Təmsilçilərimiz qalib gələ bilmədi, Azərbaycan 1 pillə gerilədi

10:16 14 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA klub reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

 

Sportarena.az xəbər verir ki, ölkəmiz siyahıda 1 pillə geriləyib. Ötən gün avrokuboklardakı təmsilçilərimizdən daha ikisi növbəti oyununu keçirdi. 

 

Belə ki, Avroliqada mübarizə aparan "Qəbələ" doğma meydanda Polşa "Yagelloniya"sı ilə 1:1 hesablı bərabərliyə razı oldusa, “Zirə” Rumıniyada “Astra”ya yenildi - 1:3. Nəticədə təmsilçilərmiz mümkün 0.500 xaldan hesabımıza cəmi 0.125 xal yazdıra bildi. Bu isə ölkəmizin klub reytinqində 1 pillə geriləməsinə səbəb olub.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 16.375 xalla 22-ci pillədəyik. Ölkəmizi geridə qoyan isə Kipr oldu. Hər 3 təmsilçisi qələbə qazanan adalıların aktivində 16.425 əmsal var. Bundan başqa Azərbaycandan bir pillə geridə olan Belarusun da xalı bizimkilərlə bərabərləşib. Sadəcə, cari mövsümdə qazanılan xalların çoxluğuna görə üstün olan tərəf ölkəmizdi. 24-cü sırada olan İsveçin 16.225, Bolqarıstanın isə 16.125 xalı var. 

 

Qeyd edək ki, cari mövsümdə klublarımız meydana çıxdığı 8 görüşdə 6 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə yadda qalıblar. 

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti