Ayxan Abbasov: "1:3 hesabı da elə də böyük deyil"

20:54 19 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Astra”nı qəbul edəcək “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Bizi çətin oyun gözləyir. Səfər oyununda istəmədiyimiz məğlubiyyətlə üzləşdik. Daha yaxşı nəticəyə ümid edirdik. Gözləmədiyimiz qollar buraxdıq. Lakin bu, birinci 90 dəqiqə idi. Sabah ikinci 90 dəqiqə bizi gözləyir. İnanıram ki, azarkeşlərimizin də köməyilə bunun öhdəsindən gələcəyik.

 

- Komanda bu oyuna psixoloji cəhətdən hazırdı?
- Bizə qol lazımdı. Ancaq ilk dəqiqədən irəli atılmaq da olmaz. İlk qolu vursaq, ikinci qol bizim üçün daha rahat olar. Oyundan sonra uşaqlara dedim ki, iki çətin səfər oyunu keçirdik. Ruhdan düşməməliyik. Bu həftə futbolçularla bir neçə dəfə psixoloji söhbətlər aparmışam. Ümid edirəm ki, yaxşı olacaq.

 

- İlk oyunda “Astra” “Zirə”ni standart vəziyyətlərin hesabına məğlub etdi. Buna çarə tapmısız?
- Futbolda “bacarmıram” söhbəti yoxdu. “Astra” kimi komandalar səhvləri bağışlamır. Standart vəziyyətlərin üzərində çalışmışıq. Yenə çalışırıq, səhvlərimizi görmüşük, çalışacağıq ki, bu səhvlər təkrarlanmasın.

 

- Cavab oyununda taktiki dəyişikliklər olacaq?
- Artıq rəqibi daha yaxşı tanıyırıq. Ötən mövsümdən sonra rəqibdə ciddi dəyişikliklər olmuşdu. Düzdü, rəqibin yoxlama oyunlarını izləmişdik. Lakin bununla yaxşı nəticə əldə etmək mümkün deyildi. İndi isə onların oyununa bələdik. Ölkə çempionatında da oyun keçiriblər. Bu matçı da izləmişik. Artıq rəqibin zəif və güclü cəhətlərini bilirik.

 

- Start heyətini müəyyənləşdirmisiz?
- Bəli, müəyyənləşdirmişəm. İki gündü həmin heyətlə məşq edirik.

 

- “Zirə”nin əsas missiyasını yerinə yetirdiyini demək olar. “Astra” ilə cavab oyununda 2 top fərqli məğlubiyyətin əvəzini çıxmağı real sayırsız, yoxsa sizin üçün əsas ölkə reytinqinə xal qazandırmaqdı?
- “Astra” yaxşı komandadı. “Differdanj” barədə də belə demişdim. Bunu Bakıdakı oyunda da görmüşdük. Lakin “Astra” keçilməyəcək rəqib deyil. İlk oyun da göstərdi ki, bu komanda ilə oynamaq olar. 1:3 hesabı da elə də böyük deyil. Məncə, mərhələni keçməyə gücümüz çatar.


Xəbər xətti