"Astra"nın baş məşqçisi: "Necə oynayacağımızı sabah görəcəksiz"

20:16 19 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Zirə”nin qonağı olacaq “Astra”nın baş məşqçisi Edvard Yordanesku oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, rumıniyalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Bütün fikrimizi sabahkı oyuna cəmləşdirmişik. İlk oyunda 3:1 hesabıyla qalib gəlməyimizə baxmayaraq, hələ heç nəyə aydınlıq gəlməyib. Sabah bizi çətin oyun gözləyir. Biz hələ ki, mərhələni keçməmişik və bunu bilirik. İlk oyunda yaxşı üstünlük qazanmışıq. Ancaq fikrimcə, həmin oyunda daha böyük hesabla qalib gələ bilərdik. Lakin bir çox fürsətdən istifadə edə bilmədik. 3:1 hesabı növbəti mərhələyə çıxdığımıza qarant deyil. “Zirə”nin ilk mərhələdəki oyununu izləmişəm. Belə qənaətə gəldim ki, bu komanda ev oyunlarında daha yaxşı oynayır. Ümid edirəm ki, sabahkı oyuna tam hazır olacağıq.

Biz yeni yaranmış komandayıq. Yayda komandanı 16 futbolçu tərk edib. Bu komanda 6 həftədi yaranıb. Çoxlu gənc oyunçularımız var. Bir çox oyunçu hələ də, komandaya tam uyğunlaşmayıb. Hazırda futbolçular arasında uyğunlaşma prosesi davam edir. Futbolçuların fiziki vəziyyəti də tam ürəyimizcə deyil. Lakin bütün gücümüzü növbəti mərhələyə çıxmaq üçün sərf edəcəyik.

 

- İlk oyunda 3:1 hesabıyla qalib gələn “Astra” sabah müdafiədən oynayacaq?
- Necə oynayacağımızı sabah görəcəksiz. İndidən bir şey deyə bilmərəm. Ancaq onu deyim ki, darıxdırıcı oyundansa, hücum futboluna üstünlük verirəm. Ümumiyyətlə, bizim oyun fəlsəfəmiz hücumameyillidi və bunu yavaş-yavaş komandaya aşılayıram. Təbii ki, sabahkı oyuna üstünlüklə çıxacağıq və bundan istifadə etməyə çalışacağıq.

 

- Keçən oyunda hakimlər briqadası Belarusdan, bu oyunda isə Gürcüstandan olacaq. Bunun oyuna hansısa təsiri olacağını düşünmürsüz ki?
- Hakim təyinatlarını məntiqli sayıram. Buna UEFA qərar verir. Fikrimcə, burda hakim qərəzindən söhbət gedə bilməz. Hakimlərin ədalətli oyun idarə edəcəyinə inanıram.

 

- “Zirə”nin oyunlarını izlədiyinizi dediz. Sizcə, sabahkı oyunda bu komandanın hansı oyunçusu matçın taleyini həll edə bilər?
- Həmişə komandama rəqibin zəif və güclü tərəflərini çatdırmağa çalışıram. “Zirə” ilə oyunda da həmçinin. Bu cəhətdən sabahkı oyuna tam hazırıq. Meydanda öz oyunumuzu sərgiləmək istəyirik. “Zirə”nin heyətində Riçard Qadze, Kerven Belfort, David Manqa, Orxan Əliyev kimi hücumameyilli futbolçular var. Onlar oyunun taleyini həll etməyə qadir oyunçulardı.


Digər xəbərlər

Xəbər xətti