Zaur Axundov: “Dalğa Arena”ya köçəcəyik"

11:00 7 İyul 2017

“İnter” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Serbiya “Mladost”u üzərində qazanılan 2:0 hesablı qələbədən sonra jurnalistlər üçün brifinq keçirib.

 

Sportarena.az xəbər verir ki, o, klub ətrafındakı son olaylara münasibət bildirib:

 

- İlk oyundakı hesab bir az arxayınlıq olacağından xəbər verirdi. Siz nə düşünürdünüz?
- Düzdü, qorxurduq ki, birdən ilk oyunun nəticəsinə görə hardasa boşluq verə bilərik, ancaq komanda ilə söhbətimiz oldu. Sevinirəm ki, komandaya lazım olan ruhu verə bildik. Qol buraxmadan qalib gəldik və növbəti mərhələyə adladıq. Bundan istifadə edib bütün futbol ictimaiyyətini təbrik edirəm.

 

- Bu oyuna qədər futbolçular may ayının maaşını almalı idi. Bu məsələ nə yerdə qaldı?
- Bilirsiniz, fikrimiz əsas oyunda idi, demək olar ki, komandada maaş məsələsi haqda söhbət olmadı. Ümumiyyətlə, bu problemlər yoxdu. Hamı razıdı. Ən əsas odu ki, futbolçularımız problemlərə fikir verməyib, lazım olan oyunu göstərdilər.

 

- Futbolçular may ayının maaşını alıb?
- Təbii ki.

 

- Futbolçular sizi alqışladılar, deyəsən, mükafat söz vermişdiz...
- Xeyr, mən sadəcə, qələbə münasibəti ilə komandanı təbrik etdim. Və sözümü də dedim ki, vaxtımız azdı, qarşıdakı oyuna 5 günümüz var.

 

- Baza məsələsi nə yerdə qaldı?
- Baza məsələsi haqda danışmaq bir qədər çətindi. Açığı, bizim üçün də bir az gözlənilməz oldu. “Aqrarkredit bank” bizimlə yeni müqavilə imzalamaq istəmədi. Bilirsiniz ki, Mərdəkanda AFFA-nın nəzdində olan məşq bazası var. Yəqin ki, yaxın günlərdə “Dalğa Arena”ya köçəcəyik.

 

- Oyun formalarının üzərində “Səmayə” yazılması nə ilə bağlıdı?
- Bilirsiniz ki, “Səmayə” futzalda “Araz” klubunu dəstəkləyir. Şirkət bu yaxınlarda “İnter”ə dəstək oldu. Buna görə də Avropa Liqasında formamızın üzərində bu ad yazılacaq. İnşallah, çempionatın startına qədər yeni sponsor tapacağıq.

 

- Səlahət Ağayevin avqustun 1-dən etibarən “Neftçi”yə qayıdacağı deyilir. Bu barədə nə deyə bilərsiz?
- “Neftçi” rəhbərliyinə təşəkkürümüzü bildiririk ki, bizə ağır vəziyyətdə dəstək oldular. Avqustun 1-nə qədər gözləyək, nə qədər irəli getsək, yenə xahiş edərik ki, Ağayev bizə kömək etsin.

 

- Kamran Ağayevin qışda “İnter”ə keçəcəyi deyilir...
- Hər bir komanda istəyər ki, Kamran Ağayev kimi təcrübəli qapıçısı olsun. Amma hələ yanvar ayına qədər vaxt var, o vaxta qədər götür-qoy edəcəyik. Mən bir klub rəhbəri kimi çox istərdim ki, Kamran Ağayev “İnter”in qapıçısı olsun.


Digər xəbərlər

Xəbər xətti