Ona da Donald deyərlər... - YAZI

13:25 14 İyul 2017

Çoxdan gözlənilən görüş baş tutdu. Amerika Birləşmiş Ştatlarının təzə prezidenti Donald Tramp Rusiyanın böyüyü Vladimir Putinlə üzbəüz salamlaşıb kəlmə kəsdi. Neçə gündür ki, dünyanın irili-xırdalı mediası bu hadisənin bütün detallarını işıqlandırır. Xəbər hissəsini geninə-boluna yayımlayıblar, indi də keçiblər şərh hissəsinə, iki böyük dövlətin rəhbəri nələri müzakirə ediblər, filan sözü niyə belə deyiblər, filan sözün arxasında nə məqsəd dayanır və s.

 

Siyasətlə işim yoxdu, mənimki futboldu. Heyf deyil futbol? Oyundan əvvəl baş hakimə göz ağardırsan ki, filan klubu sıxışdırmasan sənin fitini... “Neftçi"nin futbolçusu maşınla adam vurub öldürür, qəzanı törədən oyunçunu çağırıb deyirsən ki, qardaş oğlu, get kef elə, günah qəzada öləndədi, ağlı olaydı, sənin maşınının yanından keçməyəydi. Filan klubun azarkeşi meydana alışqan atan kimi göstəriş verirsən, həmin dəliqanlı fanatı 3 il həbs edirlər. Müxbir-filan soruşanda da deyirsən ki, azarkeş cinayət edib, birdən stadionda adam öləydi...

 

Ömür boyu elə bu işlərlə məşğul olmuşam, yoxsa, siyasət belə gəldi, BMT belə getdi, ATƏT-in Minsk Qrupu belə tullandı... Bu istidə Trampla Putinin görüşü barədə yazılanlar və deyilənlərlə də heç maraqlanmaq fikrim yox idi. Yaxın dost-tanış, ağlına inandığım bir-iki yoldaş məni yoldan çıxardı. Kim Çen İnin göyə buraxdığı növbəti raketə and içdilər ki, bəs, ABŞ prezidenti Tramp rusiyalı həmkarı ilə dünyanın bütün kəllə-mayallaq işlərini müzakirə edəndən sonra ağ gilasla çay içə-içə Azərbaycan futbolundan danışıblar.

 

Guya Tramp deyib ki, işlər belə getsə, “Zirə" dünya çempionatının finalında Almaniyanı da məğlub edə bilər. Putin də özünəməxsus şəkildə qımışaraq “Alə, həri" deyib. Amerikanın təzə prezidenti də az bilmir, ona da Donald deyərlər, Putini çox qımışmağa qoymayıb, futbolumuzdakı xırda-para, kənardan o qədər də gözə çarpmayan nöqsanlarından da bir-iki kəlmə danışıb. Guya deyib ki, SOCAR heç düz eləmir, ayrıseçkilik salır, Premyer Liqadakı 8 komandadan cəmi 6-nı maliyyələşdirir. Ucdantutma hamısını maliyyələşdirsə, neft ucuzlaşacaq, yoxsa qaz tükənəcək? Qaz demişkən, guya Tramp onu da deyib ki, eşitmişəm Azərbaycan futboluna pul qoymaq fikrində olan iş adamlarını kimlərsə qaz kimi yolub buraxır.

 

ABŞ prezidenti Putindən Tahir Süleymanovu da xəbər alıb. Soruşub ki, “Xalq komandası"nın keçmiş vitse-prezidentinin səsi-sorağı niyə gəlmir, bir ara ağzından od tökülürdü... Guya Putin də deyib ki, qaqa, bu istidə heç kimi qınamalı deyil, yoldaş Süleymanovun indi səsi gəlmir, eybi yox, yəqin payız aylarında danışar, onsuz da Bakıda cücəni payızda saymağa öyrəşiblər. Trampla Putinin ilk görüşündən artıq neçə gün ötüb, amma hələ də özümə gələ bilmirəm. Öz-özümə fikirləşirəm ki, sağ olsun, Tramp bizim futbolla necə də yaxından maraqlanır. Ona da Donald deyərlər, yəqin “Rəvan"ı, “Şərurspor"u tanıyır, “Səbail"in fanatıdı. Bir yandan da narahatam. Deyirəm ki, üç aylıq fasilədən sonra Premyer Liqamız başlayanda Tramp birdən mindi öz təyyarəsinə, uçub gəldi bizim binanın yanındakı marketin qabağında qondu yerə. “Səbail"in oyununa baxmaq üçün oradan da piyada getdi “Bayıl Arena"ya. Stadion bomboş olsa, o boyda kişinin yanında biabır olarıq ki...

 

Etibar CƏBRAYILOĞLU “Het-trik news”


Digər xəbərlər

Xəbər xətti