"Belə qələbəni biz də gözləmirdik" - Maksim Medvedev - AÇIQLAMA

07:35 12 İyul 2017

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun müdafiəçisi Maksim Medvedev jurnalistlərə açıqlama verib. Təcrübəli futbolçu 5:0 hesablı qələbəni belə şərh edib:

 

"Belə qələbəni biz də gözləmirdik. Rəqibi analiz edəndə görürdük ki, yaxşı komandadı və topla oynaya bilirlər. Bizə təhlükə yarada biləcək gücdə idilər. Bizim komandada isə bir az çatışmazlıqlar var idi. Əlimizdən gələni etdik ki, qol buraxmayaq. 5 qol vurduq, özümüz də sevinirik. Çünki bunu gözləmirdik. Futboldu, istənilən hesab qeydə alına bilər. Rəqibi yaxşı analiz etmişdik. "Samtredia"nın qapımızda təhlükəli epizodu demək olar olmadı".

 

Medvedev "Qarabağ"ın oyununda problemlərin olduğunu bildirib:

 

"Oyunumuzda problemlər var. Bunu azarkeşlər və siz görməyə bilərsiz. Amma yeni oyunçular və digər amillər var ki, oyunumuz tam oturmayıb. Kompakt deyilik. Gələn oyuna qədər güclənə biləcəyik".

 

Oyunun ilk hissəsində "Qarabağ"ın kapitanı Rəşad Sadıqov zədələnərək meydanı tərk etdi və onun əvəzinə yeni transfer Yakub Jezniçak meydana daxil oldu. Maksim polşalı transferin uğurlu debüt etdiyini söyləyib:

 

"Qapımıza bir o qədər hücum etmədilər. Yakub da etibarlı və səliqəli idi. Rəşadı layiqincə əvəzlədi. Heç kim gözləməzdi ki, kapitanımız zədələnsin. Amma yeni transfer onun yoxluğunda yaxşı oynadı".


Xəbər xətti