Fariz Nəcəfov: "Büdcə normallaşacaq və klub öz stadionunu tikib bitirəcək"

14:50 14 İyul 2017

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Polşanın “Yagelloniya” klubu ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə dəyərləndirib:

 

- Gözlənilməz oldu. Rəqibə sərf edən nəticədi. Əvvəlcədən də bilirdik ki, komandamız hələ tam hazır deyil. Yeni oyunçularımız olduğu üçün yaxşı hazırlaşa bilmədik. Hələlik, bu hesab rəqibə sərf edir, ancaq hər şey cavab oyunundan sonra bilinəcək.

 

- Yeni transferlərin çıxışından razı qaldız?
- Tam olmasa da, demək olar ki, razıyam. Hələ hazır deyillər.

- Hər il komanda yenilənir və tamam fərqli oyunçular alınır. Olmazmı ki, vahid sistem və onurğa komanda qurulsun, yeni gələnlər də əlavə edilsin?
- Bizim fərqimiz var. “Qarabağ” şəhərdədi, onlarda uyğunlaşma rahat gedir. Biz isə əyalət komandasıyıq. Gəlirlər və bir ildən artıq qala bilmirlər. Həm də onların sistemi fərqlidi. Bizdə büdcə də çox deyil. Məsələn Kvekveskiri özünü göstərəndən sonra üçqat maaş istədi, biz də onu saxlaya bilmədik. Ona görə də bizim üçün futbolçunu saxlamaq çətindi. Heç bir oyunçunu səbəbsiz yollamamışıq. Biz də istəyərik ki, komandamız daim sabit heyətlə çıxış etsin.

 

- Cavab oyununda “Qəbələ”yə nə kömək edə bilər?
- Həmişə nəyə gücümüz çatırsa, onun maksimumunu etməyə çalışırıq. Bu komandanı keçəcək gücdəyik. Ümid edirəm, buna nail olacağıq.

 

- Cavab matçı üçün səfərə 4 gün öncədən getməyi planlaşdırırsız?
- Bəli. Çünki çarter ilə getməyə büdcəmiz çatmır. İki gün əvvəl də gedəndə komanda yorğun olur. Ona görə reyslər elədi ki, məcbur 4 gün əvvəl çıxmalıyıq.

 

- Mərhələni keçə bilməsəz, aldığınız bu qədər legionerə boşuna pul xərcləmiş olacaqsız. Çünki onları çempionatda da oynatmaq mümkün olmayacaq...
- Komandanı ancaq Avroliqa üçün qurmamışıq. Daimi heyət yaratmağa çalışırıq.

 

- Klub rəhbərliyi burda idi, onların fikri necə oldu?
- Danışmaq imkanım olmadı. Hər halda onlar da mənim kimi düşünürlər ki, daha artığını gözləyirdik, ancaq alınmadı.
 

- “Qəbələ” nə vaxta qədər ev oyunlarını Bakıda keçirəcək?
- O vaxta kimi ki, büdcə normallaşacaq və klub öz stadionunu tikib bitirəcək.

- Avroliqadakı uğurlu çıxış həm də büdcəni zənginləşdirir. Mümkün uğursuzluq komandanın taleyinə təsir edə bilərmi?
- Xeyr. Komanda hansısa turnir üçün qurulmayıb. Uğursuzluq olsa da, işimizə davam edəcəyik.


Xəbər xətti