Qriqorçuk: "Məncə, düzgün fikirləşmirsiz"

00:35 14 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda evdə “Yagelloniya” ilə heç-heçə edən (1:1) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Pis heç nə baş verməyib. Rəqib güclü, yaxşı təşkilatlanmış komandadı. Bunu bilirdik. İlk dəqiqələrdən üstünlüyü ələ almalı, topa nəzarəti əlimizdə saxlamalı idik. Ancaq əksinə oldu. İlk dəqiqələrdən çoxlu top itirdik. Lakin sonradan uşaqlar üstünlüyü ələ aldı.

 

- Oyun bizim xeyrimizə olmayan hesabla nəticələnə bilərdi. Sizcə, komanda hazır deyil, yoxsa rəqib çox yaxşı oynadı?
- Mən bu suala cavab verdim. Rəqib yaxşı komandadı. Onlar artıq ilk mərhələdə rəsmi oyunlara da çıxıblar. Rəqib yaxşı formadadı. Onların heyətində ciddi dəyişiklik də olmayıb. Bu amilləri nəzərə alsaq, bu gün təəccüblü heç nə baş verməyib. İlk hissədə bir neçə dəfə lazımsız anda top itirdik ki, bu da, komandada əsəbilik yaradırdı.

 

- İlqar Qurbanov ilk hissənin sonlarında sanki artıq meydanda deyildi...
- Onunla bağlı nə baş verdiyini bilmirəm. Onunla danışmamışam. O, əvəzlənməsini istəmişdi, biz də onu əvəzləməyə hazırlaşırdıq. Artıq onu əvəzləyəcək oyunçu da hazırlaşmağa başlamışdı. Bəlkə də, qıcolması tutmuşdu.

 

- Komandanın əvvəllər də fiziki cəhətdən çatdırmadığını görmüşdük. Bu gün də eyni şey təkrarandı. Bunun səbəbi nədi?
- Sizinlə mübahisə etməyəcəm. Ancaq məncə, düzgün fikirləşmirsiz. Çünki, biz həmişə fiziki cəhətdən güclü olmuşuq.

 

- Araz Abdullayev bu gün harda idi?
- Onu sadəcə olaraq, “18”-liyə salmamışdım. Başqa heç nə baş verməyib.

 

- Cavab oyunundan nə gözləyirsiz?
- Çalışacağıq ki, bu günkündən yaxşı oynayaq. Bu gün hər iki komandanın qol vurmaq şansı oldu. Lakin oyun heç-heçə nəticələndi.

 

- Müdafiənin sol cinahı axsayırdı. Bu mövqeyə oyunçu almağı planlaşdırırsız?
- Düzdü, bu gün elə də yaxşı oynamadıq. Lakin bunu bir oyunçunun üzərinə atmaq istəməzdim. Mən həmişəki kimi addım atdım. Ən hazırlıqlı oyunçulara şans verdim. Cavab oyununa cəmi 5 gün vaxtımız var. Həmin oyunda da ən yaxşılara şans verəcəyik. O ki qaldı yeni oyunçuya, bu barədə hələ dəqiq heç nə deyə bilmərəm.


Xəbər xətti