşmaq olmaz" - MÜSAHİBƏ

19:10 5 İyul 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda sabah “Mladost”u qəbul edəcək “İnter”in baş məşqçisi Zaur Svanadze oyunöncəsi mətbuat konfransında jurnalislərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Öncə Azərbaycan xalqına, həmin ailəyə cəbhədə baş vermiş hadisəyə görə başsağlığımı bildirirəm. Oyuna gəldikdə isə, bizim üstünlüyümüz var. Ancaq rəqib Serbiya klubudu. Çətin olacaq. İlk oyundakı hesab aldadıcı ola bilər. Çalışacağıq ki, mərhələni keçək.

 

- İlk oyundakı böyük hesablı qələbə komandanı oyuna kökləməyə mane olmayacaq ki?
- Əlbəttə, 3:0 hesablı qələbə böyük üstünlükdü. Lakin uşaqlar da bilir ki, rahatlaşmaq olmaz. Onlar bilirlər ki, bu oyun bizim üçün çox vacibdi.

 

- Klubla yeni müqavilə nə vaxt bağlayacaqsız?
- Yeni müqavilə artıq hazırdı. Qalır sadəcə, onu imzalamaq. Bəzi oyunçularla da yeni müqavilələr hazırdı.

 

- Skarlatake ilk oyunda cərimə zərbəsindən iki gözəl qol vurdu. Standart vəziyyətlərin üzərində xüsusi hazırlaşmışdız?
- Skarlatake həmişə məşqlərdən sonra bu cür zərbələr üzərində çalışır. Gördüyünüz kimi, insan öz üzərində çalışırsa, bu, öz bəhrəsini verir. Ancaq qeyd etmək istərdim ki, serblər də standart vəziyyətlərdən yaxşı istifadə edir. Onlar fiziki cəhətdən də hazırlıqlıdılar.

 

- Belə söz-söhbət var ki, “İnter” “İnter Arena”nı tərk edəcək...
- Bu barədə nə isə deyə bilmərəm. Hazırda ancaq qarşıdakı oyuna köklənmişik.

 

- Komanda sabahkı oyuna ənənəvi 5-4-1 taktiki düzülüşüylə çıxacaq?
- Bununla bağlı hələ ki, qərar verməmişik.


Digər xəbərlər

Xəbər xətti